Məhkəmə qərarları › İş №3(089)-6/2022

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-6/2022

26.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-6/2022 26.04.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs Şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs-xx xxxx 1985-ci il tarixdə Ordubad rayonunun Dəstə kəndində doğulmuş, orta təhsilli, evli, Ordubad rayonunun Dəstə kəndində yaşayan-barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 499.2-ci maddəsi ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində 13 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə 119023 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs 14 fevral 2022-ci il tarixdə Culfa gömrük sərhəd buraxılış məntəqəsindən keçməklə İİR-na gedərkən **********03156 nömrəli bəyannamədə qeyd edilən 1 ədəd “Kazan” markalı qarmonu və 1 ədəd “Korg PA800” markalı sintezatoru, 03.03.2022-ci il tarixdə isə **********04167 nömrəli bəyannamədə qeyd edilən 1 ədəd “Korg-PA 50” markalı sintezatoru gömrük ərazisindən müvəqqəti aparmış və həmin malların 10.03.2022-cı il tarixdə geri qaytarılmasına dair öhdəlik götürmüş, malların geri qaytarılmasına dair müəyyən olunmuş müddətin bitməsinə baxmayaraq, geri qaytarmamışdır. Azərbaycan Respublikası İXM-nin 499.2-ci maddəsində aparılması və ya qaytarılması məcburi olan əvvəllər gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamasına və ya bu əraziyə qaytarılmamasına görə inzibati məsuliyyət müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 499.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmiş, izahatında bildirmişdir ki, Ordubad rayonunun Dəstə kəndində yaşayır, 15 ildir ki, musiqiçi kimi fəaliyyət göstərir. 14.02.2022-ci il tarixdə əvvəlcədən 1300 manata aldığı 1 ədəd “Korg PA800” markalı sintezatoru və 1 ədəd “Kazan” markalı qarmonu satmaq məqsədilə Culfa gömrük məntəqəsindən keçirərək İrana aparmış, sintezatoru əvvəlcədən musiqiçi kimi tanıdığı iranlı Əlirza adlı şəxsə 1500 manata, qarmonu isə musiqi alətləri ustası kimi tanıdığı Behram adlı iranlıya 200 manata satmışdır. 16.02.2022-ci il tarixdə İrandan qayıtmış, 03.03.2022-ci il tarixdə qaynı Emilə məxsus 1 ədəd “Korg PA 50” markalı sintezatoru satmaq məqsədilə İrana aparmış, Təbriz şəhərində musiqi alətləri satılan dükana 600 manata satmışdır. Şəxs izahatında onu da bildirmişdir ki, 14.02.2022-ci il tarixdə 1 ədəd “Korg PA800” markalı sintezatoru və 1 ədəd “Kazan” markalı qarmonu, 03.03.2022-ci il tarixdə 1 ədəd “Korg PA 50” markalı sintezatoru İİR-na aparan zaman Culfa GKM-də gömrük əməkdaşları musiqi alətlərini İrana aparmasının səbəbini soruşmuş, təmir üçün apardığını, qeri qaytaracağını bildirmiş, musiqi alətlərinin müvəqqəti aparılmasına dair bəyannamə imzalamış, musuqi alətlərini geri qaytarmamış, geri qaytarılması mümkün deyil. Hərəkətindən çox peşimandır, ədalətli qərar qəbul edilməsini xahiş edir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi özünün izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqinin tapmışdır. Belə ki, iş materillarına əlavə edilmiş 14 fevral 2022-ci il tarixli və 03 mart 2022-ci il tarixli sədləşdirilmiş bəyannamələrdən müəyyən edilir ki, həqiqətən də Şəxs 14.02.2022-ci il tarixdə 1 ədəd “Korg PA800” markalı sintezatoru və 1 ədəd “Kazan” markalı qarmonu, 03.03.2022-ci il tarixdə 1ədəd “Korg PA 50” markalı sintezatoru müvəqqəti olarq, yəni qaytarmaq şərtilə İİR-na aparmış, lakin geri qaytarmamışdır. İş materiallarına əlavə edilmiş 12 aprel 2022-ci il tarixli, 90 nömrəli ekspert rəyindən görünür ki, 1 ədəd “Kazan” markalı istifadə olunmuş qarmonun nəzəri hesablama yolu ilə orta bazar qiyməti 110 manat, 1 ədəd “Korg PA800” markalı istifadə olunmuş sintezatorun nəzəri hesablama yolu ilə orta bazar qiyməti 860 manat və 1 ədəd “Korg PA 50” markalı istifadə olunmuş sintezatorun nəzəri hesablama yolu ilə orta bazar qiyməti 530 manat müəyyən edilmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə təqsirli bilinməli, inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin yetmiş faizi məbləğdə cərimə edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin inzibati məsuliyyəti yüngülləşdirən halları, yəni Şəxs hərəkətindən peşman olmasını nəzərə almışdır. İnzibati məsuliyyəti ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Şəxs inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin, 1500 manatın yetmiş faizi, 1050 manat məbləğdə cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar