Məhkəmə qərarları › İş №3(089)-35/2025

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-35/2025

29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-35/2025 29.05.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsi, hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs:-03 avqust 2001-ci il tarixdə Culfa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, müvəqqəti işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan-barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Culfa Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: Şəxs 08 may 2025-ci il tarixdə, saat 21:00 radələrində Culfa şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən çayxanada işləyən Zərərçəkmiş şəxs fiziki güc tətbiq etmiş, barəsində 29 may 2025-ci il tarixdə tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Culfa rayon Məhkəməsinə göndərilmişdir. Culfa rayon polis şöbəsinin istintaq və təhqiqat qrupunun müstəntiqi, polis kapitanı X3 27 may 2025-ci il tarixli qərarına əsasən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan qərarın surəti Culfa Rayon Polis X1 bölməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməsində özünü təqsirli bilmiş, izahatında bildirmişdir ki, təxminən 10 gün bundan qabaq dostu Osman Bayramov ilə birlikdə Culfa şəhəri, M.Əsgərov küçəsində evə gedən zaman onların qarşısında həmin küçə ilə qonşusu Mənsumə Məmmədova və bacısı Sevil Məmmədova birlikdə getmişlər. Həmin vaxt Mənsumə Məmmədova onlara salam vermiş, daha sonra “xeyr ola bizim arxamızca düşmüsünüz” demiş, dostu da ona “biz sənin arxanca düşməmişik” demiş, o da sağollaşaraq evlərinə getmişdir. 08 may 2025-ci il tarixdə Culfa rayon İcra Hakimiyyətinin qarşısında yerləşən parkda dostu Rəvan İsmayılov ilə birlikdə bir az gəzdikdən sonra Mənsumə Məmmədova ilə bacısı Sevil Məmmədovanın oturduğu oturacağın qarşısındakı oturacaqda oturmuşlar, həmin vaxt Mənsumə Məmmədova ona “sən məni niyə narahat edirsən” demiş, daha sonra onu polisə şikayət edəcəyini bildirmiş, o da ona “hara istəyirsənsə get şikayət et” demiş, həmin gün saat 20:00 radələrində Mənsumə Məmmədovanın qardaşı Zərərçəkmiş şəxs dostu Rəvan İsmayılova zəng etmiş, ona qarşı hədə qorxu gələrək “siz kimsiniz ki, mənim bacılarımın arxasına düşmüsünüz” demiş, o da dostu Rəvan İsmayılova “sən narahat olma evə get mən gedib onun iş yerində söhbət edəcəm” demiş, daha sonra evə getmiş və anası Əfsanə Bayramova ona Mənsumə Məmmədovanın bibisi Zülfiyyə adlı şəxsin Vhatsapp sosial şəbəkəsində ona səs ataraq onun Mənsumə Məmmədovanın arxasınca düşdüyünü və bir daha onu narahat etdiyi halda qardaşı Zərərçəkmiş şəxs onun başını əzəcəyini dediyini bildirmişdir. Evdən çıxmış, Rəvan İsmayılova zəng vurmuş, lakin ona zəng çatmamış, Araz otelin çayxanasına gedərkən yolda Rəsul adlı dostunu görmüş və ona Zərərçəkmiş şəxs ilə söhbət etməyə getdiyini demiş, birlikdə Araz otelinin çayxanasına getmişlər. O Rəsulla birlikdə çayxanaya girmiş və Zərərçəkmiş şəxs söhbət etməyə Mədəniyyət evinin arxa tərəfinə çağırmış, o da çölə çıxdıqdan sonra Mədəniyyət evinin arxasında təxminən 8-9 nəfərə yaxın şəxsləri görmüş və ona “gəl çayxananın içərisində söhbətimizi edək” demişdir. O, Rəsul, Bürhan və Azər adlı şəxs çayxananın içərisinə daxil olmuşlar və çayxananın kolidorunda Zərərçəkmiş şəxs ona “bacılarımı narahat edirsən sənə sonuncu dəfə xəbərdarlıq edirəm” demiş, o da ona “sən də məni yaxşı tanımırsan, get maraqlan mənim necə biri olduğumu bilərsən” demişdir. Həmin vaxt Zərərçəkmiş şəxs “birdə sənin bacılarımın arxasına düşdüyünü eşitməyim” demiş, Rəsul da Bürhana “sən də bacını çölə buraxma ki kimsədə onun arxasına düşməsin” demiş, Zərərçəkmiş şəxs əsəbləşərək Rəsulun sinəsinə yumruqla vurmuş, o da Zərərçəkmiş şəxs üz və baş nahiyyəsinə yumruqla vurmuş, həmin vaxt Azər adlı şəxs Rəsulu çölə çıxarmış və Zərərçəkmiş şəxs da onun arxasınca çölə çıxmış, çayxananın arxa pilləkənində Zərərçəkmiş şəxs əsəbləşmiş, Rəsulun üzərinə gedərək onu yumruqla vurmuş, Rəsul da onu yumruqla vurmuşdur. Zərərçəkmiş şəxs da onun üz nahiyyəsinə yumruqla vuran vaxt o da əsəbləşmiş, onun üz və baş nahiyyəsinə yumruqla vurmuş, daha sonra çayxanada müştərilərdən Rizvan adlı şəxs onları aralamış, oradan çıxıb getmişlər. Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng etmişdir. Oradan çıxıb getdikdən sonra şəhərə getmiş, daha sonra polis əməkdaşları atası Rövşən Bayramova zəng vurmuş, onu izahat vermək üçün Şöbəyə dəvət etmişlər. Hərəkətlərindən peşmandır. Ona köməklik göstərilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Araz otelin çayxanasında ofisiant işlədiyinə görə işlədiyi yer yaşadığı evə uzaqdır. Hər gün günorta evə gedib yemək yeyə bilməmiş, ona görə də ara-sıra birlikdə yaşadığı bacıları 2001-ci il təvəllüdlü X4 və 2008-ci il təvəllüdlü X5 ona günorta yemək gətirmiş və evə qayıtmışlar. Tarixini dəqiq xatırlamır, evə getdikdən sonra bacısı Mənsumə Məmmədova “bacımla sənə yemək gətirib verib qayıdanda Culfa şəhər sakinləri Əhməd adlı şəxs və onun yanında adını bilmədiyim şəxs bizim arxamıza düşərək bizi narahat edirdilər” demiş, daha sonra bacısı “onlara bir daha bizim arxamıza düşərək bizi narahat etməyin deyə” xəbərdar etdiyini bildirmişdir. Bacısına “narahat olma həmin şəxsləri tapıb danışaram, sizi narahat etməzlər” demiş, daha sonra həmin şəxsləri tapa bilmədiyinə görə onlarla gedib bu haqda söhbət edə bilməmişdir. 08 may 2025-ci il tarixdə saat təxminən 16:30 radələrində bacısı Mənsumə Məmmədova və Sevil Məmmədova onun işlədiyi çayxanaya gəlmişlər, onu çağırmışlar. Çölə çıxmış və bacısı ona “bu gün də Sevillə Culfa şəhər İcra Hakimiyyətinin qarşısında yerləşən parkda söhbət etmək üçün oturacaqda oturduq, həmin vaxt bizim oturduğumuz oturacağın qarşısındakı oturacağa həmin Əhməd adlı şəxslə tanımadığım şəxs oturaraq yenə bizi narahat etməyə başladılar” demiş, bacısı Mənsumə Məmmədovanın dediyinə görə Əhməd adlı şəxsə parkda da dəfələrlə onları narahat etməməsi barədə xəbərdarlıq etsə də Əhməd adlı şəxs ona “axşam gəl məhlədə deyəcəm” demiş, bacıları da həmin vaxt parkdan uzaqlaşaraq onun yanına gəlmiş, bu barədə ona məlumat vermişlər. Əhməd adlı şəxsin mobil nömrəsini axtarməş, lakin tapa bilməmişdir. Bacıları bu məsələ barədə evdə dediklərinə görə anası X6 bibisi Zülfiyyə Cəfərovaya olanları danışmış, ona “sən Əhmədin anasını tap ona denən ki, qızlarımı narahat etməsin, yoxsa ataları gədib onun başını əzəcək” demişdir. Təxminən saat 21:00 radələrində o, Araz otelin çayxanasında işdə olan zaman Əhməd, yanında Rəsul və adını tanımadığı iki nəfər şəxs çayxanaya gəlmiş, onu Mədəniyyət evinin arxa tərəfinə söhbət etməyə çağırmışlar. Çölə çıxmış və həmin vaxt Mədəniyyət evinin arxasında təxminən 20 nəfər şəxs olduğunu görmüş, Əhmədgil onu onların arasına aparmaq istəyərkən “ona gəl çayxananın içində söhbət edək” demiş, o da ona “gəl Mədəniyyət evinin arxasında söhbət edək, o gələnlər də hamısı şahid olsun” demişdir. Əhmədin qolundan tutmuş, “gəl gedək çayxananın içərisində söhbətimizi edək” demiş və o da Rəsulla birlikdə çayxananın içərisində kolidora gəlmiş, Əhmədlə söhbət edən zaman and içmiş, “mən başqa cür niyyətlə sənin bacılarının arxasına düşməmişəm” demişdir. Ona xəbərdarlıq etmiş, “bu ikinci olub bir daha sənin bacılarımın arxasına düşərək onları narahat etdiyini görmüyüm” demiş, Əhməd də ona “lap məni onların yanında gördün, nə edəcəksən ki, mənə” demiş, Rəsul da “qoyma çölə çıxsınlar, bizdə narahat etməyək” demişdir. Həmin vaxt əsəbləşərək “sizin kimilərə görə camaat çıxıb çölə gəzməməlidir?” dediyi zaman Əhməd arxa tərəfdən onun qollarını tutaraq saxlamış və Rəsul onun üz nahiyyəsinə üç dəfə yumruqla vurmuş, dostu Azər onları aralaşdırmış və Əhməd həmin vaxt onu arxa tərəfə fırladaraq yıxmaq istəmiş və Rəsulu da dostu Azər çölə çıxarmış, daha sonra o, Rəsulun arxasınca çölə çıxmış və həmin vaxt yenə Əhməd arxadan gələrək onun qollarını tutmuş və Rəsul onun üz nahiyyəsinə bir neçə dəfə yumruqla vurmuş, Əhməd onu yerdə bir neçə metr sürüyərək onun başını çayxananın daş örtüklü pilləkəninin birinci pilləsinə çırpmağa başlamış, həmin vaxt Azər Rəsulu güclə saxlamış və Rəsul onun qarın nahiyyəsinə təpiklə vurarkən Əhməd də başına dəfələrlə yumruqla vurmağa davam etmiş, çayxanada olan müştərilərdən biri, adını bilmədiyi şəxs Əhmədi tutub kənara atmış və onlara “ayıb deyil, iki nəfər düşmüsüz bir nəfərin üstünə” demişdir. Özünə gələn kimi dərhal Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurmuş, döyülməyi barədə məlumat vermiş və dərhal polis əməkdaşları hadisə yerinə gəlmişlər. Əhmədi hərəkətlərinə görə bağışlamır, qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Şahid2 izahatında bildirmişdir ki, Culfa şəhərində yerləşən Araz otelin çayxanasında işləyir. 08 may 2025-ci il tarixdə Əhmədlə Rəsul çayxanaya gəlmişlər, Əhmədlə Bürhan söhbət etmiş, bu zaman Rəsul kənardan xoş olmayan sözlər işlətmiş, daha sonra Bürhan Rəsulun üzərinə getmiş, Rəsul Bürhanı vurmuş, o da onları aralaşdırmışdır. Sonra Rəsul çölə çıxmış, Bürhan da arxasınca çıxmış, çöldə olarkən Əhməd Bürhanı arxadan tutmuş, yerə yıxmış və Bürhanın başı daşa dəymiş, Bürhan yerdə olan zaman Əhməd və Rəsul yenə ona vurmuşlar. Çayxanadakı müştərilərdən biri mübahisəni görmüş, Əhmədlə Bürhanı aralaşdırmış, daha sonra Əhməd və Rəsul getmiş, Bürhan da 102 Polis Xidmətinə zəng etmiş, bir neçə dəqiqə sonra polis əməkdaşları mübahisə olan ünvana gəlmişlər. Əhmədin Bürhanı arxadan yerə yıxmağının, ona vurmağının şahidi olmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və zərər çəkmiş şəxsi, şahidi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarından, məhkəmə tibbi ekspertizasının 09 may 2025-ci il tarixli, 103 saylı rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunmuş xəsarətlər- Burun kökünün, boyun nahiyyəsinin, sol diz oynağının, döş qəfəsin, sağ və sol bazu nahiyyəsinin, sağ qulaq seyvanın sıyrıqları, boyun nahiyyəsinin və sol diz oynağının qançırları bərk küt əşya (əşyalar) təsirindən, eləcə də sillə, yumruq və təpik zərbələri nəticəsində törənmələri mümkündür, müddəti xx.xx.2025-ci il tarixdə əmələ gəlmələri inkar edilmir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əvvəllər inzibati xəta törətməməsini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törətdiyi əməldən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, işin hallarını, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə almaqla, onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiqini kifayət hesab etdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, 300 manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar