Məhkəmə qərarları › İş №3(089)-52/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-52/2024

18.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-52/2024 18.10.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X4 iclas katibliyi, şikayət verən şəxs X16, vəkil X8 və Naxçıvan Muxtar Respublikası ƏƏSMN yanında X17 xidmətinin nümayəndəsi X9 iştirakı ilə, Naxçıvan Muxtar Respublikası ƏƏSMN yanında X17 xidmətinin 19 sentyabr 2024-cü il tarixli, ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarından X16 tərəfindən verilmiş şikayətə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə Naxçıvan Muxtar Respublikası ƏƏSMN yanında X17 xidmətinin əməkdaşı tərəfindən 09 sentyabr 2024-cü il tarixdə ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, 19 sentyabr 2024-cü il tarixdə ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilmiş, o, 3000 manat məbləğində cərimə edilmişdir. X2 Muxtar Respublikası ƏƏSMN yanında X17 xidmətinin 19 sentyabr 2024-cü il tarixli, ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayət vermiş, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X16 şikayətini onunla əsaslandırmışdır ki, Naxçıvan Muxtar Respublikası ƏƏSMN yanında X17 xidmətinin 19 sentyabr 2024-cü il tarixli ******* inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş, 3000 manat məbləğində cərimə edilmişdir. Həmin qərarla razılaşmır. Belə ki, ona məxsus olan, Culfa şəhərində yerləşən şadlıq sarayının ikinci mərtəbəsinə pəncərə yerinin hörgüsü məqsədilə kubik pirketinin ikinci mərtəbəyə qaldırılması üçün X13 ondan 40 manat pul istəmiş və onunla razılaşmışdır. Sonra ona məlum olmuşdur ki, Bağırlı İbrahim pirketi yerə qoyarkən pirket bölünmüş və bir hissəsi onun ayaq barmağına düşmüş və barmağı zədələnmişdir. Bundan sonra Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti araşdırma aparmış, nəticədə "Şəbinə,, şadlıq sarayının sahibkarı olaraq barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul etmişdir. İnzibati xəta haqqında iş üzrə müvafiq qərar qəbul edilən zaman Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin dispozisiya əlamətləri ilə əmək münasibətlərinin yaranma əsaslarını müəyyən edən Azərbaycan Respublikası Əmək Məcəlləsinin müddəaları qarşılıqlı təhlil edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. Həmin Məcəllənin 129.1.3-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Məhkəmə iclasında iştirak etmiş ərizəçi B.Əşrəfli şikayət ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat vermiş, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş ərizəçinin vəkili X1 Muxtar Respublikası ƏƏSMN yanında X17 xidmətinin 19 sentyabr 2024-cü il tarixli, ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarının əsassız olduğunu bildirmiş, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Naxçıvan Muxtar Respublikası ƏƏSMN yanında X15 xidmətinin əməkdaşı X3 Muxtar Respublikası ƏƏSMN yanında X17 xidmətinin 19 sentyabr 2024-cü il tarixli, ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarının əsaslı olduğunu bildirmiş, şikayət təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X13 izahatında bildirmişdir ki, Culfa şəhərində yaşayır, daimi iş yeri yoxdur, iş olan zaman fəhləlik edir. 23 avqust 2024cü il tarixdə Culfa şəhərində yerləşən Səbinə şadlıq sarayının sahibi B.Əşrəflidən pəncərələrin hörülməsi üçün daşınmalı olan pirketləri daşımalarını xahiş etmişlər. Özü və tanışı B.Əşrəfli ilə 400 ədəd pirketi daşımaları üçün 40 manat alacaqları ilə bağlı razılaşmışlar. 400 ədəd pirketi 3 gün ərzində hissə-hissə daşımışlar. 26 avqust 2024-cü il tarixdə pirketləri daşıyan zaman pirketlərdən biri ortadan bölünmüş və ayaq barmağının üstünə düşmüş və barmağını əzmişdir. B.Əşrəfli ilə aralarında pirketlərin daşınması üçün müqavilə bağlanmamışdır. Məhkəmə şikayətçinin, onun vəkilnin və qərarından şikayət verilən orqanın (vəzifəli şəxsin) nümayəndəsinin, şahidin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarına əlavə olunmuş, məhkəmə iclasında tədqiq olunmuş 09 sentyabr 2024-cü il tarixdə ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Naxçıvan Muxtar Respublikası ƏƏSMN yanında X17 xidmətinin əməkdaşı tərəfindən X7 barəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati xəta haqqında protokol tərtib edilmişdir. 19 sentyabr 2024-cü il tarixli, ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərardan görünür ki, X16 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş, 3000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün bu maddədə sadalanan şərtlərin (inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və inzibati xəta tərkibinin digər əlamətlərinin) mövcudluğu mütləq zərurətdir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 75-ci maddəsinin İ, İİİ, Vİ və Vİİ bəndlərinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi). Nəzəriyyədə təqsir dedikdə, şəxsin törətdiyi ictimai təhlükəli əmələ və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti nəzərdə tutulur. Təqsir şüur və iradə kimi psixoloji elementlərin məcmusudur və bu elementlər müvafiq olaraq ictimai təhlükəli davranışın əqli və iradəvi tərəflərini təşkil edir. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.3-cü maddəsinə görə işəgötürən-tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs. Əmək Məcəlləsinin 4-1 -ci bəndinə görə əmək münasibətləri - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Azərbaycan Respublikası Konstitusiyasının əməyin azadlığını bəyan edən 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Göstərilən norma hər bir kəsin əmək fəaliyyəti ilə məşğul olub-olmamaqda azad olduğunu müəyyən etməklə məcburi əməyin qadağan edilməsi ilə bağlı dövlət siyasətini əks etdirir, həmçinin əmək bacarıqlarından azad şəkildə istifadə etmək imkanını, fəaliyyət sahəsini və peşəsini, iş yerini seçmək hüququnu təsbit edir. Əmək hüququ hər kəsin bərabər şəraitdə və heç bir ayrı-seçkilik olmadan öz əmək qabiliyyətini reallaşdıraraq əmək münasibətlərinə girmək imkanıdır. Bu hüququn həyata keçirilməsi hər bir kəsin öz iradəsindən asılı olduğundan, əmək müqaviləsi də heç bir təsir altında olmadan sərbəst qaydada bağlanmalıdır. Qeyd edilməlidir ki, əmək müqaviləsinin məcburi bağlanmasının qadağan edilməsi məcburi əməyin leqallaşdırılmasının qarşısını alır. Əməyin azadlığı əmək hüququnun əsas prinsiplərindən olmaqla Əmək Məcəlləsinin məcburi əməyin qadağan edilməsi adlı 17-ci maddəsində də öz əksini tapmışdır. Həmin maddəyə əsasən, hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. İşçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər. Məcburi əməklə bağlı qadağalar bir sıra beynəlxalq aktlarda - "Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 8-ci maddəsinin üçüncü hissəsində, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 4-cü maddəsinin 2ci hissəsində, X6 (bundan sonra - BƏT) "Məcburi əmək haqqında” 1930-cu il və "İcbari əməyin ləğv edilməsi haqqında” 1957-ci il tarixli Konvensiyalarında da təsbit olunmuşdur. BƏT-in "Məcburi əmək haqqında” Konvensiyasının 2-ci maddəsinə görə, "məcburi və ya icbari əmək” dedikdə, hər hansı bir şəxsdən hər hansı bir cəza təhlükəsi altında tələb olunan, bunun üçün həmin şəxsin könüllü olaraq öz xidmətlərini təklif etmədiyi hər cür iş və ya xidmət başa düşülür. Məcburi əməyin qadağan edilməsi BƏT-in 18 iyun 1998-ci ildə qəbul etdiyi "Əmək sahəsində təməl prinsiplər və hüquqlar və onların reallaşdırılması mexanizmi haqqında” Bəyannaməsi ilə əmək münasibətlərinin tənzimlənməsində əsas prinsiplərdən biri olaraq qəbul edilmişdir. Beləliklə, əməyin azadlığı prinsipi ilkin olaraq şəxslərin işləyib-işləməməkdə iradə azadlığını, əmək münasibətlərinə daxil olmaqda könüllülüyü ifadə edir. Yəni, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs bu münasibətlərə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Bu müddəa Əmək Məcəlləsinin əmək müqavilələrinin sərbəst bağlandığını təsbit edən 42-ci maddəsində də öz əksini tapmışdır. Bu prinsip, həmçinin azad iradə ifadəsi nəticəsində bağlanmış əmək müqaviləsi ilə nəzərdə tutulmayan əmək funksiyalarının icrasına, işlərin yerinə yetirilməsinə məcbur edilmənin yolverilməzliyini ehtiva edir. Şəxsin iradəsinə zidd olaraq hər hansı işlərin yerinə yetirilməsinə məcbur edilməsi müvafiq məsuliyyətin yaranmasına səbəb olur. "Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli Pelnum Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə Əmək Məcəlləsinin tərəflər arasında yaranmış münasibətlərin məhz əmək münasibətləri olaraq qiymətləndirilməsinin və əmək müqaviləsinin bağlanılmasının məcburiliyini müəyyən edən 7-ci maddəsinin 2-3 və 2-4-cü hissələri ilə bağlı qeyd edir ki, bu norma ilə qanunverici şəxsin azad seçimi olaraq, heç bir təsir olmadan müstəqil şəkildə artıq daxil olduğu faktiki əmək münasibətlərinin hüquqi müstəviyə gətirilməsi, rəsmiləşdirilməsi məqsədini güdür. Belə ki, qanunverici şəxsin sərbəst iradə ifadəsi əsasında əməyə olan qabiliyyətinin realizəsi üzrə artıq yaratmış olduğu konkret münasibətlərdə məhz işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi, qanuni mənafelərinin qorunması məqsədilə həmin münasibətlərin əmək münasibətləri olaraq qəbul edilməsinin və əmək müqaviləsinin yazılı formada bağlanmasının məcburiliyini təsbit etmişdir. Odur ki, Əmək Məcəlləsinin göstərilən norması əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmadan, fiziki şəxslərin əmək, sosial və iqtisadi hüquqlarının, qanuni mənafelərinin qorunmasına istiqamətlənmişdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, şəxsin əməyə olan bacarığı əmək müqaviləsi üzrə olduğu kimi, həm də mülki-hüquqi müqavilələr üzrə müəyyən işlərin görülməsi, xidmətlərin göstərilməsi və ya fərdi sahibkarlıq fəaliyyəti formasında realizə edilə bilər. Beləliklə, şəxsin azad seçimi əsasında reallaşdırdığı əmək fəaliyyəti ilə bağlı əmək və ya mülki hüquq münasibətlərinin yaranması mümkündür. Vurğulanmalıdır ki, əmək münasibətləri zahirən müəyyən işlərin yerinə yetirilməsi ilə bağlı mülki dövriyyə subyektləri arasında yaranan mülki münasibətlərə (tapşırıq, podrat, müqavilə münasibətləri və s.) bənzəyir. Lakin bu münasibətlər bir sıra əhəmiyyətli məqamlarda fərqlənirlər ki, bu da həmin münasibətlərin müvafiq olaraq əmək və ya mülki hüquq normaları ilə tənzimlənməsini labüd edir. Təsadüfi deyildir ki, Əmək Məcəlləsinin 6-cı maddəsinin “d” bəndi ilə podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə bu Məcəllənin şamil edilmədiyi təsbit edilmişdir. Əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsi işəgötürənin üzərinə qoyulmuş öhdəlikdir və bu öhdəliyin pozulması əvvəldə də göstərildiyi kimi, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən məsuliyyətin yaranmasına səbəb olur. Həmin maddəyə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Nəzərə alınmalıdır ki, işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərlə daxil olduğu hüquqi münasibətlər bir qayda olaraq əmək münasibətləri olaraq çıxış edir. Belə ki, işəgötürənin əsas fəaliyyət sahəsinə dair işlər əsasən mütəmadi, sistematik və davamlı xarakter daşımaqla, onun nəzarəti altında və təlimatına uyğun olaraq həyata keçirilir. Lakin, bir sıra hallarda işəgötürənin əsas fəaliyyət sahəsinə aid iş və xidmətlərə dair münasibətlər də birdəfəlik və ya qeyri-mütəmadi olmaqla, daşıdığı xüsusiyyətlərə və mahiyyətinə görə əmək deyil, mülki-hüquqi məzmunlu ola bilər. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflər arasında əmək münasibətlərinin olub-olmaması bu münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək məhkəmə tərəfindən müəyyən edilməlidir. - Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Konstitusiyanın əmək müqaviləsinin məcburi qaydada bağlanılmasının yolverilməzliyini təsbit edən 35-ci maddəsi Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3 və 2-4- cü hissələrinə əsasən şəxsin sərbəst seçimi əsasında yaratmış olduğu əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsinin məcburiliyini istisna etmir; - Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsində göstərilən hallarda, o cümlədən işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar tərəflər arasında yaranan münasibətlərin əmək münasibətləri olub-olmaması Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarında əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, həmin münasibətlərin xarakteri və həqiqi mahiyyəti, işin faktiki halları araşdırılaraq məhkəmələr tərəfindən müəyyən edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 4 sentyabr tarixli X12 Məcəlləsinin 9- cu maddəsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. Yuxarıda qeyd edilən halları inzibati xəta haqqında icraat materialları ilə qarşılıqlı şəkildə tədqiq edərək məhkəmə belə hesab edir ki, X7 barəsində İXM-in 192.1-ci maddəsi ilə icraat başlana bilməzdi. İlk öncə ona görə ki, iş materiallarında olan 15 oktyabr 2024-cü il tarixli arayışdan müəyyən olunur ki, vergi ödəyicisi B.Əşrəflinin fəaliyyəti şadlıq evlərinin xidmətləri, yeməkxanaların fəaliyyətindən ibarətdir. X7 izahatından da görünür ki, “Səbinə” şadlıq sarayının fəaliyyət istiqaməti toy mərasimlərinin təşkil edilməsindən ibarətdir. İşin hallarından görünür ki, şəxsin xəsarət alması ilə nəticələnən hadisənin baş verdiyi məkan “Səbinə” şadlıq sarayı olmuşdur. Şahidin izahatından da aydın olur ki, o binada pirketlərin daşınmasını əmək münasibətləri çərçivəsində deyil, podrat münasibətləri-sifarişçi-podratçı statusundan çıxış edərək həyata keçirmişdir. Belə ki, şadlıq sarayının rəhbərindən, nə də şahiddən əmək müqaviləsi bağlamaq, əmək normaları və şərtləri əsasında işləmək barədə təklif olmamışdır. Şahidin fərdi qaydada işlədiyi iş pirketlərin daşınması olmuşdur. Şahid göstərdiyi fəaliyyətə görə gördüyü işin-xidmətin haqqını almışdır və bunu izahatında bildirmişdir. Onun gələcəkdə əmək müqaviləsi bağlamaq gözləntisi də olmamışdır. Əmək müqaviləsinin bağlanması sərbəstdir və tərəflərin sərbəst iradəsi əsasında həyata keçirilir. Həmçinin şadlıq sarayının fəaliyyəti ilə orada işləyən şəxsin fəaliyyəti bir-birini tənzimləyən fəaliyyət deyildir. Bu baxımdan şahidin gördüyi işin nəticəsində baş vermiş hər hansı hadisə mülki hüquq çərçivəsi ilə həll edilməli hadisədir və əmək qanunvericiliyinin normaları bu sahədə tətbiq edilmir, çünki tərəflər arasında əmək münasibətləri mövcud olmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, X7 hərəkətlərində İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmamışdır. Odur ki, Naxçıvan Muxtar Respublikası ƏƏSMN yanında X17 xidmətinin 19 sentyabr 2024-cü il tarixli ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarı ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsinə nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-in 135.1 və 135.1.5.-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-in 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Odur ki, X7 hərəkətlərində Azərbaycan Respublikası İXM-in 192.1 -ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : X7 Naxçıvan Muxtar Respublikası ƏƏSMN yanında X17 xidmətinin 19 sentyabr 2024-cü il tarixli ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarından verdiyi şikayət təmin edilsin. X7 Naxçıvan Muxtar Respublikası ƏƏSMN yanında X17 xidmətinin 19 sentyabr 2024-cü il tarixli ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarı ləğv edilsin, iş üzrə icraata xitam verilməlidir. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Culfa rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar