Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-33/2025 03.06.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs-xx.xx.1972-ci il tarixdə Babək rayonunun Qaraxanbəyli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, sürücü işləyən, Babək rayonunun Qaraxanbəyli kəndində yaşayan-barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 480-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində 20 may 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə EP № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, o, 30 aprel 2025-ci il tarixdə saat 23:03-də “Culfa” gömrük postu vasitəsilə Naxçıvan-Bakı istiqamətində “dəmir qırıntısı” yükü ilə daxili daşınma üzrə hərəkət edərkən idarə etdiyi 99JU560/99YH448 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz” markalı yük nəqliyyat vasitəsi gömrük nəzarət xəttində videoçəkiliş aparılmaqla yoxlanılmış, yoxlama zamanı yük nəqliyyat vasitəsinin hava filtrinin içərisində yerləşdirilmiş 10 ədəd üzərində “Qubernatorskaya 1L” markalı Azərbaycan Respublikasına məxsus aksiz markası olan spirtli içkilər aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsində malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati məsuliyyət müəyyən edilmişdir. Az miqdarda olduqda dedikdə əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə iclasında iştirak etmiş Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 480ci maddəsi ilə təqsirli bilmiş, izahatında bildirmişdir ki, təxminən 33 ildir ki, yük nəqliyyat vasitələrinin sürücüsü işləyir. Hadisəyə qədər 99JU560/99YH448 nömrəli Mercedes-Benz markalı yük nəqliyyat vasitəsini etibarnamə əsasında idarə etmişdir. Tarixini dəqiq xatırlamır, 2025-ci ilin aprel ayının sonuna yaxın idarə etdiyi nəqliyyat vasitəsinə Bakı şəhərinə aparması üçün dəmir qırıntısı yükünü yükləmişdir. Yola çıxmamışdan qabaq topdan satış mağazasından 10 ədəd 1L üzərində “Qubernatorskaya” yazısı olan spirtli içki almış və idarə etdiyi nəqliyyat vasitəsinin hava filtirinin içərisinə yerləşdirmişdir. Məqsədi İİR-da olduqları müddətdə istifadə etmək olmuşdur. 30 aprel 2025-ci il tarixdə Bakı şəhərinə getmək üçün Culfa Gömrük postu istiqamətdə yola düşmüş, gömrük postunda sənəd işlərini yekunlaşdırmış, gömrük əməkdaşı ona nəqliyyat vasitəsini yoxlamadan keçməsi üçün X-ray rentgen qurğusundan keçirməyi bildirmişdir. Nəqliyyat vasitəsi rentgen qurğusundan keçdikdən sonra gömrük əməkdaşı nəqliyyat vasitəsini video çəkiliş aparılmaqla yoxlayacağını bildirmişdir. Yoxlama zamanı nəqliyyat vasitəsinin hava filtirinin yerləşdiyi yerdə gizlətdiyi 10 ədəd 1L üzərində “Qubernatorskaya” yazısı olan spirtli içkilər aşkar edilərək götürülmüşdür. Protokol tərtib edilmiş, protokolu imzalamışlar. Hərəkətlərindən peşmandır, ona köməklik edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid2 izahatında bildirmişdir ki, Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postunun inspektoru vəzifəsində çalışır. 30 aprel 2025-ci il tarixində gündəlik iş qrafikinə uyğun olaraq “Culfa” gömrük postunun çıxış istiqamətində yük nəqliyyat vasitələrinin müayinəsi postunda xidmətdə olarkən Baş İdarənin Skanlaşdırma şöbəsinin “Culfa” gömrük postunda xidmət edən əməkdaşları ona zəng etmiş, rentgen yoxlamasından keçən Azərbaycan Respublikasına məxsus 99JU560/99YH448 dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı yük nəqliyyat vasitəsinin hava filtri olan hissəsində şübhəli təsvirlər göründüyünü və həmin yük nəqliyyat vasitəsinə yoxlama keçirilməli olduğunu bildirmişlər. O həmin yük nəqliyyat vasitəsinə yaxınlaşmış və bu zaman sürücünün Azərbaycan Respublikasının vətəndaşı Şəxs olduğu məlum olmuş, həmin yük nəqliyyat vasitəsinə yoxlama keçirmək üçün anbara aparmış, daha sonra yoxlamada iştirak etməsi və yoxlamanı videoçəkiliş vasitəsilə qeydə alması üçün postun əməkdaşı Şahid1 dəvət etmişdir. Şahid1 tərəfindən videoçəkiliş aparılmaqla keçirdiyi yoxlama zamanı yük nəqliyyat vasitəsinin hava filtrinin içərəsində gizlədilmiş halda 10 ədəd üzərində “Qubernatorskaya 1L” yazıları olan Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmış spirtli içkilər aşkar etmiş və araşdırma üçün götürmüşdür. Yoxlama bitdikdən sonra protokol tərtib etmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid1 da Şahid2 ilə eyni məzmunda izahat vermişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi özünün etirafı, şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqinin tapmışdır. İş materiallarına əlavə edilmiş 30 aprel 2025-ci il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan görünür ki, 30 aprel 2025-ci il tarixdə “Culfa” gömrük postu vasitəsilə Naxçıvan-Bakı istiqamətində daxili daşınma üzrə hərəkət edən “dəmir qırıntısı” yükü aparan Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.2018-ci il tarixdə verilmiş C01900841 nömrəli pasportun sahibi, xx.xx.1972-ci il təvəllüdlü Şəxs idarə etdiyi 99JU560/99YH448 dövlət qeydiyat nişanlı, “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsi ətraflı baxış keçirilməsi üçün X-Ray rentgen qurğusuna yoxlamadan keçməyə göndərilmiş, yoxlama zamanı şübhəli təsvirlər aşkar edildiyindən, “Culfa” gömrük postunun böyük inspektoru Şahid1 tərəfindən videoçəkiliş aparılmaqla yoxlama keçirilmiş, yoxlama zamanı həmin yük nəqliyyat vasitəsinin hava filtrinin içərisində yerləşdirilmiş 10 ədəd üzərində “Qubernatorskaya 1L” markalı Azərbaycan Respublikasına məxsus aksiz markası olan spirtli içkilər aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarının” 2.1.10-cu bəndinə əsasən fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 188.1.1-ci maddəsi ilə müəyyən olunmuş aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, hər təqvim ayı ərzində bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün gömrük ərazisinə gətirilən 1,5 litr alkoqollu içki (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər. İş materiallarına əlavə edilmiş X1 tərəfindən verilmiş 12 may 2025-ci il tarixli, NQM 0xx-xx/2025 nömrəli hesabatdan görünür ki, qiymətləndirmə prosesi zamanı Naxçıvan Muxtar Respublikasının ərazisində qanunsuz yolla daxil olmuş spirtli içki məhsullarının “qara bazarda” topdan və pərakəndə satış qiymətləri üzrə araşdırmalar aparılmışdır. Bazar araşdırması zamanı ekspertizaya təqdim olunan məhsullar üzrə keyfiyyət və digər standartlar araşdırma predmetinə daxil edilməmişdir. Ekspertizaya təqdim edilən 10 ədəd üzərində “Qubernatorskaya 1L” yazıları olan Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma ilə nişanlanmış spirtli içkilərin aşkar olunduğu tarixə ayrı-ayrılıqda və ümumilikdə dəyəri aşağıdakı kimidir: “Qubernatorskaya 1L” markalı spirtli içkinin bir ədədinin bazar dəyəri 10 manat, ümumi bazar dəyəri- 10 L (10 ədəd)- 100.00 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin qeyd hissəsində qeyd edilmişdir ki, “İnzibati Xətalar Məcəllənin 479-481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati- Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməli və inzibati xətanın bilavasitə obyekti olan mallar, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 10 ədəd spirtli içki müsadirə edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır. İnzibati məsuliyyəti ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26-cı maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, üzərində “Qubernatorskaya 1L” yazısı olan 10 ədəd (bir ədədinin qiyməti 10 manat) spirtli içki müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №3(089)-33/2025
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-33/2025
03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver