Məhkəmə qərarları › İş №3(089)-38/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-38/2024

02.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-38/2024 02.09.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X5 iclas katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2-xx.xx.1983-cü il tarixdə İran İslam Respublikasının Tehran şəhərində doğulmuş, İran İslam Respublikasının vətəndaşı, evli, 1 uşaq atası, orta təhsilli, sürücü işləyən, İran İslam Respublikası, Mərənd şəhərinin Hərzənd kəndində yaşayan-barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 480-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X4 barəsində 16 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə EP № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, o, 05 avqust 2024-cü il tarixdə saat 00:54-də X16 vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasından ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına “kimyəvi maye” yükü apararkən idarə etdiyi 84AA727/84AA728 dövlət qeydiyyat nişanlı, “Scania” markalı yük nəqliyyat vasitəsi gömrük nəzarət xəttində, həmin yük nəqliyyat vasitəsində daşınan yük isə “Culfa” gömrük postunun ərazisində yerləşən anbarda kinoloji xidmət iti tətbiq edilməklə yoxlanılmış, yoxlama zamanı xidməti itin reaksiyası nəticəsində həmin yük nəqliyyat vasitəsinin dartıcısının sol arxa hissəsində yerləşən qara rəngli akkumulyator yuvasının alt hissəsindən və dartıcının ön panelinin sağ və sol hissəsində olan işıqlandırma lampalarının arxasından 150 qutu (3000 ədəd) üzərində “OSCAR” yazısı olan və 40 qutu (800 ədəd) üzərində “CAVALLO” yazısı olmaqla, ümumilikdə 190 qutu (3800 ədəd) Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan siqaretlər aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsində malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati məsuliyyət müəyyən edilmişdir. Az miqdarda olduqda dedikdə əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. X4 19 avqust 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət etmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı olmadan baxmışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsində qeyd edilmişdir ki, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X14 izahatında bildirmişdir ki, hazırda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin Əməliyyat şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışır. 05 avqust 2024-cü il tarixində gündəlik iş qrafikinə uyğun olaraq “Culfa” gömrük postunda xidmətdə olarkən gecə saatlarında gəlmiş, lakin nəqliyyat vasitəsi çox olduğu üçün yoxlaması səhərə saxlanılmış İran İslam Respublikasının vətəndaşı X1 idarə etdiyi 84AA727/84AA728 dövlət qeydiyyat nişanlı, “SCANİA” markalı yük nəqliyyat vasitəsinə nəqliyyat vasitələrinin yoxlanılma ardıcıllığına uyğun olaraq saat 19 radələrində anbarda yoxlama keçirməyə başlamışdır. Əvvəlcə iki nəfər hal şahidi dəvət etmiş, sonra kinolji xidmətin əməkdaşı Nurlanı nəqliyyat vasitəsini xidməti itlə yoxlaması üçün dəvət etmişdir. İlk öncə sürücüdən nəqliyyat vasitəsində qadağan olunmuş nəsə varmı deyə soruşmuş, sürücü isə qadağan olunmuş heç nə olmadığını bildirmişdir. Sonra Nurlan nəqliyyat vasitəsini xidməti itlə yoxlamış və itin nəqliyyat vasitəsinin akkumulyator hissəsinə və ön faralarına reaksiya verdiyini bildirmişdir. Daha sonra o nəqliyyat vasitəsini yoxlamağa başlamış, yoxlama zamanı dartıcının sol arxa hissəsində yerləşən qara rəngli akkumulyator yuvasının alt hissəsindən və dartıcının ön panelinin sağ və sol hissəsində olan işıqlandırma lampalarının arxasından 150 qutu (3000 ədəd) “Oscar” markalı və 40 qutu (800 ədəd) “Cavallo” markalı siqaretlər aşkar etmiş və iştirakçıların yanında qablaşdırıb götürmüşdür. Sonda isə yoxlama barəsində protokol tərtib etmiş və protokolu iştirakçılarla birgə imzalamışlar Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid1 izahatında bildirmişdir ki, müvəqqəti işsizdir, hərdən “Culfa” gömrük postunun ərazisində yük boşaltmağa gedir. 05 avqust 2024-cü il tarixdə X16nun ərazisində yük boşaldan zaman, təxminən saat 19 radələrində gömrük əməkdaşı Novruz yük boşaltdıqları yerə gəlmiş və İrandan gələn bir yük maşınını yoxlayacağını bildirmiş, ondan və onunla birlikdə yük boşaldan Naib adlı şəxsdən hal şahidi qismində iştirak etmələrini xahiş etmiş, etiraz etməmişlər. Gömrük əməkdaşı ilə birgə maşının yoxlanacağı yerə getmişlər. Əvvəlcə sürücünü onlara təqdim etmiş, əvvəlcədən tanıyıb-tanımadıqlarını soruşmuş, onlar da tanımadıqlarını bildirmişlər. Bundan sonra gömrük əməkdaşı nəqliyyat vasitəsini xidməti itlə yoxlamışdır. Nəqliyyat vasitəsi yoxlanılan zaman dartıcının akkumulyatorunun altından blokdan açılmış şəkildə qutu halında siqaretlər aşkar edilmiş, sonra maşının faralarının arxasında gizlədilmiş siqaretlər aşkar edilmişdir. Daha sonra həmin siqaretlər sayılmış, 19 blok olduğu müəyyən edilmişdir. Sonda həmin siqaretlər onların iştirakı ilə gömrük əməkdaşı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Yoxlama barəsində protokol tərtib olunmuş, protokolu imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu izahat vermişdir. X4 tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqinin tapmışdır. İş materillarına əlavə edilmiş 05 avqust 2024-cü il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan görünür ki, 05 avqust 2024-cü il tarixdə X16 vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına “kimyəvi maye” yükü aparan, İran İslam Respublikasının vətəndaşı Mərənd şəhər sakini, xx.xx.2023-cü il tarixdə verilmiş Y62934561 nömrəli pasportun sahibi, xx.xx.1983-cü il təvəllüdlü X2 idarə etdiyi 84AA727/84AA728 dövlət qeydiyyat nişanlı, “Scania” markalı yük nəqliyyat vasitəsinə “Azərterminalkompleks” X10 Dəstəyin Təşkili İdarəsinin Kinoloji fəaliyyətə yardım şöbəsinin instruktor-kinoloqu Şahid3 və iki nəfər hal şahidinin iştirakı ilə yoxlama keçirilmiş, yoxlama zamanı yük nəqliyyat vasitəsinin dartıcısının sol arxa hissəsində yerləşən qara rəngli akkumulyator yuvasının alt hissəsindən və dartıcının ön panelinin sağ və sol hissəsində olan işıqlandırma lampalarının arxasından 150 qutu (3000 ədəd) üzərində “OSCAR” yazısı olan və 40 qutu (800 ədəd) üzərində “CAVALLO” yazısı olmaqla, ümumilikdə 190 qutu (3800 ədəd) Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan siqaretlər aşkarlanmışdır. Azərbaycan Respublikası Nazirlər kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarının” 2.1.10-cu bəndinə əsasən fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş 200 ədəd siqaret (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər. İş materiallarına əlavə edilmiş 16 avqust 2024-cü il tarixli, 904 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş siqaretlərin hadisə baş verən tarixə yəni, 2024-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 239 manat müəyyən edilir. O cümlədən 01 qutu (20 ədəd) “OSCAR” markalı siqaretin orta bazar qiyməti-1,10 manat, 40 qutu-(1,10 manat x 40)= 44,00 (qırx dörd) manat, 01 qutu (20 ədəd) “CAVALLO” markalı siqaretin orta bazar qiyməti 1,30 manat, 150 qutu- (1,30 manat x 150)= 195 (bir yüz doxsan beş) manat müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin qeyd hissəsində qeyd edilmişdir ki, “İnzibati Xətalar Məcəllənin 479-481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, X4 Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməli və inzibati xətanın bilavasitə obyekti olan mallar, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 190 qutu siqaretlər müsadirə edilməlidir. Məhkəmə X3 inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, X2 şəxsiyyətini, onun təqsirinin dərəcəsini, nəzərə alır. İnzibati məsuliyyəti ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26-cı maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmçinin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Odur ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti dövlət büdcəsinə aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan üzərində “CAVALLO” yazısı olan 40 qutu (800 ədəd) (bir qutunun qiyməti 1.30 manat), üzərində “OSCAR” yazısı olan 150 qutu (3000 ədəd) (bir qutunun qiyməti 1.10 manat) siqaretlər müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar