Məhkəmə qərarları › İş №3(089)-67/2023

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-67/2023

30.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-67/2023 30.10.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, tərcüməçi X2 iştirakı ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mohammad oğlunun-06 oktyabr 1976-ci il tarixdə İran İslam Respublikasının Tehran şəhərində doğulmuş, İran İslam Respublikasının vətəndaşı, evli, sürücü işləyən, İran İslam Respublikasının Mərənd şəhəri, ünvan 1 ünvanında yaşayan-barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 480-ci maddəsi ilə Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində 13 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, 06 oktyabr 2023-cü il tarixdə saat 23:09 radələrində İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına “PVC” adlı yük apararkən idarə etdiyi 33AB515/33AB516 dövlət qeydiyyat nişanlı, “Volvo” markalı yük nəqliyyat vasitəsi gömrük nəzarət xəttində yoxlanılmış, yoxlama zamanı yük nəqliyyat vasitəsinin kabin hissəsinin tavanında, havalandırma pəncərəsinin ətrafındakı boşluqda gizlədilmiş halda 310 qutu (6200 ədəd), həmin nəqliyyat vasitəsinin qoşqusunun sağ tərəfində yerləşən dəmir dolabın arxasından isə gizlədilmiş halda 140 qutu (2800 ədəd) olmaqla, ümumilikdə gömrük nəzarətindən gizlədilmiş 450 qutu (9000 ədəd) aksiz markaları ilə markalanmayan üzərində “Palİ Mall” yazısı olan siqaretlər aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsində malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati məsuliyyət müəyyən edilmişdir. Az miqdarda olduqda dedikdə əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mohammad oğluna rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, 19 oktyabr 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəməyə gəlməyə maddi imkanının olmadığını bildirmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İXM-nin 61.3cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mohammad oğlunun iştirakı olmadan baxmışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsində qeyd edilmişdir ki, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid2 Məmmədəli oğlu izahatında bildirmişdir ki, X6 baş inspektoru vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə “Culfa” gömrük postunda giriş istiqamətində yük nəqliyyat vasitələrinin müayinəsi postunda xidmətdə olmuşdur. Axşam saatlarında İran İslam Respublikasına məxsus bir yük nəqliyyat vasitəsi müayinə postuna yaxınlaşmış, nəqliyyat vasitəsinin sürücüsü ilə şifahi söhbət aparmış, həmin şəxsin İran vətəndaşı Şəxs Mohammad oğlu olması ona məlum olmuşdur. Onun hərəkətləri şübhə doğurduğundan gömrük yoxlaması keçirmək barədə qərara gəlmiş, yoxlama zamanı video çəkiliş aparılması üçün ona kömək etmək məqsədilə həmin gün növbəyə başçılıq edən gömrük əməkdaşı Naili Muradovu dəvət etmiş, Şəxs Mohammad oğlundan nəqliyyat vasitəsində qanunla qadağan olunmuş hər hansı əşyanın olubolmamasını soruşmuş, o, nəqliyyat vasitəsində qadağan olunmuş heç nə olmadığını demişdir. Nəqliyyat vasitəsinə yoxlama keçirməyə başlamış, yoxlama zamanı Şəxs Mohammad oğlunun idarə etdiyi yük nəqliyyat vasitəsinin kabin hissəsinin tavanında, havalandırma pəncərəsinin ətrafındakı boşluqda gizlədilmiş halda 310 qutu (6200 ədəd), həmin nəqliyyat vasitəsinin qoşqusunun sağ tərəfində yerləşən dəmir dolabın arxasından isə gizlədilmiş halda 140 qutu (2800 ədəd) olmaqla ümumilikdə gömrük nəzarətindən gizlədilmiş 450 qutu (9000 ədəd) aksiz markaları ilə markalanmayan üzərində “Palİ Mall” yazılan siqaretlər aşkarlanmış, aşkar olunmuş siqaretlər özü, gömrük əməkdaşı Şahid1 və sürücü Şəxs Mohammad oğlunun iştirakı ilə götürülmüş qablaşdırılmış, yoxlamanın nəticələrinə dair yoxlama protokolu tərtib etmiş, özü, gömrük əməkdaşı Şahid1 və sürücü Şəxs Mohammad oğlu və tərcüməçi tərəfindən imzalamışlar. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Muradov X3 Vüqar Məmmədəli oğlu ilə eyni məzmunlu izahat vermişdir. İş materillarına əlavə edilmiş 06 oktyabr 2023-cü il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 23:09 radələrində X7 vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına “PVC” adlı yük aparan, İran İslam Respublikasının vətəndaşı, xx.xx.2022-ci il tarixdə verilmiş X******** nömrəli pasportun sahibi, xx.xx.1976-cı il təvəllüdlü Şəxs Mohammad oğlunun idarə etdiyi 33AB515/33AB516 dövlət qeydiyyat nişanlı, “Volvo” markalı yük nəqliyyat vasitəsində şübhəli təsvirlər olduğundan nəqliyyat vasitəsinə “Culfa” gömrük postunun böyük inspektoru Şahid1 tərəfindən video çəkiliş aparılmaqla yoxlama keçirilmiş, yoxlama zamanı yük nəqliyyat vasitəsinin kabin hissəsinin tavanında havalandırma pəncərəsinin ətrafındakı boşluqda gizlədilmiş halda 310 qutu (6200 ədəd), həmin nəqliyyat vasitəsinin qoşqusunun sağ tərəfində yerləşən dəmir dolabın arxasından isə gizlədilmiş halda 140 qutu (2800 ədəd) olmaqla ümumilikdə gömrük nəzarətindən gizlədilmiş 450 qutu (9000 ədəd) aksiz markaları ilə markalanmayan üzərində “Palİ Mall” markalı siqaretlər aşkarlanmışdır. Azərbaycan Respublikası Nazirlər kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarının” 2.1.10-cu bəndinə əsasən fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş 200 ədəd siqaret (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər. İş materiallarına əlavə edilmiş 12 oktyabr 2023-cü il tarixli, 1006 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində Azərbaycan Respublikasına aid aksiz markası ilə markalanmayan “Palİ Mail” markalı siqaretlərin orta bazar qiyməti ilə ümumi dəyəri 540 (beş yüz qırx) manat müəyyən edilir. O cümlədən: bir qutu (20 ədəd) “Palİ Mail” markalı siqaretin qiyməti-1,20 manat, 450 qutu - 1,20 manat x 450 qutu = 540 (beş yüz qırx) manat müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin qeyd hissəsində qeyd edilmişdir ki, “İnzibati Xətalar Məcəllənin 479-481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Mohammadi oğlu Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməli və inzibati xətanın bilavasitə obyekti olan mallar, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 450 qutu “Palİ Mall” markalı siqaretlər müsadirə edilməlidir. Məhkəmə Şəxs Mohammad oğluna inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, Şəxs Mohammad oğlunun şəxsiyyətini, onun təqsirinin dərəcəsini, nəzərə alır. İnzibati məsuliyyəti ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin- 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəlləni 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Mohammad oğlıu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 450 qutu (9000 ədəd) (1 qutunun topdansatış qiyməti 1,20 manat) “Pall Mall” markalı siqaretlər müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar