Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-60/2024 01.11.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa rayon məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, zərərçəkmiş şəxs Şahid2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Culfa rayonunun Boyəhməd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, lll qrup əlil, təqaüdçü, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.8-ci maddəsi ilə Culfa rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyən etdi: xx.xx.2024-cü il tarixdə Şahid1 idarə etdiyi **-BD-*** dövlət qeydiyyat nişanlı "SAİPA 132 SE” markalı avtomobili ilə qonşusu Şahid2 onun əri Qurban Əliyevin getdiyi təcili tibbi yardın avtomobilinin ardınca xəstəxanaya aparmaq niyyəti ilə Elşad Nağıyev küçəsində hərəkətdə olan zaman Şəxs idarə etdiyi **-BD-*** dövlət qeydiyyat nişanlı "NAZ LİFAN LF162/2-320" markalı avtomobili ilə geriyə dönmə əməliyyatını icra etmək istəyərkən Şahid1 idarə etdiyi avtomobillə toqquşmuş və Şahid2 sağlamlığına yüngül zərər dəymişdir. Bununla da, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Culfa rayon Polis Şöbəsi DYPQ-nın baş dövlət avtomobil müfəttişi X3 tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Culfa rayon X4 və Təhqiqat Qrupunun təhqiqatçısı, polis leytenantı X2 xx.xx.2024-cü il tarixli qərarı əsasında tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətaya görə özünü təqsirli bilmiş, izahatında bildirmişdir ki, xx.xx.2024-cü İİ tarixdə saat 16:50 radələrində özünə məxsus olan “NAZ Lifan 320” markalı avtomobil ilə kənddən öz təsərrüfatından yığıb gətirdiyi pomidoru satmaq üçün Culfa şəhərində gəzmiş, avtomobili çörək mağazasının qarşısında saxlamış, 2 ədəd çörək almış, sonra isə avtomobilinə əyləşmiş, evinə doğru getmək istəmiş, təxminən 20 metr irəli getmiş, yolun ortasındakı qoşa xəttin qırıq hissəsindən əks istiqamətli yol ilə geriyə qayıtmaq istəmişdir. O dönmə işığını vurmuş, geriyə dönən zaman yolun ortasında olan qoşa xəttin yarısını keçmiş, yolun ortasında olan zaman sol tərəfindən əsas yol ilə gələn, sonradan adının Zakir olduğunu bildiyi şəxs avtomobil ilə onun avtomobilinin sol tərəfindən vurmuşdur. Avtomobillərin toqquşması zamanı sol qolunda ağrının yarandığını hiss etmiş, avtomobilin qapısını açmaq istəsə də sol qapı əzildiyinə görə qapısını aça bilməmişdir. Bu zaman baş vermiş hadisə ilə bağlı ətrafdakı tanımadığı şəxslər toplaşmış, ona köməklik edib avtomobildən çıxarmışlar. Həmin vaxt qolundakı ağrılar şiddətli olduğundan sonra baş verənləri xatırlamır, lakin, hadisə yerinə polis əməkdaşlarının gəlib müayinə apardıqlarını, onu avtomobildən çıxaran şəxslərin onu Culfa Rayon Mərkəzi Xəstəxanasına apardıqlarını xatırlayır. Xəstəxanada həkimlər onu müayinə etmiş, qolunda sınıqlar olduğundan Naxçıvan MR Mərkəzi Xəstəxanasına göndərilmişdir. Naxçıvan Mərkəzi xəstəxanasında sol qolunun körpücük hissəsində olan sümüyün sınığı diaqnozu qoyulmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs Şahid2 verdiyi izahatında bildirmişdir ki, həyat yoldaşı Qurban Əliyevin ağciyərində uzun müddətdir ki, xəstəlik var. xx.xx.2024-cü il tarixdə saat 16:40 radələrində həyat yoldaşı Qurban Əliyev özünü narahat hiss etmiş, X9 zəng vurmuş, məlumat vermişdir. Bir az sonra evlərinə X10 avtomobili gəlmiş və həyat yoldaşını Culfa Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Özü də xəstəxanaya getmək istəmiş, bərbər kimi qonşuluqda işləyən Şahid1 öz avtomobili ilə onu xəstəxanaya apara biləcəyini bildirmiş, onun avtomobilinə əyləşmiş, xəstəxanaya doğru getmişlər. Culfa şəhəri, Elşad Nağıyev küçəsində hərəkətdə olan zaman, Culfa Rayon Mərkəzi Xəstəxanasına çatmalarına az qalmış bir anda yolun ortasında bir avtomobil geriyə doğru dönmüş, onun əyləşdiyi avtomobil onun qarşısına anidən çıxan avtomobillə toqquşmuşdur. Avtomobillər toqquşan zaman başı anidən qarşısındakı oturacağa dəymiş, başından qan axmağa başlamışdır. Tez kömək çağırmış, avtomobilin sürücüsü Şahid1 avtomobildə olan dəsmalı ona vermişdir. Həmin dəsmalı alnına tutub başqa bir avtomobilə əyləşmiş, onu Culfa Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Orada həkim onu müayinə etmiş, alnındakı xəsarətin ciddi olduğunu, Naxçıvan MR Mərkəzi Xəstəxanasına getməsi tövsiyə edilmiş, X10 avtomobili ilə Naxçıvan MR Mərkəzi Xəstəxanasına getmişdir. Orada alnına 8 tikiş qoyulmuş, 2 saat sonra evə göndərilmişdir. Onun Şəxs tələbi, şikayəti yoxdur. Məhkəmə iclasında Şahid1 verdiyi izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə qonşusu Qurban adlı şəxs xəstəliyi ilə bağlı özünü narahat hiss etmiş, X9 zəng etmiş, X10 avtomobili Qurbanın yaşadığı ünvana gəlmiş, onu xəstəxanaya aparmışlar. X6 həyat yoldaşı Şahid2 özünə məxsus olan “Saipa 132” markalı avtomobillə Culfa Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Elşad Nağıyev küçəsində çörək sexinin qarşısına çatan zaman, uzaqdan dayandığını gördüyü avtomobilin sürücüsü anidən dönmə əməliyyatını yerinə yetirmiş, onun idarə etdiyi avtomobilin qarşısına çıxmış, avtomobilini saxlamağa çalışsa da ara məsafəsi qısa olduğundan avtomobilini saxlaya bilməmiş, “NAZ Lifan” markalı avtomobilin sol orta tərəfindən vurmuşdur. Toqquşmanın təsirindən avtomobilin hava yastıqları açılmışdır. Nəyin baş verməsinə aydınlıq gətirən zaman arxa oturacaqda əyləşmiş qonşusu Şahid2 başının ön oturacağa çırpıldığını və başından qan axdığını görmüş, avtomobilində olan dəsmalı Şahid2 başındakı qanın qarşısını almaq üçün vermişdir. O dəsmalı alıb alnına qoymuş, yerə enmiş, daha sonra tanımadığı bir avtomobil onların yanında saxlamış, Şahid2 xəstəxanaya aparmışdır. Özü isə hadisə yerində qalmış, hadisə yerinə polis əməkdaşları gəlmiş, hadisə yerinin müayinəsini aparmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 08 oktyabr 2024-cü il tarixli, 1169 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, NAZLİFAN LF7162/2-320 markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa imkanı olmuşdur. SAİPA 132 SE markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi tərəfindən verilən 73 saylı, xx.xx.2024-cü il tarixli canlı şəxsin məhkəmə-tibbi müayinəsindən görünür ki, 1959-cu il təvəllüdlü Şahid2 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthi üzrində aşkar edilmiş xəsarətlər: başın alın nahiyəsinin sol yarısının və sol təpə nahiyəsinin üzərində cərrahi tikişləri olan əzilmiş yarası, sol almacıq nahiyəsinin qançırı və burun əsasının sıyrığı bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, eləcə də sərnişini olduğu minik avtomaşında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri mümkündür, müddəti qərarın təsviri hissəsində göstərilən, eləcə də onun Naxçıvan MR xəstəxanasına müraciət etdiyi, yəni xx.xx.2024-cü il tarixə və şəraitə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətli pozulmasına səbəb olan sağlamlığa “yüngül” zərər vurmaya aid edilir Culfa rayon X4 və Təhqiqat Qrupunun təhqiqatçısı, polis leytenantı Məmmədov Eltun tərəfindən qəbul edilmiş 08 oktyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən hadisə ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzabat xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi özünün etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı, şahidin izahatı, Culfa rayon Polis Şöbəsi DYPQ-nın baş dövlət avtomobil müfəttişi Quliyev Səbuhi tərəfindən tərtib edilmiş 22 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və digər iş materialları ilə sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmçinin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Odur ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 128 manat məbləğində pul vəsaiti dövlət büdcəsinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nzərədə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 128 manat dövlət büdcəsinə aid edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №3(089)-60/2024
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-60/2024
01.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver