Məhkəmə qərarları › İş №3(089)-56/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-56/2024

31.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-56/2024 31.10.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs-xx.xx.1957-ci il tarixdə Türkiyə Respublikası, Erzurum şəhəri, Tortum rayonunda doğulmuş, Türkiyə Respublikasının vətəndaşı, evli, orta təhsilli, sürücü işləyən, Türkiyə Respublikası, Erzurum şəhərində yaşayan-barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 480-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində 17 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə EP № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, o, 05 oktyabr 2024-cü il tarixdə saat 21:50-də X3 vasitəsilə İran İslan Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedərkən idarə etdiyi 34CJG367/04AAP725 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz” markalı yük nəqliyyat vasitəsi “Culfa” gömrük postunun ərazisində yerləşən anbarda yoxlanılması zamanı həmin yük nəqliyyat vasitəsinin mühərrikinin üzərində gizlədilmiş 40 qutu (800 ədəd) üzərində “PALLMALL” yazısı olan, 40 qutu (800 ədəd) üzərində “PALLMALL GB FİT” yazısı olan və 50 qutu (1000 ədəd) üzərində “CAMEL” yazısı olan, ümumilikdə 130 qutu (2600 ədəd) Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan siqaretlər aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsində malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati məsuliyyət müəyyən edilmişdir. Az miqdarda olduqda dedikdə əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, 22 oktyabr 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxmışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsində qeyd edilmişdir ki, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid1 izahatında bildirmişdir ki, hazırda Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və istintaq idarəsinin Əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili vəzifəsində çalışır. xx.xx.2024-cü il tarixində iş qrafikinə uyğun olaraq “Culfa" gömrük postunda xidmətdə olarkən İran İslam Respublikasından gələn Türkiyə Respublikasına məxsus 34CJG367 nömrəli yük nəqliyyat vasitəsinə yaxınlaşmış, bu zaman həmin nəqliyyat vasitəsinin sürücüsünün adının Şəxs olduğunu öyrənmişdir. Sonra sürücüdən idarə etdiyi yük nəqliyyat vasitəsinə və daşıdığı yükə yoxlanış edəcəyini, onun üzərində, idarə etdiyi yük nəqliyyat vasitəsində və daşıdığı yükdə bəyan edilməli və ya qanunla qadağan olunmuş nəyinsə olub-olmamasını soruşmuş, sürücü isə qadağan olunmuş heçnəyinin olmadığını bildirmişdir. O “Culfa” gömrük postunun əməkdaşı Şahid2 nəqliyyat vasitəsinin yoxlanışında videoçəkiliş aparmaqla ona kömək etməsi üçün dəvət etmişdir. Daha sonra həmin nəqliyyat vasitəsini yoxlamaq üçün anbara aparmış, anbarda videoçəkiliş aparılmaqla nəqliyyat vasitəsinə baxış keçirməyə başlamışlar. Yoxlama zamanı nəqliyyat vasitəsinin mühərrikinin üzərində gizlədilmiş 40 qutu (800 ədəd) üzərində “PALLMALL” yazısı olan, 40 qutu (800 ədəd) üzərində "PALLMALL GB FİT” yazısı olan və 50 qutu (1000 ədəd) üzərində “CAMEL" yazısı olan, ümumilikdə 130 qutu (2600 ədəd) Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan siqaretlər aşkar etmişdir. Sonda yoxlamanın aparılması və aşkarladığı siqaretlərin qablaşdırılaraq götürülməsi barədə protokol tərtib etmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ilə eyni məzmunda izahat vermişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş 06 oktyabr 2024-cü il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan görünür ki, 05 oktyabr 2024-cü il tarixdə X3 vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedən, Türkiyə Respublikasının vətəndaşı, Erzurum şəhər sakini, xx.xx.2024-cü il tarixdə verilmiş U******** nömrəli pasportun sahibi, xx.xx.1957-ci il təvəllüdlü Şəxs idarə etdiyi 34CJG367/04AAP725 dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsinə gömrük nəzarəti xəttində növbəlilik prinsipi əsasında “Culfa” gömrük postunun böyük inspektoru gömrük xidməti kapitanı Şahid2 tərəfindən videoçəkiliş aparılmaqla yoxlama keçirilmiş, yoxlama zamanı nəqliyyat vasitəsinin mühərrikinin üzərində gizlədilmiş 40 qutu (800 ədəd) üzərində “PALLMALL” yazısı olan, 40 qutu (800 ədəd) üzərində "PALLMALL GB FİT” yazısı olan və 50 qutu (1000 ədəd) üzərində “CAMEL" yazısı olan ümumilikdə 130 qutu (2600 ədəd) Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan siqaretlər aşkarlanmışdır. Azərbaycan Respublikası Nazirlər kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarının” 2.1.10-cu bəndinə əsasən fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş 200 ədəd siqaret (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər. İş materiallarına əlavə edilmiş 16 oktyabr 2024-cü il tarixli, 1222 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş ümumilikdə 130 qutu siqaretlərin hadisə baş verən tarixə yəni, 2024-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 158,00 (bir yüz əlli səkkiz) manat, o cümlədən 01 qutu (20 ədəd) “PALL MALL” markalı siqaretin orta bazar qiyməti 1,10 manat, 40 qutu- (1,10 x 40)= 44,00 (qırx dörd) manat , 01 qutu (20 ədəd) “PALL MALL GB FİT” markalı siqaretin orta bazar qiyməti 1,10 manat, 40 qutu- (1,10 x 40)= 44,00 (qırx dörd) manat, 01 qutu (20 ədəd) “CAMEL” markalı siqaretin orta bazar qiyməti 1,40 manat, 50 qutu- (1,10 x 50)= 70,00 (yetmiş) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin qeyd hissəsində qeyd edilmişdir ki, “İnzibati Xətalar Məcəllənin 479-481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməli və inzibati xətanın bilavasitə obyekti olan mallar, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 130 qutu siqaretlər müsadirə edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, nəzərə alır. İnzibati məsuliyyəti ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26-cı maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmçinin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Odur ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 40 manat məbləğində pul vəsaiti dövlət büdcəsinə aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan üzərində “PALL MALL” yazısı olan 40 qutu (800 ədəd) (bir qutunun qiyməti 1.10 manat) , üzərində “PALL MALL GB FİT” yazısı olan 40 qutu (800 ədəd) (bir qutunun qiyməti 1.10 manat), üzərində “CAMEL” yazısı olan 50 qutu (1000 ədəd) (bir qutunun qiyməti 1.40 manat) siqaretlər müsadirə edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 40 manat dövlət büdcəsinə aid edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar