Məhkəmə qərarları › İş №3(089)-58/2025

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-58/2025

15.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-58/2025 15.09.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi və Şəxs iştirakı ilə, Şəxs- xx xxx 1989-cu il tarixdə Culfa rayonunun Saltaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, 2 uşaq atası, Naxçıvan Dövlət Universitetində müəllim işləyən, Culfa rayonunun Saltaq kəndində qeydiyyatda olan və yaşayan-barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 590.1-ci maddəsi ilə Culfa Rayon Polis X9 Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində 01 sentyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, 17 iyul 2025-ci il tarixdə mülkiyyətində olan silahın saxlanması və daşınması qaydasını pozmuşdur. Azərbaycan Respublikası İXM-nin 590.1-ci maddəsində müvafiq icra hakimiyyəti orqanından (AR Daxili İşlər Nazirliyi) xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə inzibati məsuliyyət müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmiş, izahatında bildirmişdir ki, təxminən 2017-ci il tarixdə rəhmətə gedən babası Şəxs yadigar qalan, onun adına qeydiyyatda olan 12 kalibrli, Teksan markalı, ******* nömrəli qoşa lüləli ov silahını 2022-ci il tarixdə öz adına sənədləşdirmişdir. Həmin silahı 2022-ci il tarixdən etibarən bir müddət Culfa rayonu, Saltaq kəndində yerləşən mənzilində saxlamış, sonra isə evində əsaslı təmir işləri getdiyi üçün ailəsi ilə birlikdə Culfa rayonu, Saltaq kəndində yaşayan atası Hüseyn Qənbərovgilin mənzilinə köçmüş və həmin vaxt təhlükəsizliyi təmin etmək üçün silahı seyfi ilə birlikdə atası Hüseyn Qənbərovun evinə aparmışdır. 17 iyul 2025-ci il tarixdə o, evdə olmayan vaxtda, günorta saatlarında atası Hüseyn Qənbərov ona məxsus olan ov silahını götürmüş, həmkəndlisi X4 və bibioğlusu X5 ilə birlikdə Culfa rayonu, Gülüstan kəndinin yaxınlığında olan dağlıq sahəyə kəklik ovlamaq üçün getmişlər. Həmin vaxt ov etmədən geri qayıtmışlar. Bundan sonra polis əməkdaşları həmkəndlisi Həbib Sadiqovdan qanunsuz olaraq saxladığı ov silahını aşkar edərək götürmüş, sonra isə atası X7 Sadiqovu Culfa rayon Polis Şöbəsinə izahat vermək üçün dəvət etmişlər. Hadisədən sonra atası Hüseyn Qənbərova onun silahı ilə ov etmək üçün dağlıq sahəyə getdikləri üçün irad bildirmişdir. Özünə məxsus olan ov silahı ilə atası Hüseyn Qənbərov bundan əvvəlki vaxtlarda heç vaxt qanunsuz olaraq ov etməmiş və silahı onun məlumatı olmadan istifadə etməmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid1 izahatında bildirmişdir ki, 17 iyul 2025-ci il tarixdə X8 əməkdaşları ona zəng etmiş, X3 evinin yanına getməyini xahiş etmişlər, o da deyilən ünvana getmişdir. Polis əməkdaşları Hüseyn Qənbərovu çağırmış, onda qanunsuz silah olduğunu və həmin silahın təhvil verilməsini xahiş etmişlər. Hüseyn Qənbərov silahı polis əməkdaşlarına təhvil vermiş, həmin silahın oğlu Şəxs məxsus qanuni, sənədli ov silahı olduğu müəyyən edilmişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi özünün izahatı, şahid izahatı, həmçinin inzibati xəta haqqında işin materialları ilə öz təsdiqini tapmışdır. İş materillarına əlavə edilmiş 01 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 17 iyul 2025-ci il tarixdə mülkiyyətində olan silahın saxlanması və daşınması qaydasını pozmuş, nəticədə Şəxs tərəfindən AR Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. 18 avqust 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən edilir ki, Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, əməlində İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsinin tərkib əlamətləri olduğundan, onun barəsində inzibati icraat başlanılması üçün qərarın surəti Culfa Rayon Polis X1 Bölməsinə göndərilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs mülki silahın saxlanması qaydalarını pozmaqla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi sübuta yetirildi. Bu səbəbdən məhkəmə hesab edir ki, onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Şəxs tərəfindən inzibati xəta hadisəsinin törədilməsi inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə təqsirli bilinməli, silah müsadirə edilməməklə 70 manat məbləğində cərimə edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə almışdır. İnzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində silah müsadirə edilməməklə 70 manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar