Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-4/2025 04.02.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, Fərzəliyeva Günel Həsən qızının katibliyi, şikayət vermiş şəxs X10 və vəkil X5, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndələri X15 və X6 iştirakları ilə, X7 Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 04 sentyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 04 sentyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X10 şikayətini onunla əsaslandırmışdır ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 04 sentyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş, 3000 manat məbləğində cərimə etmişdir. Həmin qərarla razılaşmır. İlk olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasına dair təsbit edilən prosedur qaydalara nəzər salınmasını zəruri hesab edir. Azərbaycan Respublikası İXM-nin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi faktını aşkar edən hər hansı inzibati xəta haqqında protokolun tərtib edilməsindən onun heç bir məlumatı olmamışdır. Belə bir hal barədə ona heç bir məlumat verilməmişdir. Qeyd edilən halı Naxçıvan MR ƏƏSMN yanında DƏMX-nin 04 sentyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarında qeyd edilən məzmun, əsaslandırmadan da görmək olar. Belə ki, müvafiq qərarın qəbul edilməsinə əsas olaraq Culfa Rayon Polis Şöbəsinin məlumatı göstərilir. Həmçinin qərarda əmək müqaviləsi bağlanmadan işə cəlb edilən şəxslərin kimliyi məchul olaraq qalmış, bu şəxslər barədə məlumatlar tam olaraq göstərilməmişdir. İnzibati məsuliyyətin əsaslarını müəyyən edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə iclasında iştirak etmiş şikayət verən şəxs X10 şikayət ərizəsində qeyd edilənlərlə eyni məzmunlu izahat vermiş, izahatında həmçinin bildirmişdir ki, təxminən 5 il fərdi sahibkar kimi fəaliyyət göstərmiş, Culfa şəhərində yerləşən “Səbinə” şadlıq sarayında yeməkxana işlətmişdir. İbrahimli Firuzə cəmi iki ay onun yanında ofisiant işləmiş, o, da sadələşdirilmiş vergi ödəyicisi kimi Naxçıvan Şəhər Vergilər idarəsində qeydiyyata alınmışdır. Onunla əmək müqaviləsi bağlanmasına zərurət olmamışdır. Firadə Babayeva anasıdır, anası yeməkxanada işləməmiş, hərdən yeməkxananın təmizlənməsində ona köməklik etmiş, gördüyü işlərə nəzarət etmişdir. Şikayətin təmin edilməsini və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 04 sentyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş şikayət verən şəxs X7 vəkili X5 izahatında bildirmişdir ki, X10 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 04 sentyabr 2024-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə 3000 manat məbləğində cərimə edilmişdir. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin X10 barəsində başladığı inzibati xəta haqqında iş üzrə icraat zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İXM ilə müəyyən edilən-inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək kimi hüquqları təmin edilməmişdir. Bununla yanaşı F.Babayevin törədilməsində təqsirli bilindiyi inzibati xəta hərəkətinin müəyyən edilməsi xüsusiyyətləri nəzərə alınmamışdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7.2-3-cü maddəsində əmək münasibətlərinin yaranma əsaslarına və əmək müqaviləsinin bağlanması əsasları və qaydalarına dair səkkiz hal təsbit edilmişdir. Fərid Babayev barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraat zamanı onun Azərbaycan Respublikasının İXM-də müəyyən edilən hüquqi müdafiə imkanları təmin edilmədiyindən, inzibati xəta haqqında iş üzrə icraat, eləcə də bu icraatın nəticəsi formal xarakter daşımışdır. Belə ki, F.Babayevin sahibkarlıq fəaliyyətinin növü, F.Babayev tərəfindən işə cəlb edilən şəxslərin şəxsiyyəti işin hazırkı mərhələsində belə müəyyən olunmamışdır. Belə ki, şikayət edilən qərarda işə-xidmətə cəlb edilən şəxslərin sadəcə soyadları göstərilərək həmin şəxslərin dəqiq şəxsiyyəti mülahizəyə açıq buraxılmışdır. Eləcə də, bu şəxslərin hansı iş-xidmət növünə cəlb edildiyi, bu şəxslərin hansı əsasla həmin iş və xidməti həyata keçirdikləri araşdırılmalı olduğu halda iş üçün mühüm əhəmiyyət kəsb edən bu kimi hallar müəyyən edilməmiş qalmışdır. Belə olan halda Fərid Babayevin hər hansı şəxslə əmək müqaviləsi bağlamadığı, eləcə də əmək müqaviləsinin bağlanmasını şərtləndirən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7.2-3-cü maddəsində təsbit edilən halların əlamətlərinin müəyyən edilməsi mümkün görünmür. Nəticə etibarı ilə şikayət edilən qərarın qəbul edilməsini şərtləndirən inzibati xəta haqqında iş üzrə icraat zamanı mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, istinad edilən faktlar formal olmuşdur. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 75.0.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. Qeyd olunan maddənin təfsirindən aydın görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb olunmasına, yəni inzibati xəta faktının aşkar edilməsinin ilkin mərhələsi kimi inzibati xəta haqqında protokol tərtib edilən, eləcə də şəxsin barəsində inzibati tənbeh növü tətbiq olunan zaman şəxsin inzibati xətanın törədilməsində təqsiri müəyyən olunmalı, sübuta yetirilməlidir. Göründüyü kimi, Fərid Babayevin barəsində aparılmış inzibati xəta haqqında iş üzrə icraatın mərhələləri Azərbaycan Respublikasının İXM-də təsbit edilən müddəalara uyğun olaraq həyata keçirilməmişdir. Hesab edir ki, şikayət əsaslıdır, şikayətin təmin edilməsini və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 04 sentyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X11 izahatında bildirmişdir ki, HK-1-124/2024 nömrəli material üzrə Culfa rayon X9 və Təhqiqat qrupunun 26 iyul 2024-cü il tarixli qərarı 2024-cü ilin avqust ayında X8 Xidmətinə daxil olmuş, X7 barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, qərardan müəyyən edilmişdir ki, F.Babayevin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tərkib əlamətləri vardır. İnzibati araşdırma aparılması üçün F.Babayev, X3 və X4 xidmətə dəvət edilmiş, lakin onlar xidmətə gəlməmiş, onların izahatlarının alınması mümkün olmamışdır. Culfa rayon X9 və Təhqiqat qrupundan təqdim edilmiş sənədlər F.Babayevin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etməyə, inzibati tənbeh tətbiq edilmə barədə qərar qəbul etməyə kifayət etdiyindən onun barəsində 26 avqust 2024-cü il tarixdə inzibati xəta haqqında protokol, 04 sentyabr 2024-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hesab edir ki, şikayət əsassızdır. Məhkəmədən şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndələri X2 Ərşad Rəşad oğlu ilə eyni məzmunlu izahat vermiş şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir., Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv araşdırıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 04 sentyabr 2024-cü il tarixli MN ******* nömrəli "İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin rəis müavini X16 tərəfindən qəbul edilmiş 04 sentyabr 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vətəndaş F.H.İbrahimli və F.E.Babayeva Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri əsas gətirilərək X7 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 3000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında 04 sentyabr 2024- cü il tarixli MN ******* saylı qərara əsasən vətəndaş F.H.İbrahimli və F.E.X1 tərəfindən əmək müqaviləsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi əsas gətirilərək X7 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 3000 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 04 sentyabr 2024-cü il tarixli MN ******* saylı qərarından müəyyən olunur ki, X8 Xidməti Culfa rayon Polis Şöbəsi tərəfindən təqdim edilmiş məlumatla kifayətlənmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar, yəni F.Babayevin və ya digər hər hansı bir şahidin izahatı alınmamış, F.H.İbrahimli və F.E.Babayevanın həqiqətən əməyə cəlb olunub-olunmaması araşdırılmamışdır. Belə ki, Culfa rayon Polis Şöbəsi tərəfindən təqdim edilmiş məlumatın F.H.İbrahimli və F.E.Babayevanın F.Babayev tərəfindən əməyə cəlb edilməsi anlamına gəlmir. Həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan müəyyən olunur ki, X4 vergi ödəyicisi kimi qeydiyyatdadır. Yuxarıda qeyd olunan hallar və şikayətçinin ərizəsində göstərdiyi xüsusatlar araşdırılmadan, F.Babayevin və digər şəxslərin izahatı alınaraq zəruri araşdırma aparılmadan, F.H.İbrahimli və F.E.Babayeva ilə F.Babayev arasında hər hansı bir əmək münasibətinin yaranıb-yaranmaması dəqiqləşdirilmədən, bununla da şəxsin təqsirliliyini sübut edən kifayət qədər dəlil toplanılmadan F.Babayevin barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 - 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, F.Babayev tərəfindən şəxsin əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi sübuta yetirilmədiyindən şikayət təmin edilməli, səlahiyyətli orqan Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 04 sentyabr 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı X7 şikayəti təmin edilsin. X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən qəbul edilmiş 04 sentyabr 2024- cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata şəxsin təqsiri sübuta yetirilmədiyindən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №3(089)-4/2025
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-4/2025
04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver