Məhkəmə qərarları › İş №3(089)-46/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-46/2024

11.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-46/2024 11.09.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs- xx xxxxxx 1996-cı il tarixdə Culfa rayonunun Yaycı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Culfa rayonunun Yaycı kəndində yaşayan-barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Culfa Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 10 sentyabr 2024-cü il tarixdə saat 17:30 radələrində Culfa şəhəri, E.Nağıyev küçəsində ictimai qaydanı pozmuş, bununla da Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, 11 sentyabr 2024-cü il tarixdə tərtib olunmuş inzibati xəta haqqında ******* nömrəli protokol baxılması üçün Culfa Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində izahat vermiş Şəxs izahatında bildirmişdir ki, özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilir. Culfa rayonunun Yaycı kəndində yaşayır, qaynaqçı işləyir. 10 sentyabr 2024-cü il tarixdə saat təxminən 17:30 radələrində dostları ilə Culfa şəhəri, E.Nağıyev küçəsində nəqliyyat vasitələrinin hərəkət hissəsində söhbət etmişlər. Bu zaman ağ rəngli, Kia markalı nəqliyyat vasitəsinin sürücüsü onlara siqnal vermiş, siqnala məhəl qoymamışlar. Sürücü təkrar siqnal verən zaman ucadan səs-küy salaraq keçib getmələrini demişdir. Nəqliyyat vasitəsində olan şəxslər yerə enmiş, səs-küylə onların üstlərinə getmiş, aralarında mübahisə yaranmışdır. Yaxınlıqda olan polis əməkdaşları onlara yaxınlaşmış, ictimai qaydanı pozmamalarını bildirmiş və onu Polis Şöbəsinə dəvət etmişlər. Hərəkətlərindən peşmandır, bunun nəzərə alınmasını, ona köməklik edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 10 sentyabr 2024-cü il tarixdə saat 17:30 radələrində Culfa şəhəri, E.Nağıyev küçəsində ictimai qaydanı pozması məhkəmə iclasında dindirilmiş şahidlər Şahid1 və Şahid2 izahatları ilə də öz təsdiqini tapır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 izahatında bildirmişdir ki, 10 sentyabr 2024-cü il tarixdə saat 17-18 radələrində Ümid və digər iki dostu ilə Culfa şəhəri, E.Nağıyev küçəsində, nəqliyyat vasitələrinin hərəkət etdiyi yolda dayanmış və söhbət etmişlər. Həmin vaxt yoldan keçən ağ kia markalı nəqliyyat vasitəsinin sürücüsü nəqliyyat vasitəsini saxlamış, onlara piyadalar üçün nəzərdə tutulan səkidə dayanmalarını bildirmişdir. Ümid onlara səs-küylə cavab vermiş, aralarında mübahisə yaranmış, yaxınlıqda olan polis əməkdaşları onlara yaxınlaşmış, ictimai qaydanı pozmamasını Ümidə bildirmiş və onu Polis Şöbəsinə dəvət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 Şahid1 ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatını dinləyib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün səmimi etirafı, inzibati xəta haqqında ******* nömrəli protokolla, şahidlərin izahatları ilə tam sübuta yetmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. O, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada cərimə edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati cərimə tənbeh növünü tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs hərəkətlərindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyəti ağırlaşdıran, icraatı rədd edən hallar müəyyən edilmədi. İş materiallarına əlavə edilmiş 11 sentyabr 2024-cü il tarixli, 0570 nömrəli inzibati qaydada tutma haqqında protokoldan müəyyən olunur ki, Şəxs 11 sentyabr 2024-cü il tarixdə, saat 13:40-da inzibati qaydada tutulmuş, saat 16:30-da azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq məhkəm qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, 75 manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar