Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-34/2023 28.03.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əmralı oğlu, zərəçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs Əmralı oğlunun-xx xxxxxxxx 1982-ci il tarixdə Culfa rşəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, müvəqqəti işsiz, ünvan 1 ünvanında yaşayan- barəsində Culfa rayon Polis şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs Əmralı oğlu 23 fevral 2023-cü il tarixdə, Culfa şəhəri, M.Əsgərov küçəsində kanalizasiya quyusunun qapağını oğurlamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs Əmralı oğlunun əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, zərəçəkmiş şəxsin nümayəndəsinin, özünün izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Əmralı oğlu törətdiyi əməli etiraf etmiş, izahatında bildirmişdir ki, Culfa şəhərində yaşayır, daimi iş yeri yoxdur. Fəhləlik edir. Yaşadığı M.Seyidov küçəsində kanalizasiya quyuları vardır. Həmin kanalizasiya quyuları torpaqla dolmuş, istifadə edilmir. 23 fevral 2023-cü il tarixdə saat 19 radələrində həmin kanalizasiya quyularının qapaqlarının lazımsız olduğunu düşünmüş, kanlizasiya quyularından birinin çuğun qapağını satmaq barədə qərara gəlmiş, yerindən çıxartmış, əl arabası ilə aparmış, iki gün evin yaxınlığında həyətyanı sahədə saxlamış, sonra əl arabası ilə Culfa şəhərində dəmir yığan Gülsüm adlı şəxsin dəmir yığdığı yerı aparmış, Gülsüm adlı şəxs kanalizasiya qapağını çəkmiş, 40 kq olmuş, qarşılığında ona 8 manat pul vermişdir. Hərəkətlərindən çox peşmandır. Ona köməklik edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş zərər çəkmiş şəxsin nümayəndəsi qismində izahat vermiş Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, təqribən 7 ildir ki, Culfa Rayon Su idarəsində mühəndis vəzifəsində işləyir. Həmçinin Culfa şəhəri üzrə sahə rəisi vəzifəsini icra edir. 24 fevral 2023-cü il tarixdə Culfa şəhəri, M.Seyidov küçəsində kanalizasiya quyularından birinin qapağının yerində olmadığını görmüş, bu barədə Polis Şöbəsinə müraciət etmiş, araşıdrma aparılmış, kanalizasiya quyusunun qapağının Şəxs tərəfindən oğurlanması müəyyən edilmişdir. Məhkəmədən Şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Şahid izahatında bildirmişdir ki, Culfa şəhərində yaşayır, mağaza işləyir. 23 fevral 2023-cü il tarixdə saat 19 radələrində Şəxs əl arabası ilə bir ədəd kanalizasiya quyusu qapağını aparmasının şahidi olmuşdur. Şəxs Əmralı oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, inzibati xəta törətmiş şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidin izahatı və digər sənədlərlə sübuta yetir. İş materiallarına əlavə olunmuş- Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 mart 2023-cü il tarixli, 226 nömrəli rəyində qeyd edilmişdir ki, kanalizasiya xətti quyusunun 61 sm diametri, çuqun materialdan olan 1 ədəd üst qapağının istifadədə olması nəzərə alınmaqla, 2023-cü ilin fevral ayına olan bazar qiyməti təxminən 25 manat müəyyən edilir. Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs Əmralı oğlunun əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, toplanmış sübutlarla təsdiq olunur ki, Şəxs Əmralı oğlu 23 fevral 2023-cü il tarixdə, Culfa şəhəri, M.Seyidov küçəsində kanalizasiya quyusunun qapağını oğurlamışdır. Ona görə də Şəxs Əmralı oğlu həmin maddə ilə təqsirli bilinməli və inzibati qaydada həbs edilməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsində qeyd edilmişdir ki, Cinayət Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, İXM-in 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati tənbeh tədbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs Əmralı oğlunun səmimi peşman olması məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Məsuliyyətini ağırlaşdıran, icraatı rədd edən hallar müəyyən edilməmişdir. Məhkəmə maddi zərərlə bağlı məsələni müzakirə edib, Culfa rayon Polis Şöbəsində saxlanılan bir ədəd 61 sm diametri, çuqun materialdan olan kanalizasiya xətti quyusunun üst qapağı Culfa rayon Su İdarəsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi, həmçinin inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxsə məcburi müalicənin təyin edilməsi məsələləri hakim tərəfindən həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şəxs Əmralı oğlunun inzibati həbsinin əvvəli 28 mart 2023-cü il saat 20:35-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: Şəxs Əmralı oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilsin, o, 23 (iyirmi üç) gün müddətinə inzibati qaydada həbs edilsin. Qərara dərhal icra edilsin. Şəxs Əmralı oğlunun inzibati həbsinin əvvəli 28 mart 2023-cü il tarixdə saat 20:35dən hesablansın. Şəxs Əmralı oğlu həmin müddətdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerində saxlanılsın. Culfa rayon Polis Şöbəsində saxlanılan bir ədəd 61 sm diametri, çuqun materialdan olan 1 ədəd kanalizasiya xətti quyusunun üst qapağı Culfa rayon Su İdarəsinə qaytarılsın Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №3(089)-34/2023
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-34/2023
28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver