Məhkəmə qərarları › İş №3(089)-57/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-57/2024

01.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-57/2024 01.11.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3-xx.xx.1984-cü il tarixdə İran İslam Respublikasının Miandoab şəhərində doğulmuş, İran İslam Respublikasının vətəndaşı, evli, orta təhsilli, sürücü işləyən, İran İslam Respublikası, Miandoab şəhərində yaşayan-barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 480, 482.1-ci maddələri ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X6 barəsində 17 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480, 482.1-ci maddələri ilə EP № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, o, 07 oktyabr 2024-cü il tarixdə saat 15:13-də X8 vasitəsilə İran İslan Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına “yuyucu vasitə xammalı” yükü apararkən idarə etdiyi 83AB557/83AB558 dövlət qeydiyyat nişanlı, “DAF XF480FT” markalı yük nəqliyyat vasitəsi “Culfa” gömrük postunun ərazisində yerləşən anbarda növbəlilik prinsipi əsasında kinoloji xidmət iti tətbiq edilməklə yoxlanılmış, yoxlama zamanı qoşqunun sağ yan dolabından 16.25 kq, dartıcıdakı yataq yerinin üstündən 27.7 kq, dartıcıda sürücünün başının üzərindəki orta dolabdan 9.8 kq olmaqla, ümumi çəkisi 91.4 kq olan bəyan edilməmiş avtomobil ehtiyat hissələri və xidməti itin reaksiyası nəticəsində həmin yük nəqliyyat vasitəsinin akkumulyatorunun qapağının altında gizlədilmiş 50 qutu (1000 ədəd) “PALLMALL”, dartıcının idarəetmə panelinin içərisində gizlədilmiş 50 qutu (1000 ədəd) “PALLMALL” və 10 qutu (200 ədəd) “OSCAR” və dartıcının idarəetmə panelinin orta hissəsindəki çəkməcənin altında gizlədilmiş 50 qutu (1000 ədəd) “PALLMALL” yazısı olan, Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan siqaretlər aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası İXM-nin 480 və 482.1-ci maddələrində malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati məsuliyyət müəyyən edilmişdir. Az miqdarda olduqda dedikdə əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, 22 oktyabr 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirakı olmadan baxmışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsində qeyd edilmişdir ki, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid3 izahatında bildirmişdir ki, gömrük orqanlarında xidmət edir. xx.xx.2024-cü il tarixində gündəlik iş qrafikinə uyğun olaraq “Culfa” gömrük postunda xidmətdə olarkən təxminən saat 15 radələrində Əməliyyat şöbəsinin əməliyyatçısı Şahid2 ona zəng vurmuş, İran İslam Respublikasından gələn İran İslam Respublikası vətəndaşının idarə etdiyi 83AB557/83AB558 dövlət qeydiyyat nişanlı, “DAF XF480FT” markalı yük nəqliyyat vasitəsinə yoxlama keçirəcəyini, onun da həmin yoxlamada videoçəkiliş etməyini xahiş etmişdir. O, yoxlamanın keçiriləcəyi anbara getmiş, orada onun tərəfindən video çəkiliş aparılmaqla Qaya nəqliyyat vasitəsinin ətrafını yoxlamağa başlamış və yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunun sağ yan dolabından 37.65 kq, sol yan dolabından 16.25 kq, dartıcıdakı yataq yerinin üstündən 27.7 kq, dartıcıda sürücünün başının üzərindəki orta dolabdan 9.8 kq, ümumilikdə çəkisi 91.4 kq olan bəyan edilməmiş avtoehtiyyat hissəsi aşkar etmişdir. Sonra kinoloq Şahid1 “Tavr” ləqəbli xidməti itlə nəqliyyat vasitəsinə baxış keçirmiş və xidməti it dartıcının akkumlyator olan hissəsinə reaksiya vermişdir. Bundan sonra Qaya və Nurlan itin reaksiya verdiyi hissəyə baxış keçirmiş, akumlyatorun qapağının altında gizlədilmiş 50 qutu (1000 ədəd) “PALLMALL”, dartıcının idarəetmə panelinin içərisində gizlədilmiş 50 qutu (1000 ədəd) “PALLMALL” və 10 qutu (200 ədəd) “OSCAR” və dartıcının idarəetmə panelinin orta hissəsindəki çəkməcənin altında gizlədilmiş 50 qutu (1000 ədəd) “PALLMALL” yazısı olan siqaretlər aşkar edilmişdir. Sonda yoxlamanın aparılması barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. X6 tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi şahid izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş 07 oktyabr 2024-cü il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan görünür ki, 07 oktyabr 2024-cü il tarixdə X8 vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına “yuyucu vasitə xammalı” yükü aparan, İran İslam Respublikasının vətəndaşı, Miandoab şəhər sakini, xx.xx.2022-ci il tarixdə verilmiş V******** nömrəli pasportun sahibi, xx.xx.1984-cü il təvəllüdlü X3 idarə etdiyi 83AB557/83AB558 dövlət qeydiyyat nişanlı, “DAF XF480FT” markalı yük nəqliyyat vasitəsinə kinoloji xidmət iti tətbiq edilməklə gömrük nəzarəti xəttində növbəlilik prinsipi əsasında “Azərterminalkompleks” X2 Dəstəyin Təşkili İdarəsinin Kinoloji fəaliyyətə yardım şöbəsinin instruktor-kinoloqu Şahid1 iştirakı ilə yoxlama keçirilmiş, yoxlama zamanı qoşqunun sağ yan dolabından 16.25 kq, dartıcıdakı yataq yerinin üstündən 27.7 kq, dartıcıda sürücünün başının üzərindəki orta dolabdan 9.8 kq olmaqla, ümumi çəkisi 91.4 kq olan bəyan edilməmiş avtonəqliyyat hissə və xidməti itin reaksiyası nəticəsində həmin yük nəqliyyat vasitəsinin akkumulyatorunun qapağının altında gizlədilmiş 50 qutu (1000 ədəd) “PALLMALL”, dartıcının idarəetmə panelinin içərisində gizlədilmiş 50 qutu (1000 ədəd) “PALLMALL” və 10 qutu (200 ədəd) “OSCAR” və dartıcının idarəetmə panelinin orta hissəsindəki çəkməcənin altında gizlədilmiş 50 qutu (1000 ədəd) “PALLMALL” yazısı olan, Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan siqaretlər aşkarlanmışdır. İş materiallarına əlavə edilmiş 09 oktyabr 2024-cü il tarixli maddi sübuta baxış keçirilməsi haqqında protokoldan görünür ki, 07 oktyabr 2024-cü il tarixində saat 15:13-də X8 vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına “yuyucu vasitə xammalı” yükü aparan, İran İslam Respublikasının vətəndaşı X3 idarə etdiyi 83AB557/83AB558 dövlət qeydiyyat nişanlı, “DAF XF480FT” markalı yük nəqliyyat vasitəsinin yoxlanılması nəticəsində aşkar edilmiş ümumilikdə çəkisi 91.4 kq olan avtonəqliyyat hissəsinə ümumilikdə 150 qutu (3000 ədəd) üzərində “PALLMALL” yazısı olan və 10 qutu (200 ədəd) “OSCAR” yazısı olan, Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan siqaretlərə yenidən baxış keçirilmiş, baxış zamanı yük nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş predmetlərin ümumilikdə 150 qutu (3000 ədəd) üzərində “PALLMALL” yazısı olan və 10 qutu (200 ədəd) üzərində “OSCAR” yazısı olan Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan siqaretler olduğu və ümumilikdə çəkisi 91.4 kq olan predmetlərin gümüşü rəngli, yük nəqliyyat vasitələrinin tormoz sistemində istifadə olunan 7 komplekt və 13 ədəd komplekt hissənin parçaları olan ehtiyat hissələr olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarının” 2.1.10-cu bəndinə əsasən fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş 200 ədəd siqaret (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər. İş materiallarına əlavə edilmiş 17 oktyabr 2024-cü il tarixli, 1223 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş tədqiqat obyektlərinin hadisə baş verən tarixə yəni, 2024-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 873 (səkkiz yüz yetmiş üç) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin qeyd hissəsində qeyd edilmişdir ki, “İnzibati Xətalar Məcəllənin 479-481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, X6 Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 480 və 482.1-ci maddəkəri ilə təqsirli bilinməli və inzibati xətanın bilavasitə obyekti olan mallar, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan ümumi çəkisi 91.4 kq olan avtoehtiyyat hissə və 160 qutu siqaretlər müsadirə edilməlidir. Məhkəmə X4 inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, X3 şəxsiyyətini, onun təqsirinin dərəcəsini, nəzərə alır. İnzibati məsuliyyəti ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26-cı maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmçinin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Odur ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 40 manat məbləğində pul vəsaiti dövlət büdcəsinə aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480, 482.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan üzərində “PALLMALL” yazısı olan 150 qutu (3000 ədəd) (bir qutunun qiyməti 1.10 manat), üzərində “OSCAR” yazısı olan 10 qutu (200 ədəd) (bir qutunun qiyməti 1.30 manat) siqaretlər, 7 dəst yük nəqliyyat vasitələrinin əyləc (tormoz) sistemində istifadə olunan ehtiyyat hissələri 560 manat (7 dəst x 80,00 manat), 2 ədəd hər birinin diametri 20 sm, dərinliyi 7 sm, içərisində 3 ədəd yumru formada dəlik olan qapaq 16 manat (2 ədəd x 8,00 manat), 2 ədəd hər birinin diametri 20 sm, dərinliyi 10 sm, içərisində 1 ədəd dəlik olan qapaq 20 manat (2 ədəd x 10,00 manat), 2 ədəd hər birinin diametri 20 sm, dərinliyi 5 sm, arxasında 2 ədəd çöl dişli, çoxüzlü yivli halqalı qapaq 24 manat (2 ədəd x 12,00 manat), 3 ədəd hər birinin diametri 20 sm, eni 9 sm, yumru formada olan disk 45 manat (3 ədəd x 15,00 manat), 2 ədəd diametri 20 sm, dərinliyi 6 sm, 2 ədəd çöl dişi olan qapaq 24 manat (2 ədəd x 12,00 manat), 2 ədəd diametri 14 sm, eni 1 sm olan yumru formada qapaq 6 manat (2 ədəd x 3,00 manat) müsadirə edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 40 manat dövlət büdcəsinə aid edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar