Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-47/2025 09.07.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs-xx.xx.1971-ci il tarixdə Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, sürücü işləyən, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində yaşayan-barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 480-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində 23 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə EP № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, o, 18 mart 2025-ci il tarixdə saat 12:50-də “Culfa” gömrük postu vasitəsilə Bakı-Naxçıvan istiqaməti üzrə İran İslam Respublikası ərazisindən tranzit keçməklə Azərbaycan Respublikası ərazisinə gələrkən idarə etdiyi 99TR614/99ZC996 dövlət qeydiyyat nişanlı, “DAF” markalı yük nəqliyyat vasitəsi gömrük nəzarəti xəttində “Culfa” gömrük postunun ərazisində yerləşən anbarda növbəlilik prinsipi əsasında yoxlanılmış, yoxlama zamanı həmin yük nəqliyyat vasitəsinin dartıcısında olan yataq yerinin altından Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma ilə nişanlanmayan 230 qutu (4600 ədəd) ağ rəngli “Milano”, 180 qutu (3600 ədəd) qara rəngli “Milano” markalı siqaretlər aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsində malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati məsuliyyət müəyyən edilmişdir. Az miqdarda olduqda dedikdə əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilmiş, izahatında bildirmişdir ki, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində yaşayır. Təxminən 20 ildir ki, sürücü kimi işləyir və dolanışığını sürücülük edərək təmin edir. “Azər Tır” şirkətinə məxsus 99TR614/99ZC996 dövlət qeydiyyat nişanlı, “DAF” markalı yük nəqliyyat vasitəsini idarə etmişdir. Təxminən 06 mart 2025-ci il tarixində Naxçıvandan yüklədiyi su yükünü Bakı şəhərinə boşaltmış, bir neçə gün yük olmadığı üçün Bakı şəhərində gözləməli olmuş, daha sonra “AzərSun” şirkətinin qarışıq ərzaq yükünü Naxçıvan şəhərinə gətirmək üçün razılaşmış və həmin malları yüklədikdən sonra mart ayının 15-də Naxçıvana gəlmək üçün yola düşmüş, mart ayının 18-də Culfa gömrük postuna gəlmişdir. Gömrük əməkdaşı onunla bir qədər söhbət etdikdən sonra idarə etdiyi yük nəqliyyat vasitəsini yoxlamaq üçün anbara aparmış, hal şahidlərini və bir nəfər gömrük əməkdaşını dəvət etmişdir. Yoxlama başlamamışdan qabaq gömrük əməkdaşı idarə etdiyi yük nəqliyyat vasitəsində qanunla qadağan olunan hər hansı bir şeyin olub-olmadığını soruşmuş, o da cavabında bir qədər qarışıq ərzaq və 10 qutu (200 ədəd) siqaretdən əlavə heç nəyinin olmadığını bildirmişdir. Daha sonra yoxlama zamanı gömrük əməkdaşı idarə etdiyi yük nəqliyyat vasitəsinin dartıcısında olan yataq yerinin altından 230 qutu (4600 ədəd) ağ rəngli “Milano” və 180 qutu (3600 ədəd) qara rəngli “Milano” markalı siqaretlər aşkar etmiş və qablaşdıraraq götürmüşdür. Müvafiq sənədlər hazırlanmış, o da imzalamışdır. Törətdiyi əmələ görə peşmandır. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid1 izahatında bildirmişdir ki, təxminən 15 ildir ki, gömrük orqanlarında xidmət edir. Hazırda Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və istintaq idarəsinin Əməliyyat şöbəsinin əməliyyat müvəkkili vəzifəsində çalışır. 18 mart 2025-ci il tarixində “Culfa” gömrük postunda xidmətdə olarkən qabaqcadan daxil olmuş əməliyyat məlumatı əsasında Bakı-Naxçıvan istiqaməti üzrə İran İslam Respublikasından tranzit keçməklə Azərbaycan Respublikası ərazisinə gələn 99TR614/99ZC996 dövlət qeydiyyat nişanlı, “DAF” markalı yük nəqliyyat vasitəsinin sürücüsü Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi 99TR614/99ZC996 dövlət qeydiyyat nişanlı “DAF” markalı yük nəqliyyat vasitəsini “Culfa” gömrük postunun ərazisində yerləşən anbarda yoxlamağa qərar vermiş, yoxlama prosesində iştirak etməsi üçün iki nəfər hal şahidi dəvət etmişdir. Bundan əlavə yük nəqliyyat vasitəsində olan yükə ətraflı baxış keçirməsi üçün Kinoloji xidmətin əməkdaşı Pərvizi də dəvət etmişdir. Yoxlama başlamazdan əvvəl sürücüdən idarə etdiyi yük nəqliyyat vasitəsində qanunla qadağan olunan hər hansı bir şeyin olub-olmadığını soruşmuş, sürücü isə cavabında 1 qədər qarışıq ərzaq və 10 qutu (200 ədəd) siqaretdən başqa heç nəyinin olmadığını bildirmişdir. Yoxlama zamanı yük nəqliyyat vasitəsinin dartıcısında olan yataq yerinin altından Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma ilə nişanlanmayan 230 qutu (4600 ədəd) ağ rəngli “Milano”, 180 qutu (3600 ədəd) qara rəngli “Milano” markalı siqaretlər aşkar etmiş və qablaşdıraraq götürmüşdür. Sonda yoxlamanın aparılması barədə protokol tərtib etmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 izahatında onu da bildirmişdir ki, Şəxs üzərində şəxsi yoxlama apararkən əyninə geyindiyi şalvarın yan balaca cibindən və nəqliyyat vasitəsinə baxış keçirən zaman dartıcının ön panelindən üzərində Tramadol 100 yazılmış dərman preparatları da aşkar edilmişir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X4 da Şahid1 ilə eyni məzmunda izahat vermişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqinin tapmışdır. İş materiallarına əlavə edilmiş 18 mart 2025-ci il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan görünür ki, 18 mart 2025-ci il tarixdə “Culfa” gömrük postu vasitəsilə Bakı- Naxçıvan istiqaməti üzrə İran İslam Respublikası ərazisindən tranzit keçməklə Azərbaycan Respublikası ərazisinə gələn Azərbaycan Respublikasının vətəndaşı, Naxçıvan şəhəri, Qaraxanbəyli kənd sakini, xx.xx.2019-cu il tarixdə verilmiş C02489612 nömrəli pasportun sahibi, xx.xx.1971-ci il təvəllüdlü Şəxs idarə etdiyi 99TR614/99ZC996 dövlət qeydiyyat nişanlı, “DAF” markalı yük nəqliyyat vasitəsinə gömrük nəzarəti xəttində növbəlilik prinsipi əsasında “Azərterminalkompelks” X3 Dəstəyin Təşkili İdarəsinin Kinoloji fəaliyyətə yardım şöbəsinin instruktor-kinoloqu gömrük xidməti giziri Şahid2 və iki hal şahidinin iştirakı ilə yoxlama keçirilmiş, yoxlama zamanı həmin yük nəqliyyat vasitəsinin kabinində olan yataq yerinin altından Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma ilə nişanlanmayan 230 qutu (4600 ədəd) ağ rəngli “Milano”, 180 qutu (3600 ədəd) qara rəngli “Milano” markalı siqaretlər aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarının” 2.1.10-cu bəndinə əsasən fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş 200 ədəd siqaret (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər. İş materiallarına əlavə edilmiş 16 aprel 2025-ci il tarixli, 7/570 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş tütün məmulatlarının keyfiyyət göstəriciləri standart tələblərinə uyğundur. Ekspertiza tədqiqatına 30 qutu “Milano London” markalı, 20 qutu “X7” markalı siqaretlır istifadə edilmişdir. İş materiallarına əlavə edilmiş X1 tərəfindən verilmiş 12 may 2025-ci il tarixli, NQM 001-05/25 nömrəli hesabatdan görünür ki, qiymətləndirmə prosesi zamanı Naxçıvan Muxtar Respublikasının ərazisində qanunsuz yolla daxil olmuş, aksizsiz satılan siqaret məhsullarının “qara bazarda” topdan və pərakəndə satış qiymətləri üzrə araşdırmalar aparılmışdır. Bazar araşdırması zamanı ekspertizaya təqdim olunan məhsullar üzrə keyfiyyət və digər standartlar araşdırma predmetinə daxil edilməmişdir. Ekspertizaya təqdim edilən üzərində “Milano London” sözləri yazılmış 230 qutu (4600 ədəd), üzərində “X7” sözləri yazılmış 180 qutu (3600 ədəd) olmaqla ümumilikdə 410 qutu (8200 ədəd) Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma ilə nişanlanmayan siqaretlərin aşkar olunduğu tarixə ayrı-ayrılıqda və ümumilikdə dəyəri aşağıdakı kimidir: “Milano London” markalı siqaretin bir vahidinin bazar dəyəri 1,20 manat, ümumi bazar dəyəri- 230 qutu (4600 ədəd)- 276,00 manat; “X7” markalı siqaretin bir vahidinin bazar dəyəri 1,20 manat, ümumi bazar dəyəri- 180 qutu (3600 ədəd)- 216,00 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin qeyd hissəsində qeyd edilmişdir ki, “İnzibati Xətalar Məcəllənin 479-481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati- Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməli və inzibati xətanın bilavasitə obyekti olan mallar, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 360 qutu siqaretlər müsadirə edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, Şəxsnın şəxsiyyətini, onun təqsirinin dərəcəsini, nəzərə alır. İnzibati məsuliyyəti ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26-cı maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmçinin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Odur ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti dövlət büdcəsinə aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, üzərində “Milano London” sözləri yazılmış 200 qutu (4000 ədəd) (bir qutunun qiyməti 1.20 manat) və üzərində “X7” sözləri yazılmış 160 qutu (3200 ədəd) (bir qutunun qiyməti 1.20 manat) siqaretlər müsadirə edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat dövlət büdcəsinə aid edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №3(089)-47/2025
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-47/2025
09.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver