Məhkəmə qərarları › İş №3(089)-65/2023

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-65/2023

13.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-65/2023 13.10.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs-xx xxxxxxx 1981-ci il tarixdə Culfa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Culfa şəhərində yerləşən MP4 yanacaq doldurma məntəqəsində operator vəzifəsində işləyən, ünvan 1 ünvanında yaşayan-barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 590.2-ci maddəsi ilə Culfa rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində 29 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə 002078 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən xüsusi icazə almadan mülki silahı əldə etmiş, saxlamışdır. Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində müvafiq icra hakimiyyəti orqanından (AR Daxili İşlər Nazirliyi) xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə inzibati məsuliyyət müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak etmiş Şəxs özünü Azərbaycan Respublikası İXM-in 590.2ci maddəsi ilə təqsirli bilmiş, izahatında bildirmişdir ki, ünvan 1 ünvanında yaşayır, Culfa şəhərində yerləşən MP4 yanacaq doldurma məntəqəsində operator vəzifəsində işləyir. Təxminən 2023-cü ilin mart ayının sonlarında Culfa şəhərinin yaxınlığında yerləşən “Darı Dağı” deyilən yerə çaşır toplamaq üçün getmiş, bir ədəd sökülümüş vəziyyətdə olan ov silahı tapmışdır. Həmin silahın sahibinin olduğunu düşünərək yenidən torbasına bükərək həmin yerə qoymuş və çaşır toplamaq üçün yoluna davam etmişdir. Daha sonra evə qayıdan zaman yenidən həmin silahı götürmuş, Culfa şəhərinə çatana yaxın yeni tikilmiş X5 stansiyasından 100-150 metr aralıda Yaycı kəndi istiqamətində olan daşlıq ərazidə, daşların arasında gizlətmiş, silahdan istifadə etməmişdir. Bir neçə dəfə polisə təhvil vermək istəmiş, lakin qorxmuş və fikirindən daşınmışdır. Şəxs izahatında onu da bildirmişdir ki, silahın sənədləşdirilməsinin mümkün olmadığını intenet vasitəsilə öyrənmişdir. xx.xx.2023-cü il tarixdə Culfa Rayon Polis Şöbəsinin əməkdaşları onu çağırmış, qanunsuz olaraq silah saxladığını, silahı Polis Şöbəsinə təhvil verməsini bildirmişlər. Əvvəlvcə etiraf etməmiş, sonra polis əməkdaşlarını silahı gizlətdiyi yerə aparmış, bir ədəd 16 kalbirli, “ИЖК” markalı, A16128 nömrəli ov silahını gizlətdiyi yerdən götürmüşlər. Hərəkətlərindən çox peşmandır, ona kömklik edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid2 izahatında bildirmişdir ki, ünvan 3 ünvanında yaşayır, Culfa şəhər Mənzil İstismar İdarəsində fəhlə işləyir. 19 iyul 2023-cü il tarixdə Culfa şəhər sakini Şahid1 ilə söhbət etdikləri zaman Culfa Rayon Polis Şöbəsinin əməkdaşı onlara yaxınlaşmış, Şəxs yeni tikilmiş X5 stansiyasının yaxınlığında, Yaycı kəndi istiqamətində olan daşlıq əraziyə baxış keçirəcəklərini, onların da hal şahidi qismində iştirak etmələrini xahiş etmiş, etiraz etməmiş, polis əməkdaşı ilə əraziyə getmişlər. Onlara hüquq və vəzifələrini izah edilmişdir. Onların iştirakı ilə əraziyə baxış keçirilmiş, baxış zamanı Culfa şəhərinə yaxın ərazidə yeni tikilmiş X5 stansiyasından 100- 150 metr aralıda, Yaycı kəndi istiqamətində olan daşlıq ərazidə daşların arasından qara salofon torbaya bükülmüş halda olan əşya aşkar edilmiş, qara salofon torba açılmış, içərisində təküləli ov silahı olduğu müəyyən edilmiş, götürülmüş və bu barədə sənəd tərtib edilmiş, sənədi imzalamışlar. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid1 Şahid2 ilə eyni məzmunlu izahat vermişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi özünün səmimi etirafı, şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqinin tapmışdır. İş materillarına əlavə edilmiş 13 iyul 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Culfa şəhərinə çatana yaxın yeni tikilmiş X5 stansiyasından 100- 150 metr aralıda Yaycı kəndi istiqamətində olan daşlıq ərazidə daşların arasından qara salofon torbaya bükülmüş halda gizlədilmiş bir ədəd 16 kalbirli, “ИЖК” markalı, A16128 nömrəli təklüləli ov silahı aşkar edilərək götürülmüşdür. 03 avqust 2023-cü il tarixli 722 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyində qeyd edilmişdir ki, təqdim edilmiş silah İjevsk mexanika zavodunda ( keçmiş SSRİ, hazırkı Rusiya Federasiyası), 1963-cü ildə zavod üsulu ilə hazırlanmış, A16128 seriya və nömrəli, “ИЖК” modelli, 16 kalbirli, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, təklüləli, yivsiz (hamarlüləli) odlu ov silahıdır (tüfəngdir), üzərində təyinatını dəyişəcək əlavə və dəyişikliklər aşkar edilmədi. 14 avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqında qərardan müəyyən edilir ki, Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, əməlində İnzibatı Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin tərkib əlamətləri olduğundan, onun barəsində inzibati icraat başlanılması üçün qərarın surəti Culfa Rayon Polis X1 Bölməsinə göndərilmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Rzayev X3 mexanika zavodunda ( keçmiş SSRİ, hazırkı Rusiya Federasiyası), 1963-cü ildə zavod üsulu ilə hazırlanmış, patronluğunun uzunluğu 70 mm olan, 16 kalbirli, A16128 seriya və nömrəli, “ИЖК” xarici çaxmaqlı, təklüləli, yivsiz odlu ov tüfəngini əldə edərək saxlamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, Şəxs tərəfindən inzibati xəta hadisəsinin törədilməsi özünün səmimi etirafı, şahidlərin izahatı və inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. “Xidməti və mülki silah haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi qadağandır. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinməli və inzibati xətanın bilavasitə obyekti olan ov silahı müsadirə edilməli və o, 80 manat məbləğində cərimə edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, nəzərə almışdır. İnzibati məsuliyyəti ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Şəxs hərəkətlərindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, Culfa Rayon Polis Şöbəsində saxlanılan bir ədəd Rusiya Respublikasında 1963 ildə zavod üsulu ilə istehsal olunmuş, A16128 seriya və nömrəli, “ИЖК” markalı, patronluğunun uzunluğu 70 mm olan, 16 kalbirli, xarici çaxmaqlı, təklüləli, yivsiz (hamarlüləli) odlu ov silahı müsadirə edilsin. Şəxs 80 manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar