Məhkəmə qərarları › İş №3(089)-5/2025

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-5/2025

17.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-5/2025 17.01.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X3 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs- xx xxxxxxx 1985-ci il tarixdə Culfa rayonunun Yaycı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, fərdi əməklə məşğul olan, inzibati məsuliyyətə cəlb edilməmiş, ünvan 1 ünvanında yaşayan-barəsində Culfa Rayon Polis şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 17 yanvar 2025-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, 17 yanvar 2025-ci tarixdə Y.Budaqov adına Naxçıvan MR X2 Şəxs götürülmüş sidik nümunəsindən psixotrop maddə olan THC (tetrahidrokannabinol) istehlakı faktı aşkar olunmuşdur. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilmiş, izahatında bildirmişdir ki, 08 yanvar 2025-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində olarkən dostları ilə kafeyə gedərək qəlyan sifariş etmiş, qəlyandan biraz istifadə etdikdən sonra qəlyanın narkotik tərkibli olduğundan şübhələnmiş, dərhal qəlyandan istifadəni dayandırmışdır. 09 yanvar 2025-ci il tarixdə Naxçıvana gəlmiş, 17 yanvar 2025-ci il tarixdə isə Culfa Rayon Polis Şöbəsinə dəvət olunmuşdur. 17 yanvar 2025-ci il tarixdə Naxçıvan MR X2 müayinə olunmuş, THC (tetrahidrokannabinol) psixotrop maddəsindən istifadə etməsi müəyyən olunmuşdur. Şəxs izahatında həmçinin hərəkətindən çox peşman olduğunu, əvvəllər inzibati xəta törətmədiyini, 2 uşağının olmasını bildirmiş, məhkəmədən ona köməklik edilməsini xahiş etmişdir. İş materiallarında olan- Y.Budaqov adına Naxçıvan MR X1 verilmiş 17 yanvar 2025-ci il tarixli, 3-28-34-4/2- 139/2025 nömrəli məktubda qeyd edilmişdir ki, Şəxs 17 yanvar 2025-ci il tarixdə dispanserdə sidik narko-test vasitəsilə müayinə olundu, nəticədə THC ( tetrahidrokannabinol) müsbət aşkar olundu. Y.Budaqov adına Naxçıvan MR X1 verilmiş 17 yanvar 2025-ci il tarixli, 23 saylı ambulator məcburi narkoloji tibbi yoxlmanın rəyində qeyd edilmişdir ki, Şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir. Lakin, fiziki və psixi asılılıq olmadan narkotik və psixotrop maddə istifadəsi inkar edilmir. Hazırda abstinensiya əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. 28 iyun 2005-ci il tarixdə 960-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısının 44-cü bəndində tetrahidrokannabinol psixotrop maddəsi qeyd edilmişdir. Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Belə ki, toplanmış sübutlarla təsdiq olunur ki, 17 yanvar 2025-ci il tarixdə Şəxs Y.Budaqov adına Naxçıvan MR X2 götürülmüş sidik nümunəsində onun psixotrop maddə olan THC ( tetrahidrokannabinol) istehlakı faktı aşkar olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin inzibati xətanın törədilməsinə görə inzibati xəta törədən şəxs üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə Şəxs törətdiyi inzibati xətaya görə hansı inzibati tənbeh növünün tətbiq edilməsi məsələsini müzakirə edib, belə nəticəyə gəlir ki, onun əməlindən peşman olması, himayəsində iki azyaşlı uşağının olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalı, ona inzibati cərimə tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən işin hallarını və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xətaya görə məsuliyyətini ağırlaşdıran, iş üzrə icraatı rədd edən hallar müəyyən edilmədi. Məhkəmə Şəxs peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, 300 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar