Məhkəmə qərarları › İş №3(089)-4/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-4/2024

31.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-4/2024 31.01.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsi, hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs:-xx xxxx 2003-cü il tarixdə Ordubad rayonunun Der kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, müvəqqəti işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan-barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Culfa Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi Şəxs 21 dekabr 2023-cü il tarixdə, saat 00:15 radələrində Culfa şəhərində, “Qapıcıq Culfa” adlanan kafe tipli restoranda Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zəminində Zərərçəkmiş şəxs sifətindən tutaraq sıxmış, ona fiziki ağrı yetirmişdir. Culfa rayon polis şöbəsinin istintaq və təhqiqat qrupunun 19 yanvar 2024-cü il tarixli qərarına əsasən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan qərarın surəti Culfa Rayon Polis X1 bölməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməsində özünü təqsirli bilmiş, izahatında bildirmişdir ki, dövlət işində işləmir, 2021- 2022-cü illərdə hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra Ordubad rayonunun ərazisində yerləşən yeməkxana, kafe və restoranlarda ofisiant işləmişdir. xx.xx.2023-cü il tarixdə Culfa şəhərində yerləşən “Qapıcıq Culfa” adlanan kafe tipli restorantda adminstrator kimi işə başlamış, 01 yanvar 2024-cü il tarixədək həmin işdə işləmişdir. İşi həmin restorantda işləyən işçilərə nəzarət etmək, restorana lazım olan malları almaq, restoranda işləyən işçilərin əmək haqqını vermək, restoranın maddi gəlir və çıxarlarını hesablamaq olmuşdur. Təqribən bir ay əvvəl “Qapıcıq Culfa” adlanan restoranda qadın ofisianta ehtiyac olduğu üçün işçi axtarmış, Zərərçəkmiş şəxs əvvəllər başqa kafedə ofisiant işlədiyini, həmin kafedən işdən ayrıldığını və işə ehtiyacının olduğunu öyrənmiş, onunla əlaqə saxlamış, onunla iş barəsində danışmış, razılaşmışlar. Restoranın müdiri X3 ilə Zərərçəkmiş şəxs işə götürmək barədə danışdım, razılıq almış, Baharı “Qapıcıq Culfa” restoranında işləməyə dəvət etmişdir. Zərərçəkmiş şəxs ilə işin şərtlərini və əmək haqqını danışmış və razılaşmışlar. Ona hər gün saat 18:00-da işə başlayacağı, saat 23:00 radələrində işdən çıxacağı, bir günlük işləməsi müqabilində 30 manat məbləğində pul verəcəyi, eləcədə onun yaşadığı Naxçıvan şəhəri Tumbul kəndindən Culfa şəhərinə iş yerinə gəlməsi və evinə qayıtması üçün nəqliyyat vasitəsini təmin edəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs işə başlamış, lakin tək işi çatdıra bilmədiyindən ona özü ilə birlikdə başqa bir qadın ofisiant gətirməsini və həmin ofisiantın necə işləməsinə baxıb onu da işə götürəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Bahar Günel adlı bir şəxslə gəlmiş, Bahar birinci mərtəbədə kabinetlərdə olan, Günel adlı şəxs isə restoranın ikinci mərtəbəsində yerləşən kabinetlərdə olan müştərilərlə maraqlanmış, sifarişləri qəbul etmiş, onlara qulluq etməyə başlamışlar. Bahar saat 23:00 radələrinə qədər işləmiş, işini yekunlaşdıraraq restoranda olan boş stollardan birində əyləşmiş, orada spirtli içki olan pivə içməyə başlamışdır. Bahara saat 23:00 olduğunu, getmək istəyirsə yola sala biləcəyini demiş, Bahar hələ pivə içdiyini bir azdan gedəcəyini bildirmişdir. Bahar təqribən saat 23:50 radələrinə qədər əyləşərək pivə içmiş, ona 30 manat pulu vermiş və getmək istədiyini bildirmişdir. Ona Günelin də işinin bitməsinə az qaldığını, onu gözləməsini, onunla birlikdə yola salacağını bildirmiş, Bahar onları Naxçıvan şəhərinə aparacaq avtomobildə Güneli gözləyəcəyini demişdir. Bir neçə dəqiqədən sonra Günel onun yanına gəlmiş, Günelə sabahdan işə başlamasını bildirmiş, onun da pulunu vermiş, Baharın onu avtomobildə gözlədiyini demişdir. Bu zaman Bahar ona zəng etmiş, getmək istədiyini bildirmiş, ona Günelin tualetə girdiyini, onu gözləməsini demiş, çölə çıxmış və Baharın əyləşdiyi avtomobilin yanına getmişdir. Bahar ona yalan danışdığını deyərək Günelin hələdə işlədiyini bildirmiş, Baharla onun arasında mübahisə başlamışdır. Həmin vaxt Günel də avtomobilin yanına gəlmiş, avtomobilə əyləşmişdir. Lakin Baharla aralarında mübahisə davam etmiş, mübahisə zamanı Bahara qarşı söyüş söymüş, Bahar daha da əsəbləşmiş, ona qarşı söyüş söyməyə başlamış, söyüş söyməməsi üçün Baharın ağzından əli ilə yapışmış, söyüş söyməməsini, restoranın yaxınlığında yaşayış evlərinin olduğunu bildirmişdir. Hərəkətlərindən peşmandır, ona köməklik edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, dövlət işində işləmir. İş olduqda kafedə ofisiant kimi işləyir, ehtiyaclarını qarşılayır. İki övladı var, övladları ilə birlikdə Naxçıvan şəhəri Tumbul kəndində özünə məxsus olan evdə yaşayır. Naxçıvan şəhərində yerləşən “17-ci əsr” adlı kafedə ofisiant işləmiş, 2023-cü ilin avqust ayında işdən çıxmışdır. Təqribən 3 ay iş tapa bilməmiş, xx.xx.2023-cü il tarixdə Culfa şəhərində yerləşən, Şəxs işlətdiyi “Qapıcıq-Culfa” adlanan yeməkxana tipli kafedə ofisiant kimi işləməyə başlamışdır. Hər gün saat 18:00 radələrində işə başlamış, saat 23:00 radələrinə qədər işləmiş və 30 manat pul almışdır. İşə gedib gəlmək üçün yol pulunu Şəxs vermişdir. xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində işə başlamış, saat 23:00 radələrinə qədər işləmiş, 30 manatı Məhərrəm ona vermiş, Məhərrəmdən ona yaşadığı Naxçıvan şəhər Tumbul kəndinə yola salmasını istəmişdir. Məhərrəm orada ofisiant işləyən, Naxçıvan şəhərində yaşayan Günel adı şəxsi də gözləməsini, Günelin də birazdan işdən çıxacağını və onunla birlikdə yola salacağını bildirmişdir. Bir müddət gözləmiş, Məhərrəm onu yenə yola salmamış, hər dəfə müraciət etdikdə ona Günelin işinin az qaldığını, onu birazda gözləməsini bildirmişdir. Təqribən 1 saat gözləmiş, Günel ona özünün gələcəyini bildirmişdir. Məhərrəmə bu barədə demiş, onu yola salmasını bildirmişdir. Bundan sonra Məhərrəm onu Naxçıvan şəhəri Tumbul kəndinə aparması üçün sürücüsünü tanımadığı bir avtomobil çağırmış, avtomobildə arxa tərəfdə əyləşmiş, hərəkət etmək istəyən zaman Məhərrəm gözləmələrini, Günelin artıq işinin bitdiyini və bir neçə dəqiqəyə gələcəyini demiş, artıq gözləməyəcəyini Məhərrəmə demiş, Məhərrəm ona qarşı söyüş söymüş, Məhərrəmin söyüşünə dözməmiş, avtomobildən yerə enmiş, Məhərrəmlə aralarında mübahisə başlamışdır. Mübahisə zamanı Məhərrəm əli ilə mənim çənə nahiyəsindən yapışaraq çıxmışdır. Qışqıraraq onu buraxmasını demiş, Məhərrəm onu buraxmışdır. Məhərrəmə onu polisə şikayət edəcəyimi bildirmiş və Günellə avtomobilə minərək oradan ayrılmışdır. Məhərrəmi hərəkətlərinə görə bağışlamır, qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Şahid izahatında bildirmişdir ki, Culfa şəhərində yaşayır, Culfa şəhər 2 nömrəli tam orta məktəbdə hərbi rəhbər vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində Culfa şəhərində yerləşən “Qapıcıq Culfa” adlanan yeməkxanaya çay içmək üçün getmişdir. Həmin yeməkxanada adminstrator kimi işləyən Məhərrəm adlı şəxsi əvvəlcədən tanımışdır. Orada olduğu müddətdə Məhərrəm ondan öz avtomobili ilə gəlib gəlməməsini soruşmuş, ona avtomobili ilə gəldiyini bildirmişdir. Məhərrəm ona ofisiantları işə gətirib aparan avtomobilin nasaz oilduğunu, ofisiantları Naxçıvan şəhərinə apara biləcəyini soruşmuş, apara biləcəyini bildirmişdir. Saat 23:30 radələrinədək yeməkxanada əyləşmiş, Məhərrəm öz avtomobilində ofisiantları gözləməsini ona demişdir. Yeməkxanadan çıxmış, özünə məxsus olan Nissan Tida markalı avtomobilinə əyləşmiş, təqribən 15-20 dəqiqədən sonra sonradan adının Bahar olduğunu öyrəndiyi şəxs gəlmiş, avtomobilin arxa oturacağında əyləşmiş, Bir neçə dəqiqədən sonra Bahar Məhərrəmə zəng vurmuş, gecikdiyini, digər ofisiantın niyə gəlmədiyini soruşmuş, Məhərrəmlə telefonda mübahisə etməyə başlamışdır. Bir neçə dəqiqə sonra Məhərrəm avtomobilə yaxınlaşmış, Baharla mübahisə etməyə başlamış, bu zaman adını bilmədiyi başqa bir qadın da gəlib avtomobildə əyləşmişdir. X4 arasında mübahisə sonlanmamış, onlar bir-birinə qarşı nalayiq ifadələr işlətmişlər. Bahar avtomobildən enmiş, Məhərrəmlə avtomobilin arxa tərəfində mübahisə etməyə davam etmişdir. Özü avtomobildən enmiş, onların yanına gəlmiş, bundan sonra Bahar avtomobilə əyləşmiş, avtomobilin pəncərəsindən Məhərrəmə onu sabah polisə şikayət edəcəyini bildirmişdir. Həmin şəxsləri Naxçıvan şəhərinə gətirmiş, yaşadıqları ünvanlara aparmış və geri qayıtmışdır. Məhərrəmin Baharın sifətindən tutmasının şahidi olmuş, Bahar avtomobildə olan zaman çənə nahiyəsinin ağrıdığını bildirmişdir.. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və zərər çəkmiş şəxsi, şahidi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarından, məhkəmə tibbi ekspertizasının 25 dekabr 2023-cü il tarixli, 1814 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində heç bir xəsarət və xəsarət izləri müəyyən edilməmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əvvəllər inzibati xəta törətməməsini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törətdiyi əməldən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, işin hallarını, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə almaqla, onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiqini kifayət hesab etdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, 500 manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar