Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-39/2024 06.09.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3-xx.xx.1980-ci il tarixdə İran İslam Respublikasının Mərənd şəhərində doğulmuş, İran İslam Respublikasının vətəndaşı, evli, orta təhsilli, sürücü işləyən, İran İslam Respublikası, Mərənd şəhəri, Mərkid kəndində yaşayan-barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 480-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X6 barəsində 26 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə EP № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, o, 12 avqust 2024-cü il tarixdə saat 04:06-da X12 vasitəsilə İran İslan Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına “ süni və hazır mum ” yükü apararkən idarə etdiyi 91AD870/48AB111 dövlət qeydiyyat nişanlı, “Renault T480” markalı yük nəqliyyat vasitəsi “Tavr” ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə yoxlanılmış, yoxlama zamanı “Tavr” ləqəbli kinoloji xidmət itinin yük nəqliyyat vasitəsinin qoşqusunun alt hissəsində yerləşən elektrik naqillərinin olduğu dəmir boruya vermiş olduğu reaksiya əsasında həmin borunun içərisindəki boşluqdan 140 qutu (2800 ədəd) üzərində “CAVALLO” yazısı olan, Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan siqaretlər aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsində malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati məsuliyyət müəyyən edilmişdir. Az miqdarda olduqda dedikdə əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, 27 avqust 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirakı olmadan baxmışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsində qeyd edilmişdir ki, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid3 izahatında bildirmişdir ki, təxminən 9 ildir ki, gömrük orqanlarında xidmət edir. xx.xx.2024-cü il tarixində gündəlik iş qrafikinə uyğun olaraq “Culfa” gömrük postunda xidmətdə olarkən gömrük əməkdaşı Qaya ona qabaqcadan daxil olmuş əməliyyat məlumatı olduğu üçün İran İslam Respublikasının vətəndaşı X2 idarə etdiyi 91AD870/48AB111 dövlət qeydiyyat nişanlı, “Renault T480” markalı yük nəqliyyat vasitəsinə yoxlama keçirəcəyini və onun da “Tavr” ləqəbli kinoloji xidmət iti vasitəsi ilə yük nəqliyyat vasitəsinin dartıcısının və qoşqusunun ətrafına baxış keçirməsini istəmişdir. Yoxlamada onlardan başqa iki nəfər də hal şahidi iştirak etmişdir. Yoxlama zamanı xidməti it yük nəqliyyat vasitəsinin qoşqusunun alt hissəsində yerləşən elektrik naqillərinin olduğu dəmir borunun içərisindəki boşluğa reaksiya vermişdir. Daha sonra Qaya həmin hissəyə baxış keçirmiş və borunun içərisindəki boşluqdan 140 qutu (2800 ədəd) üzərində “Cavallo” yazısı olan siqaretləri aşkar etmişdir. Yoxlama bitdikdən dərhal sonra yoxlama barəsində protokol tərtib olunmuş, protokolu imzalamışlar. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid2 izahatında bildirmişdir ki, daimi iş yeri yoxdur. X11 postu ərazisində yük nəqliyyat vasitələrindən yük boşaldır. 02 avqust 2024-cü il tarixində “Culfa” gömrük postu ərazisinə yük boşaltmağa getmişdir. Yük boşaltdığı zaman Qaya adlı gömrük əməkdaşı onu və onunla birlikdə yük boşaldan Türbəti çağırmış və İrandan gələn bir İran İslam Respublikasının vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsinə yoxlama keçirəcəyini və onların da orada hal şahidi qismində iştirak etmələrini xahiş etmiş, onlar etiraz etməmişlər. Qaya müəllimlə birlikdə yük-nəqliyyat vasitələrinin müayinə ediləcəyi yerə getmişlər. Qaya müəllim İran İslam Respublikasının vətəndaşı X5 onlara təqdim etmiş, 91AD870/48AB111 dövlət qeydiyyat nişanlı, “Renault T480” markalı yük nəqliyyat vaitəsinin həmin şəxsə məxsus olduğunu bildirmişdir. Qaya müəllim yoxlama zamanı digər bir gömrük əməkdaşı Nurlanın və onun “Tavr" ləqəbli kinoloji xidmət itinin də köməkliyindən istifadə etmişdir. Yoxlama zamanı “Tavr” ləqəbli kinoloji xidmət itinin 91AD870/48AB111 dövlət qeydiyyat nişanlı, “Renault T480” markalı, yük nəqliyyat vasitəsinin qoşqusunun alt hissəsində yerləşən elektrik naqillərinin olduğu dəmir boruya vermiş olduğu reaksiya əsasında həmin boruya baxış keçirilmiş, borunun içərisindəki boşluqdan 140 qutu (2800 ədəd) üzərində “Cavallo” yazısı olan siqaretləri aşkar edilmişdir. Aşkar olunmuş siqaretlər barədə müvafiq sənədlər tərtib edilmiş, sənədləri imzalamışlar. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid1 Şahid2 ilə eyni məzmunda izahat vermişdir. X6 tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqinin tapmışdır. İş materillarına əlavə edilmiş 12 avqust 2024-cü il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan görünür ki, 12 avqust 2024-cü il tarixdə X12 vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına “süni və hazır mum” yükü aparan, İran İslam Respublikasının vətəndaşı, Mərənd şəhər sakini, xx.xx.2023-cü il tarixdə verilmiş T******** nömrəli pasportun sahibi, xx.xx.1980-ci il təvəllüdlü X3 idarə etdiyi 91AD870/48AB111 dövlət qeydiyyat nişanlı, “Renault T480” markalı yük nəqliyyat vasitəsinə “Tavr” ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə gömrük nəzarəti xəttində növbəlilik prinsipi əsasında “ Azərterminalkompleks” X7 Dəstəyin Təşkili İdarəsinin Kinoloji fəaliyyətə yardım şöbəsinin instruktor-kinoloqu Şahid3 və iki nəfər hal şahidinin iştirakı ilə yoxlama keçirilmiş, yoxlama zamanı “Tavr” ləqəbli kinoloji xidmət itinin yük nəqliyyat vasitəsinin qoşqusunun alt hissəsində yerləşən elektrik naqillərinin olduğu dəmir boruya vermiş olduğu reaksiya əsasında həmin borunun içərisindəki boşluqdan 140 qutu (2800 ədəd) üzərində “CAVALLO” yazısı olan, Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan siqaretlər aşkarlanmışdır. Azərbaycan Respublikası Nazirlər kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarının” 2.1.10-cu bəndinə əsasən fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş 200 ədəd siqaret (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər. İş materiallarına əlavə edilmiş 14 avqust 2024-cü il tarixli, 934 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş siqaretlərin hadisə baş verən tarixə yəni, 2024-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 182 (bir yüz səksən iki) manat, o cümlədən 01 qutu (20 ədəd) “CAVALLO” markalı siqaretin orta bazar qiyməti 1,30 manat, 140 qutu- (1,30 x 140)= 182,00 (bir yüz səksən iki) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin qeyd hissəsində qeyd edilmişdir ki, “İnzibati Xətalar Məcəllənin 479-481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, X6 Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməli və inzibati xətanın bilavasitə obyekti olan mallar, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 140 qutu siqaretlər müsadirə edilməlidir. Məhkəmə X4 inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, X3 şəxsiyyətini, onun təqsirinin dərəcəsini, nəzərə alır. İnzibati məsuliyyəti ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26-cı maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmçinin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Odur ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti dövlət büdcəsinə aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan üzərində “CAVALLO” yazısı olan 140 qutu (2800 ədəd) (bir qutunun qiyməti 1.30 manat) siqaretlər müsadirə edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat dövlət büdcəsinə aid edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №3(089)-39/2024
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-39/2024
06.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver