Məhkəmə qərarları › İş №3(089)-30/2023

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-30/2023

28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-30/2023 28.03.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, tərcüməçi X2 iştirakı ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs-xx xxxxxx 1989-cü il tarixdə Türkiyə Respublikasının Urfa şəhəri, Haliliye rayonunun Denizci kəndində doğulmuş, Türkiyə Respublikasının vətəndaşı, evli, sürücü işləyən, Türkiyə Respublikasının Urfa şəhəri, Haliliye rayonunun Denizci kəndində yaşayan-barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 480-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində 15 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, o, 08 mart 2023-cü il tarixdə İran İslam Respublikasından gələrək Naxçıvan Muxtar Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına “quru süd yükü” apararkən hərəkətləri şübhə doğurduğundan idarə etdiyi 33ACD584/33AKL512 dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsinə yoxlama keçirilmiş, yoxlama zamanı yük nəqliyyat vasitəsinin dartıcı hissəsinin müxtəlif yerlərində-idarəetmə panelinin içərisində, kabinin divarlarında, istilik sisteminin borusunda, əşya dolabının altında gizlədilmiş, ümumilikdə 293 qutu (5860 ədəd) aksiz markası ilə markalanmayan “Oscar” markalı və 160 qutu (3200 ədəd) İİR-in aksiz markası ilə markalanmış “Pallmall” siqaretlər aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsində malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati məsuliyyət müəyyən edilmişdir. Az miqdarda olduqda dedikdə əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmişdir. 15 mart 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət etmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxmışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsində qeyd edilmişdir ki, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə baxılmasının yeri və müddəti barədə vaxtında bildirilmiş, işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid1 izahatında bildirmişdir ki, X6 baş inspektoru vəzifəsində işləyir. 8 mart 2023-cü il tarixdə xidmətdə olmuşdur. Saat 21:45 radələrində X7 vasitəsilə İran İslam Respublikasından Naxçıvan Muxtar Respublikasına gələn, Türkiyə Respublikasının vətəndaşı Şəxs hərəkətləri şübhə doğurduğundan, idarə etdiyi 33ACD584/33AKL512 dövlət qeydiyyat nişanlı, “Mercedes- Benz” markalı yük nəqliyyat vasitəsinə gömrük yoxlaması keçirmək barədə qərara gəlmiş, həmin vaxt gömrük ərazisində olan Şahid2 və Şahid3 hal şahidi kimi dəvət etmişdir. Hal şahidlərinə Şəxs nəqliyyat vasitəsinə gömrük yoxlaması keçirəcəyini, onların da hal şahidi qismində iştirak etmələrini xahiş etmiş, onlar etiraz etməmişlər. Hal şahidlərinə hüquq və vəzifələrini izah etmişdir. Əvvəlcə hal şahidlərinə Şəxs təqdim etmiş, nəqliyyat vasitəsinin onun olduğunu bildirmişdir. Şəxsden nəqliyyat vasitəsində qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmamasını soruşmuş, o, nəqliyyat vasitəsində qadağan olunmuş hər hansı əşya olmadığını bildirmişdir. Nəqliyyat vasitəsinə yoxlama keçirməyə başlamış, yoxlama zamanı yük nəqliyyat vasitəsinin dartıcı hissəsinin müxtəlif yerlərində, idarəetmə panelinin içərisində, kabinin divarlarında, istilik sisteminin borusunda, əşya dolabının altında gizlədilmiş ümumilikdə 293 qutu (5860 ədəd) aksiz markası ilə markalanmayan “Oscar” markalı və 160 qutu (3200 ədəd) İİR-in aksiz markası ilə markalanmış “Pallmall” siqaretləri aşkarlanmış, aşkar olunmuş siqaretlər özü, sürücü Şəxs və 2 hal şahidinin iştirakı ilə götürülmüş, qablaşdırılmış, yoxlamanın nəticələrinə dair yoxlama protokolu tərtib etmiş, özü, sürücü Şəxs və 2 hal şahidi protokolu imzalamışlar. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid3 izahatında bildirmişdir ki, hazırda işsizdir. X3 ərazisində yüklərin nəqliyyat vasitələrinə doldurulub boşaldılmasında fəhləlik edir. 8 mart 2022-ci il tarixdə X6 ərazisində olmuşdur. Vüqar adlı gömrük əməkdaşı onu çağırmış və İrandan gələn bir nəqliyyat vasitəsinə yoxlama keçirəcəyini və onun da orada hal şahidi qismində iştirak etməsini xahiş etmiş, etiraz etməmişdir. Daha sonra onunla birlikdə fəhləlik edən Elmar adlı şəxsi də hal şahidi qismində çağırmış, nəqliyyat vasitəsinə yoxlama keçiriləcək yerə gemişlər. Vüqar müəllim Şəxs təqdim etmiş, nəqliyyat vasitəsinin ona məxsus olduğunu bildirmişdir. Yoxlamadan əvvəl Vüqar müəllim onlara hüquq və vəzifələrini izah etmiş və nəqliyyat vasitəsini yoxlamağa başlamışdır. Yoxlama zamanı yük nəqliyyat vasitəsinin kabinində gizlədilmiş ümumilikdə 453 qutu aksiz markası ilə markalanmayan və İİR-in aksiz markası ilə markalanmış siqaretlər aşkar edilmişdir. Aşkar olunmuş siqaretlər barədə müvafiq sənədlər tərtib edilmiş, sənədləri imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid2 Şahid3 ilə eyni məzmunlu izahat vermişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqinin tapmışdır. İş materillarına əlavə edilmiş 8 marat 2023-cü il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan görünür ki, 8 mart 2023-cü il tarixdə X7 vasitəsilə İran İslam Respublikasından gələrək Naxçıvan Muxtar Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına “quru süd yükü” aparan, Türkiyə Respublikasının vətəndaşı, xx.xx.2022-ci il tarixdə verilmiş U35291051 nömrəli pasportun sahibi, xx.xx.1989-cu il təvəllüdlü Şəxs idarə etdiyi 33ACD584/33AKL512 dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsi postun ərazisində keçən zaman nəqliyyat vasitəsinə yoxlama keçirilmiş, yoxlama zamanı yük nəqliyyat vasitəsinin dartıcı hissəsinin müxtəlif yerlərində, idarəetmə panelinin içərisində, kabinin divarlarında, istilik sisteminin borusunda, əşya dolabının altında gizlədilmiş, ümumilikdə 293 qutu (5860 ədəd) “Oscar” markalı və 160 qutu (3200 ədəd) “Pallmall” markalı siqaretlər aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarının” 2.1.10-cu bəndinə əsasən fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş 200 ədəd siqaret (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər. İş materiallarına əlavə edilmiş 14 mart 2023-cü il tarixli, 272 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş, 293 qutu (5860 ədəd) Oscar” (sılver) markalı və İran İslam Respublikasının aksiz markası ilə markalanmış 160 qutu (3200 ədəd) “Pallmall” markalı siqaretlərin orta bazar qiyməti ilə ümumi dəyəri 543,60 manat müəyyən edilir. O cümlədən bir qutu (20 ədəd) “Pallmall” markalı siqaretin orta bazar qiyməti-1,20 manat, 160 qutu -(1,20 manat x 160) = 192 manat, bir qutu (20 ədəd) “Oscar” (sılver) markalı nazik siqaretin orta bazar qiyməti 1,20 manat, 293 qutu - (1,20 manat x 293) = 351,60 manat müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin qeyd hissəsində qeyd edilmişdir ki, “İnzibati Xətalar Məcəllənin 479-481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməli və inzibati xətanın bilavasitə obyekti olan mallar, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 293 qutu (5860 ədəd) Oscar” (sılver) markalı və 160 qutu (3200 ədəd) “Pallmall” markalı siqaretlər müsadirə edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, nəzərə alır. İnzibati məsuliyyəti ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 293 qutu (5860 ədəd) (1 qutunun topdansatış qiyməti 1,20 manat) aksiz markası ilə markalanmayan “Oscar” markalı və 160 qutu (3200 ədəd) (1 qutunun topdansatış qiyməti 1,20 manat) İİR-in aksiz markası ilə markalanmış “Pallmall” markalı siqaretlər müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar