Məhkəmə qərarları › İş №3(089)-55/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-55/2024

31.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-55/2024 31.10.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs-xx xxxxx 1974-cü il tarixdə Türkiyə Respublikası, Mersin şəhərində doğulmuş, Türkiyə Respublikasının vətəndaşı, evli, orta təhsilli, sürücü işləyən, Türkiyə Respublikası, Mersin şəhəri, Toroslar, Osmaniye məhəlləsində yaşayan- barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 482.1-ci maddəsi ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində 16 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə EP № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, 15 sentyabr 2024-cü il tarixdə saat 00:29 radələrində Naxçıvan Muxtar Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına “market malları” yükü apararkən idarə etdiyi 33AVJ958/33ALP68 dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsində daşınan mallar, sürücü tərəfindən gömrük orqanına təqdim edilən xx.xx.2024-cü il tarixli 14030620 nömrəli mal-müşayiət sənədləri ilə eyniləşdirilmənin aparılması üçün iki nəfər hal şahidinin iştirakı ilə yoxlanılmış, yoxlama zamanı yük nəqliyyat vasitəsinin qoşqusunda, mal-müşayiət sənədlərində qeyd edilən mallardan əlavə olaraq gömrük orqanına yazılı və ya şifahi bəyan edilməyən 28 ədəd nərd, 21 ədəd şirniyyat qutusu (362 kq), 499 ədəd kitab, 92 qutu (49x410, 43x264) alüminium petlələr, 2 qutu çanta (100 ədəd), 60 ədəd üyüdücü funksiyalı istiot qabı, 78 ədəd taxta çərçivəli metaldan olan tablo, 23 ədəd mücrü, 108 ədəd həvəngdəstə, 52 ədəd mətbəx əşyası (taxtadan olan yemək əzən), 51 ədəd gələm gabı, 430 ədəd kisə, 7 ədəd plastik boyunbağı, 8 ədəd plastik biləklik, 35 dəst cənəmaz, 73 ədəd stol örtüyü, 25 ədəd rezin qəlib, 5 ədəd tabağ altlığı, 1200 ədəd şiş, 2 top gablaşdırma lenti və 1 qutu tək istifadəlik qab (8.4 kq) aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası İXM-nin 482.1. maddəsində malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda, inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, 22 oktyabr 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxmışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsində qeyd edilmişdir ki, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid4 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixində, saat 00:29-da “Culfa” gömrük postunda yük nəqliyyat vasitələrinin ölkəyə giriş istiqamətində, yük nəqliyyat vasitələrinin müayinəsi postunda xidmətdə olarkən İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyəyə gedən Türkiyə Respublikasının vətəndaşı, PU******** nömrəli xarici pasportun sahibi Şəxs idarə etdiyi 33AVJ958/33ALP68 qeydiyyat nişanlı, “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsində daşınan malların sürücü tərəfindən gömrük orqanına təqdim edilən yük sənədlərində qeyd edilənlərlə eynilik təşkil edib-etməməsini yoxlamaq məqsədi ilə həmin mallara yoxlanış etmək qərarına gəlmişdir. Daha sonra iki hal şahidi dəvət etmiş, onların iştirakı ilə malları yoxlamış, yoxlama zamanı yük nəqliyyat vasitəsinin qoşqusunda, mal-müşayiət sənədlərində qeyd edilən mallardan əlavə olaraq bəyan edilməyən həvəngdəstə, taxtadan olan yemək əzən, qələm qabı, kitab, 1 palet alüminium petlələr, çanta, üyüdücü funksiyalı istiot qabı, nərd, şirniyyat qutusu, taxta ramka, mücrü, kisə, plastik boyunbağı, tabaq altlığı, 1 qutu tək istifadəlik qab, şiş, top lenta, cənəmaz, stol örtüyü və rezin qəlib aşkar etmişdir. Sonda yoxlamanın aparılması və aşkarladığı malların götürülməsi barədə protokol tərtib etmiş və həmin protokol bütün iştrakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid2 izahatında bildirmişdir ki, 15 sentyabr 2024-cü il tarixdə “Culfa” gömrük postunda yük boşaltmağa işçi lazım olduğundan oraya getmişdir. Həmin gün təxminən saat 20:10-da yük boşaltdığı zaman Elvin adlı gömrük əməkdaşı ona və onunla birlikdə yük boşaldan Farizə yaxınlaşmış, İrandan gələn bir Türkiyə Respublikasının vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsinin yükünə yoxlama keçirəcəyini və onların da həmin yoxlamada hal şahidi qismində iştirak etmələrini xahiş etmiş, onlar da etiraz etməmişlər. Sonra onlar Elvin müəllimlə birlikdə yükün yoxlanacağı anbara getmişlər. Elvin müəllim Türkiyə Respublikasının vətəndaşı Şəxsı onlara təqdim etmiş, yük-nəqliyyat vasitəsinin həmin şəxsə məxsus olduğunu bildirmişdir. Yoxlama başlamazdan əvvəl onlara hüquq və vəzifələri barədə məlumat verilmiş, daha sonra Elvin müəllim yük-nəqliyyat vasitəsində olan yükü yoxlamağa başlamışdır. Elvin müəllim yoxlama zamanı qoşquda olan malların arasında yük sənədlərində qeyd olunmayan şirniyat qəlibi, şirniyyat qutusu, qələm qabı, nərd, petləsi, ramka, mücrü, taxtadan yemək əzən, lenta , kitab, şiş, kisə, boyunbağı, tək istifadəlik plastik qab, səccadə, stol örtüyü, sumka, istiot üyütmək üçün qab, və.s adlarda mallar aşkarlamışdır. Yoxlamadan dərhal sonra aparılmış yoxlama barədə müvafiq sənədlər tərtib edilmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu izahat vermişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqini tapmışdır. İş materillarına əlavə edilmiş 15 sentyabr 2024-cü il tarixli yoxlama, əşyaların və sənədlərin götürülməsi haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 00:29 radələrində X3 vasitəsilə İran İslam Respublikasından gələrək Naxçıvan Muxtar Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına “market malları” yükü aparan Türkiyə Respublikasının vətəndaşı, xx.xx.2024-cü il tarixdə verilmiş PU******** nömrəli xarici pasportun sahibi, xx.xx.1974-cü il təvəllüdlü Şəxs idarə etdiyi 33AVJ958/33ALP68 qeydiyyat nişanlı, “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsində xx.xx.2024-cü il tarixli 14030620 nömrəli İnvoice sənədi ilə mallara eyniləşdirilmənin aparılması üçün 2 nəfər hal şahidinin iştirakı ilə baxış keçirilmiş, yük nəqliyyat vasitəsinin qoşqusunda, mal-müşayiət sənədlərində qeyd edilən mallardan əlavə olaraq gömrük orqanına yazılı və ya şifahi bəyan edilməyən 28 ədəd nərd, 21 ədəd şirniyyat qutusu (362 kq), 499 ədəd kitab, 92 qutu (49x410, 43x264) alüminium petlələr, 2 qutu çanta (100 ədəd), 60 ədəd üyüdücü funksiyalı istiot qabı, 78 ədəd taxta çərçivəli metaldan olan tablo, 23 ədəd mücrü, 108 ədəd həvəngdəstə, 52 ədəd mətbəx əşyası (taxtadan olan yemək əzən), 51 ədəd gələm gabı, 430 ədəd kisə, 7 ədəd plastik boyunbağı, 8 ədəd plastik biləklik, 35 dəst cənəmaz, 73 ədəd stol örtüyü, 25 ədəd rezin gəlib, 5 ədəd tabag altlığı, 1200 ədəd şiş, 2 top gablaşdırma lenti və 1 qutu tək istifadəlik qab (8.4 kq) aşkarlanmışdır. İş materiallarına əlavə edilmiş 16 oktyabr 2024-cü il tarixli, 1139 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən təzə vəziyyətdə olan tədqiqat obyektlərinin 2024-cü ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 28481 manat müəyyən edilir. Digər 499 ədəd fars əlifbası ilə yazılmış kitablar satışda olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin qeyd hissəsində qeyd edilmişdir ki, “İnzibati Xətalar Məcəllənin 479-481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinməli və “Culfa” gömrük postunun müvəqqəti saxlanc anbarında saxlanılan, inzibati xətanın bilavasitə obyekti olan mallar müsadirə edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, nəzərə alır. İnzibati məsuliyyəti ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26-cı maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmçinin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Odur ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti dövlət büdcəsinə aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, “Culfa” gömrük postunun müvəqqəti saxlanc anbarında saxlanılan 10 ədəd çanta ilə birlikdə işləməli nərd taxta (bir ədədinin qiyməti 500 manat), 18 ədəd nərd taxta (bir ədədinin qiyməti 60 manat), ümumi çəkisi 362 kq olan 21 bağlama şirniyyat qutusu (bir ədədinin qiyməti 3.50 manat), 499 ədəd fars əlifbası ilə yazılmış kitab, 49 qutu hər birində 410 ədəd olan alüminium petlə (bir ədədinin qiyməti 0.50 manat), 43 qutu hər birində 264 ədəd olan alüminium petlə (bir ədədinin qiyməti 0.50 manat), 2 qutu hər birində 50 ədəd olan iki tutacaqlı çanta (bir ədədinin qiyməti 0.20 manat), 60 ədəd üyüdücü funksiyalı istiot qabı (bir ədədinin qiyməti 4 manat), 15 ədəd 35x40 sm ölçülü taxta çərçivəli metaldan olan tablo (bir ədədinin qiyməti 30 manat), 15 ədəd 35x40 sm ölçüdə taxta çərçivəli metaldan olan tablo (bir ədədinin qiyməti 25 manat), 15 ədəd 30x25 sm ölçülü taxta çərçivəli metaldan olan tablo (bir ədədinin qiyməti 20 manat), 20 ədəd 25x20 sm ölçülü taxta çərçivəli metaldan olan tablo (bir ədədinin qiyməti 15 manat), 13 ədəd 24x20 sm ölçülü qutulu çərçivə (bir ədədinin qiyməti 15 manat), 5 ədəd rombşəkilli 20x20 sm ölçülü mücrü (bir ədədinin qiyməti 8 manat), 18 ədəd düzbucaq şəkilli 5x6 sm ölçülü mücrü (bir ədədini qiyməti 5 manat), 108 ədəd həvəngdəstə (bir ədədinin qiyməti 2 manat), 52 ədəd mətbəx əşyası (taxtadan olan yemək əzən) (bir ədədinin qiyməti 1.50 manat), 51 ədəd qələm qabı (bir ədədinin qiyməti 8 manat), 430 ədəd kisə (bir ədədinin qiyməti 1 manat), 07 ədəd plastik boyunbağı qutusu ilə birlikdə (bir ədədinin qiyməti 50 manat), 8 ədəd plastik biləklik qutusu ilə birlikdə (bir ədədinin qiyməti 50 manat), 35 ədəd 96x96 sm ölçülü cənəmaz (bir ədədinin qiyməti 5 manat), 20 ədəd 150x150 sm ölçülü stol örtüyü (bir ədədini qiyməti 6 manat), 20 ədəd diametri 150 sm ölçülü dairə formasında stol örtüyü (bir ədədinin qiyməti 6 manat), 33 ədəd 100x100 sm ölçülü stol örtüyü (bir ədədinin qiyməti 5 manat), 25 ədəd rezin qəlib (şirniyyat hazırlamaq üçün) (bir ədədinin qiyməti 2 manat), 5 ədəd tabaq altlığı (bir ədədinin qiyməti 1 manat), 1200 ədəd kabab şişi (bir ədədinin qiyməti 0.70 manat), ümumi çəkisi 5 kq olan 2 top qablaşdırma lenti (1 kq 5 manat), ümumi çəkisi 8.4 kq olan tək istifadəlik qab (1 kq 2.50 manat) müsadirə edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat dövlət büdcəsinə aid edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar