Məhkəmə qərarları › İş №3(089)-41/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-41/2024

30.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-41/2024 30.08.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlu barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materialın baxılmağa hazırlanması zamanı müəyyən etdim Şəxs barəsində 18 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin Suraxanı Rayon DYP şöbəsinin əməkdaşı tərəfindən Azərbaycan Respublikası İXM-in 529.3cü maddəsi ilə tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Culfa Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarını araşdırdım və belə nəticəyə gəldim ki, inzibati xəta hadisəsi olmadığından Azərbaycan Respublikası İXM-in 53-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən dərhal sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədi ilə məcburi icraya yönəldilir. Maddənin məzmunundan da göründüyü kimi yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-in 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona İXM-nin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 138.1, 138.1.1-ci maddələrinə əsasən əgər qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə minir. Şəxs barəsində 30 aprel 2024-cü il tarixdə tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın surətinin Şəxs təqdim edilməsi və ya göndərilməsi barədə protokola hər hansı bir sənəd əlavə edilməmişdir. Nəzərə alsaq ki, 30 aprel 2024-cü il tarixdə Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, 40 manat məbləğində inzibati cərimə edilmiş, o, bu barədə həmin gün məlumatlandırılmış, qərar 20 gün müddətinin bitdiyi gün, 20 may 2024-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Belə olan halda Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol, 30 aprel 2024-cü il tarixdə tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən sonra 3 ay müddətində, yəni 20 avqust 2024-cü il tarixədək cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə inzibati xəta haqqında protokol tərtib edilməli idi. Lakin Şəxs tərəfindən 18 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin torədilməməsinə baxmayaraq, onun barəsində 18 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin iş materiallarından müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının İXMnin 103.1-ci maddəsinin tələbi pozulmuş, 18 avqust 2024-cü il tarixdə tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün 4 gün sonra məhkəməyə göndərilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Həmçinin Azərbaycan Respublikası İXM-in 127-ci maddəsinə əsasən İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs İXM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilir və müvafiq sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərilir. Lakin iş materiallarından müəyyən olunur ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilənədək məlumatlandırılmamış, inzibati xəta haqqında protokol tərtib edildikdən sonra protokolun tərtib edilməsi və baxılması üçün Culfa rayon Məhkəməsinə göndərilməsi barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikası İXM-in 109.1 və 109.2-ci maddələrinə əsasən İXM-in 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-in 53.0, 53.0.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilənlərə əsasən belə hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə (18 avqust 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol) başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 53, 109, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə (18 avqust 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol) başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar