Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-33/2024 19.07.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, şikayət verən şəxs X7, Nümayəndə, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı X8 iştirakı ilə, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 iyun 2024-cü il tarixli, ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarından X7 tərəfindən verilmiş şikayətə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 11 iyun 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı tərəfindən ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilmiş, o, 1000 manat məbləğində cərimə edilmişdir. X1 Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 iyun 2024-cü il tarixli, ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayət vermiş, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X7 şikayətini onunla əsaslandırmışdır ki, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 iyun 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 1000 manat məbləğində cərimə edilmişdir. Həmin qərarla razılaşmır. Belə ki, onun 28 may 2024-cü il tarixdə Culfa rayonunun Camaldın kənd ərazisindən keçən Əlincə çayından balıq tutması barədə X9 tərəfindən fakt müəyyən edilmişdir. 11 iyun 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarda onun qadağan olunmuş alət və üsullarla balıq ovlaması qeyd edilmişdir. Halbu ki, 28 may 20214-cü il tarixdə Camaldın kəndində Əlincə çayının axıb-axmaması barədə X4 məlumatı olmamışdır. 28 may 20214-cü il tarixdə Camaldın kəndindən Əlincə çayı axmamış, Əlincə çayının suyunun çəkilməsi nəticəsində bəzi hissələrdə kiçik göləklər qalmışdır. Həmin göləklərin quruması nəticəsində balıqlar tələf olmuş, həmin balıqları quşlar və digər heyvanlar yem olaraq aparmışdır. 28 may 2024-cü il tarixdə uşaqları ilə həmin ərazidən keçərkən uşaqlar ölü balıq görmüş və götürmüşlər. Bu zaman Vahid Nəcəfov deyilən şəxs kənardan onları güdmüş, yanlarına gəlmiş, həmin balığın ölü olduğunu görmüşdür. Həmçinin bildirir ki, inzibati xəta haqqında protokol tərtib olunmamış, protokolla tanış edilməmiş, protokola baxılması ilə bağlı inzibati xəta haqqında iş üzrə icraat zamanı qərar qəbul edilərkən dəvət olunmamışdır. Hər hansı vasitə ilə Əlincə çayından balıq tutmamış və belə bir məqsədi olmamışdır. X9 tərəfindən inzibati xəta haqqında iş üzrə toplanmış, əldə edilmiş sübutlar qanunvericiliyin tələblərinə tamamilə ziddir və qanunsuz əldə edilmiş sübutlara əsaslanaraq hər hansı şəxsə inzibati tənbeh tətbiq etmək qanunsuzdur. Azərbaycan Respublikası İXM-nin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. Həmin Məcəllənin 129.1.3-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Məhkəmə iclasında iştirak etmiş ərizəçı H.Ağayev şikayət ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat vermiş, həmçinin izahatında bildirmişdir ki, hərbi qulluqçudur. 28 iyun 2024-cü il tarixdə, saat 14:30 radələrində atasının göstərişi ilə ot biçməyə getmiş, öz oğlu və qardaşının oğlu yanında olmuşdur. Culfa rayonunun Camaldın kəndi ərazisindən keçən Əlincə çayını keçən zaman oğlu çayın kənarında olan ölü balığı görmüş, götürmüş, pişiyə yem olaraq verəcəyini bildirmişdir. Əlincə çayından keçdikdən sonra tanımadığı bir şəxs onlara yaxınlaşmış, ondan balıq tutmasının səbəbini soruşmuş, onu təkrar çayın içərisinə girməyə, foto şəklini çəkməyə məcbur etmişdir. Foto şəkildə olan balıq tutmaq üçün hazırlanmış tor ona məxsus olmamışdır. Toru həmin şəxs maşından gətirmiş, onun yanına qoymuş, onu əlində balıq torun yanında durmağa məcbur etmiş və foto şəkilini çəkmişdir. Tanımadığı şəxs foto şəkil çəkildikdən sonra onu maşına əyləşməyə məcbur etmiş, maşına əyləşmiş, birlikdə Camaldın kənd İƏD üzrə nümayəndəliyinin inzibati binasına getmişlər. Bir neçə saat sonra Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Azər adlı şəxs gəlmiş, akt tərtib etmiş, aktı oxumadan imzalamış, akt ona oxunmamışdır. Ərizəçı H.Ağayev izahatında onu da bildirmişdir ki, təqdim edilən foto şəkillərdə əlində balıq, yanında balıq tutmaq üçün tor olan şəxs, çayın içərisində olan şəxs özüdür. Məhkəmə iclasında iştirak etmiş ərizəçinin nümayəndəsi Ağayev X5 Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı tərəfindən qəbul edilmiş ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarın əsassız olduğunu bildirmiş, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı X11 izahatında bildirmişdr ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 243 saylı, 02 iyun 2017-ci il tarixli qərarı ilə Kür və Araz çayı ilə əlaqəsi olan bütün su hövzələrində 1 may-30 iyun tarixləri arasında balıq və digər su bioresurslarının idman və həvəskar ovu qadağan olunmuşdur. 28 may 2024-cü il tarixdə nazirliyin əməkdaşı Vahid Nəcəfov tərəfindən Əlincə çayı ərazisində keçirilən monitorinq nəticəsində Əlincə çayının Culfa rayonunun Camaldın kəndi ərazisindən keçən hissəsində X7 tərəfindən balıq ovunun edilməsi aşkar edilmiş, hadisə yerində foto şəkillər çəkilmişdir. V.Nəcəfov tərəfindən dəvət edilmiş, Camaldın kənd İƏD üzrə nümayəndəliyinin inzibati binasında onun, Vahid Nəcəfovun, Həsən Ağayevin və icra nümayəndəsi Əli Nəcəfovun iştirakı ilə akt tərtib edilmiş, aktı imzalamışlar. 28 may 2024-cü il tarixdə onun tərəfindən ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, H.Ağayev protokolu imzalamaqdan imtina etmişdir. H.Ağayev barəsində aparılmış inzibati xəta haqqında iş üzrə qərar qəbul edilməsi üçün 11 iyun 20024-cü il tarixdə nazirliyə dəvət edilmiş, o, nazirliyə gəlməmiş, barəsində 11 iyun 2024-cü il tarixdə ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və qərar məlumat üçün H.Ağayevə göndərilmişdir. H.Ağayevin izahatında bildirdiklərini qəbul etmir və qərarın əsaslı olduğunu bildirir və ərizənin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə şikayətçinin, onun nümayəndəsinin və qərarından şikayət verilən orqanın (vəzifəli şəxsin) nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. İş materiallarına əlavə olunmuş, məhkəmə iclasında tədqiq olunmuş 28 may 2024-cü il tarixli, 56 nömrəli aktdan görünür ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı X11, X9, X3 iştirakı ilə Culfa rayonunun Camaldın kəndində akt tərtib edilmiş, aktda qeyd edilmişdir ki, Culfa rayonunun Camaldın kəndinin ərazisindən keçən Əlincə çayının yatağından qadağan olunmuş müddətdə 1 ədəd çay balığını ovlayarkən saxlanıldı, əraziyə baxış keçirilən zaman əl ilə tutduğu aşkar edildi. Vətəndaşa qanunvericiliyin tələbləri izah edildi və 1 ədəd çay balığı maddi sübut kimi götürüldü, şəkillər çəkilərək akta əlavə edildi. 28 may 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X11 tərəfindən X3 barəsində Culfa rayonunun Camaldın kəndi ərazisindən Əlincə çayında qadağan olunmuş müddətdə ov qaydalarını kobud şəkildə pozaraq 1 ədəd çay balığını (Xramulya) ovladığına görə inzibati xəta haqqında protokol tərtib edilmiş, H.Ağayev protokolu imzalamaqdan imtina etmişdir. 11 iyun 2024-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş, 1000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 75-ci maddəsinin İ, İİİ, Vİ və Vİİ bəndlərinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 243 saylı 02 iyun 2017-ci il tarixli qərarının 5-ci bəndinə əsasən Kür və Araz çayı ilə əlaqəsi olan bütün su hövzələrində 1 may-30 iyun tarixləri arasında balıq və digər su bioresurslarının idman və həvəskar ovu qadağandır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, X7 qanunvericiliyin tələblərini pozaraq, qadağan olunmuş müddətdə balıq ovu etmiş, qeyd olunan hal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı tərəfindən aşkar edilmiş, bununla da o, Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmiş, onun barəsində müvafiq protokol tərtib edilmiş, həmin protokol əsasında inzibati xəta haqqında qərar qəbul edilmiş və şikayətçi inzibati qaydada 1000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı şikayət üzrə, yəni barəsində qəbul edilmiş qərarın əsaslı olmaması ilə bağlı sübutetmə yükü də məhz şikayətçinin üzərinə düşür. Şikayətçi tərəfindən isə şikayətini təsdiq edən kifayət qədər mötəbər sübutlar və ya sənədlər məhkəməyə təqdim edilməmişdir. Əksinə inzibati orqanın əməkdaşı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlarla müəyyən olunur ki, H.Ağayev Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, şikayətçi H.Ağayevin şikayətində göstərdikləri özünümüdafiə xarakteri daşımaqla yanaşı gələcəkdə inzibati məsuliyyətdən yayınma məqsədi güdür. Belə ki, şikayətçinin mübahisəli qərarın sübutlar əsasında qəbul edilməməsi ilə bağlı gətirdiyi arqumentlər onun şəxsi mülahizələridir və mötəbər sübut və ya sənədlərə əsaslanmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsini rəhbər tutaraq məhkəmə qərar verdi: Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 iyun 2024-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X7 tərəfindən verilmiş şikayəti təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №3(089)-33/2024
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-33/2024
19.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver