Məhkəmə qərarları › İş №3(089)-48/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-48/2024

04.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-48/2024 04.10.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsi, hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs:- xx xxxxxxx 1969-cu il tarixdə Culfa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan-barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə Culfa Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: Şəxs barəsində 24 sentyabr 2024-cü il tarixdə Culfa Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis kapitanı B.Mehdiyev tərəfindən Azərbaycan Respublikası İXM-nin 232-1ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş, protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Culfa rayon Məhkəməsinə göndərilmişdir. Ona görə ki, Şəxs xx.xx.2024-cü il tarixdə axşam saatlarında Culfa şəhər, M.S.Ordubadi küçəsində X2 MMC-yə məxsus olan köhnə Rabitə binasının həyətində oturub spirtli içki qəbul etmiş və siqaret çəkmiş, siqaretin kötüyünü binanın zirzəmisinə atmış, orada yanğın çıxmasına səbəb olmuş, orada olan əmlakı qəsdən məhv etmişdir. Bununla da X5 MMC-yə 96 manat məbləğində ziyan vurmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs Naxçıvan MR Dəmir Yolları MMC-nin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmiş, onlar məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasının təxirə salınması barədə məhkəməyə vəsatətlə müraciət etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs Naxçıvan MR Dəmir Yolları MMC-nin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsində qeyd edilmişdir ki, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İş materiallarına əlavə edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında qeyd etmişdir ki, ailəsi ilə Culfa şəhərində yaşayır, daimi iş yeri yoxdur. 13 avqust 2024-cü il tarixdə axşam saatlarında özü istifadə etmək üçün bir ədəd 250 qramlıq araq almış, Culfa rayon Dəmir Yollarına məxsus olan köhnə Rabitə binasının həyətində əyləşmiş, arağı içmiş, sonra bir ədəd siqaret yandırıb çəkmiş, siqareti çəkdikdən sonra kötüyünü Rabitə evinin binasının zirzəmisinin pəncərəsindən içəri tullamış, içdiyi arağın butulkasını kənarda yerləşən zibil qutusuna atmış, oranı tərk edib evinə getmişdir. Dəmir Yollarına məxsus binada olduğu müddətdə orada heç bir hadisə və yanğın baş verməmiş, ondan sonra olanlardan xəbəri olmamışdır. Həmin gün köhnə Rabitə binasının zirzəmisində yanğının baş verməsindən, Fövqəladə Hallar Nazirliyinin X3 Şöbəsinin əməkdaşları tərəfindən yanğını söndürülməsindən xəbəri olmuşdur. Hadisə baş verdikdən sonra Polis Şöbəsindən ona zəng gəlmiş, Culfa rayon Polis Şöbəsinə dəvət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə X5 MMC-yə məxsus köhnə Rabitə binasının həyətində spirtli içki qəbul etmiş və siqaret çəkmiş, kötüyünü binanın zirzəmisinə atmış, orada yanğın çıxmasına səbəb olmuş, orada olan əmlakı qəsdən məhv etmişdir. Bununla da X5 MMC-yə 96 manat məbləğində ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş 20 sentyabr 2024-cü il tarixli, 1028 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, faktiki mövcud olmayan 04 ədəd uzunluğu 1 metr 50 santimetr, eni isə 70 santimetr olan istifadə olunmuş taxta stolların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 96 manat müəyyən edilir. Məhkəmə işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək o nəticəyə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeydinə əsasən bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası İXM-nin 13-cü maddəsinə görə inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə tərəfindən Şəxs əməlində, Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq, Şəxs barəsində İXM-nin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsində nəzərdə tutulan məsələni müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. Məhkəmə inzibati xəta nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, Şəxs vurulmuş zərərin əvəzi, 96 manat alınıb X5 MMC-yə verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmçinin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Odur ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 40 manat məbləğində pul vəsaiti dövlət büdcəsinə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğində, 96 manat cərimə edilsin. Şəxs vurulmuş zərərin əvəzi, 96 manat alınıb X5 MMC-yə verilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 40 manat məbləğində pul vəsaiti dövlət büdcəsinə aid edilməlidir. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar