Məhkəmə qərarları › İş №3(089)-69/2025

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-69/2025

08.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-69/2025 08.10.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, Şəxs iştirakı ilə, Şəxs- xx xxx 1981-ci il tarixdə Babək rayonu, Nehrəm kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, 3 uşaq atası, işsiz, Babək rayonunun Nehrəm qəsəbəsində qeydiyyatda olan və yaşayan-barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 590.2-ci maddəsi ilə Culfa Rayon Polis X9 Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində 23 sentyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, 18 iyul 2025-ci il tarixdə saat 22:00-da Culfa rayonunun Saltaq kəndində müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan ov silahı və onun döyüş sursatını qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində müvafiq icra hakimiyyəti orqanından (AR Daxili İşlər Nazirliyi) xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə inzibati məsuliyyət müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmiş, izahatında bildirmişdir ki, 18 iyul 2025-ci il tarixdə gecə saatlarında dostu Naxçıvan şəhər sakini X4 ilə birlikdə ov etmək məqsədilə yaşadığı Babək rayon Nehrəm qəsəbəsi ilə həmsərhəddə yerləşən Culfa rayonunun dağlıq ərazisinə ona məxsus olan Mercedes Benz markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə getmişlər. Həmin vaxt o, qanunsuz əldə edərək saxladığı 01 ədəd Türkiyə istehsalı olan, 12 mm-lik kalibrli, TS 870 markalı, 11-3628 nömrəli, yivsiz, təklüləli ov silahını da avtomobilinə qoyaraq özü ilə birlikdə ov etmək üçün götürmüş, dağlıq sahədə Müşviq Əliyevlə biraz gəzdikdən sonra kənardan avtomobil gəldiyini görmüş, o həmin vaxt gələn avtomobilin nə üçün orada olmasını və kimlərin içərisində olmasını maraqlanmaq üçün öz avtomobilindən yerə enmiş və ilk əvvəl gələnlərin ekologiyanın işçiləri olmasını düşünərək avtomobildə qanunsuz silah olduğuna görə Müşviq Əliyevə avtomobili sürməsini və silahı aparıb, Culfa rayonunun Saltaq kəndində tanışları Şahid1gildə gizlətməsini bildirmişdir. Bu zaman Müşviq Əliyev onun avtomobilinə əyləşmiş, oradan uzaqlaşmış, o isə hərəkətinə davam edərkən qeyd etdiyi avtomobil onun yanına yaxınlaşıb dayanmış, avtomobildən bir neçə şəxs yerə düşmüş və özlərinin polis olduqlarını bildirmişlər və dostu Müşviq Əliyevlə birlikdə qanunsuz ov etməyini və qanunsuz silahının olmasını ondan soruşmuşlar. O həmin vaxt qanunsuz ov etmədiyini, lakin avtomobilində qanunsuz ov silahının olduğunu, dostu Müşviq Əliyevin onun avtomobili ilə oradan uzaqlaşaraq Culfa rayonu, Saltaq kəndində yaşayan tanışı Şahid1 mənzilinə qoymağa apardığını bildirmişdir. Bundan sonra birlikdə Culfa rayon Saltaq kəndinə getmişlər və orada Şahid1 mənzilinə gedib, küçə qapısını döymüşlər, X10 Qənbərov həyətdən çıxmışlar, polis əməkdaşları qanunsuz saxladığı və Müşviq Əliyevin dağlıq sahədən gizlətmək üçün Şahid1 yaşadığı ünvana gətirdiyi silahı təqdim etmələrini bildirmişlər. Müşfiq Əliyev ilə Şahid1 polis əməkdaşları ilə birlikdə Şahid1 mənzilinin yardımçı tikilisinə gedərək, orada olan samanlıqdan ona məxsus olan qanunsuz əldə etdiyi ov silahını və həmin silahın 03 ədəd 12 kalibrli patronunu polis əməkdaşlarına təqdim etmişlər, bundan sonra onları izahat vermək üçün Culfa rayon Polis Şöbəsinə dəvət etmişlər. Şəxs izahatında əlavə olaraq bildirmişdir ki, 20 iyul 2025-ci il tarixdə Babək rayonunun Nehrəm qəsəbəsində yerləşən ofis kimi istifadə etdiyi mənzilinin yardımçı tikilisində ona lazım olan avtomobil ehtiyat hissəsini axtaran zaman əvvəllər qaraj kimi istifadə etdiyi tikilidə olan içərisinə lazım olmayan təsərrüfat ləvazimatları və avtomobil ehtiyat hissələri olan şkafın içərisində bir neçə növdə fərqli patrona bənzər predmetin olduğunu görmüş, bundan sonra həmin predmetlərə nəzər yetirmiş və orda bir neçə növdə patron, silah hissələri, baruta bənzər maddənin olduğunu müəyyən etmiş, sonra həmin predmetləri könüllü olaraq polis əməkdaşlarına təhvil vermək qərarına gəlmişdir. Belə ki, aşkar etdiyi 71 ədəd 9 mm-lik, 3 ədəd 8 mm-lik, 01 ədəd 5,45 mm-lik, 10 ədəd 5,6 mm-lik patrona bənzər predmeti, 03 ədəd bağlama və 01 ədəd büküm (440 qram) tir silahı üçün nəzərdə tutulmuş patrona bənzər predmeti, 600 qram qırmaya bənzər predmeti, 01 ədəd ov silahı üçün nəzərdə tutulan alov gizlədici, 01 ədəd ov silahı üçün nəzərdə tutulmuş patron yuvasını, 01 ədəd kapron qabda olan baruta bənzər maddəni könüllü olaraq Culfa rayon Polis Şöbəsinə təhvil vermişdir. Həmin patrona bənzər və silah ehtiyat hissələrinə bənzər predmetlərin olduğu qarajı 2020-ci ildə rəhmətə gedən atası X3 istifadə etdiyindən, həmin predmetlərin ona məxsus olmasını ehtimal edir. Qeyd olunan predmetləri o əvvəlki vaxtlarda görməmiş və atası rəhmətə gedəndən sonra indiki vaxta kimi həmin qarajdan istifadə etməmişdir. Əməllərindən peşmandır. Məhkəmədən ona köməklik göstərilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid1 izahatında bildirmişdir ki, atası Əli Qənbərov 2010-cu il tarixdə rəhmətə getmiş, o Ekologiya və Təbbi Sərvətlər Nazirliyində inspektor vəzifəsində işləmişdir. Naxçıvan şəhər sakini X4 və Babək rayon Nehrəm qəsəbə sakini Şəxs atası ilə dostluq münasibətləri olduğundan onları tanımış, lakin onlarla yaxın münasibəti olmamış, onları ayda, ildə bir dəfə xeyir-şər məclislərində görmüşdür. 18 iyul 2025-ci il tarixdə gecə saatlarında Naxçıvan şəhər sakini X5 ona zəng edərək, Culfa rayon Saltaq kəndində yerləşən mənzilinin həyətində olan samanlıq kimi istifadə etdiyi yardımçı tikilinin içərisinə əmanət qoyduğunu bildirmişdir. O həmin vaxt əmanət deməsindən onun silah olduğunu başa düşmüş, bundan sonra o yaxın məsafədə təmir işləri gördüyü evindən oraya gəlmiş, Müşviq Əliyevlə görüşmüş və həmin vaxt samanlığa qoyduğu 01 ədəd Türkiyə istehsalı olan, 12 mm-lik kalibrli, TS 870 markalı, 11- 3628 nömrəli, yivsiz, təklüləli ov silahını görmüş, Müşviq Əliyevə silahın ona problem yaradacağını deyib, narazılıq etmiş və silahı qoyduğu yerdən götürməsini demiş, Müşviq Əliyev isə bir-iki saata silahı götürüb aparacağını demiş, bu zaman mənzilinin yerləşdiyi həyətin küçə qapısı döyülmüş, Müşviq Əliyevlə birlikdə qapını açmış və polis əməkdaşları özlərini təqdim edərək Müşviq Əliyevlə ondan qeyd olunan silahı soruşmuşlar, bu zaman onlar həmin silahın olduğu yeri polis əməkdaşlarına göstərmişlər, polis əməkdaşları onların iştirakı ilə Müşviq Əliyevin samanlığa qoyduğu 01 ədəd Türkiyə istehsalı olan, 12 mm-lik kalibrlı, TS 870 markalı, 11-3628 nömrəli, yivsiz, təklüləli ov silahını və onun üzərində 03 ədəd 12 kalibrlı patronları götürmüşlər. Bundan sonra onları izahat vermək üçün Culfa rayon Polis Şöbəsinə dəvət etmişlər, o Culfa rayon Polis Şöbəsinə gəldikdən sonra X11 Əliyevin dağa ov etməyə getdiklərini, orada polis əməkdaşlarını görüb qaçdıqlarını, X12 Əliyevə məxsus olan qanunsuz 01 ədəd Türkiyə istehsalı olan, 12 mmlik kalibrli, TS 870 markalı, 11-3628 nömrəli, yivsiz, təklüləli ov silahını gətirib, onun həyətində olan samanlıq kimi istifadə etdiyi yardımçı tikilidə gizlətdiyini bilmiş, bu vaxta qədər baş verən hadisədən xəbəri olmamışdır. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi özünün izahatı, şahidlərin izahatı, həmçinin inzibati xəta haqqında işin materialları ilə öz təsdiqini tapmışdır. İş materillarına əlavə edilmiş 18 iyul 2025-ci il tarixli əməliyyat-axtarış tədbiri və şübhəli şəxsin üzərinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Culfa RPŞ-nin əməkdaşlarına Babək rayonu, Nehrəm qəsəbə sakini Şəxs qanunsuz ov etməsində şübhəli olması barəsində daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat axtarış tədbiri zamanı barəsində əməliyyat-axtarış tədbiri keçirilən şəxs 18 iyul 2025-ci il tarixdə, saat 22:29 radələrində Culfa rayonunun çöllük ərazisində saxlanılaraq hüquqları izah olunmuş və üzərinə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Həmin şəxsin üzərində hər hansı qanunla qadağan edilmiş, iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların olub-olmaması barədə soruşulmuş və varsa təqdim etməsi təklif edilmiş, Şəxs Nəcəf oğlu üzərində qadağan olunmuş əşya və predmetin olmadığını bildirmişdir. Şəxs məxsus olan qanunsuz silah gizlədildiyi Culfa rayonu, Saltaq kəndindən aşkar edilərək götürülmüşdür. 04 avqust 2025-ci il tarixli, 773 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd silah Türkiyə Respublikasında zavod üsulu ilə hazırlanmış, patronluğunun uzunluğu 76 mm olan, 12 kalibrli, 11.3627 nömrəli, “SET” markalı, xarici çaxmaqlı, təklüləli, yarımavtomatik (özüdolduran) tüfəngdir yivsiz odlu ov silahıdır və saz vəziyyətdədir. Tədqiqata təqdim edilmiş 03 (üç) ədəd patron zavod üsulu ilə istehsal edilmiş, 12 kalibrli olmaqla uyğun kalibrli yivsiz (hamarlüləli) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patronlardır, təyinatları üzrə istifadəyə (atəşə) yararlıdırlar. Tədqiqata təqdim edilmiş 74 (yetmiş dörd) ədəd patron zavod üsulu ilə istehsal edilmiş, pistonu mərkəzdən alışan, 71 ədədi 9 mm kalibrli, 03 ədədi 8 mm kalibrli olmaqla, uyğun kalibrə malik səs və qaz tapançalarında istifadə edilmək üçün nəzərdə tutulmuş səs patronlarıdır, döyüş sursatı hesab edilmirlər və təyinatı üzrə istifadəyə (atəşə) yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 (bir) həmin kalibrə malik “AK-74”, “AKS-74”, “AKS-74U” konstruksiyalı avtomatlarda, “RPK-74”, “RPKS-74”, “RPK-74M” əl pulemyotlarında və s. uyğun kalibrli yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş patronun hissələridir gilizi və gülləsidir, istifadəyə (atəşə) yararsızdır, təqdim edilən vəziyyətdə döyüş sursatı hesab edilmir. Tədqiqata təqdim edilmiş 10 (on) ədəd patron zavod üsulu ilə istehsal edilmiş, 5,6 mm kalibrli, (TO3-8, TO3-16, TO3-17, TO3-8M, TO3-18 və s.) tüfənglərində, (TO3- 35, H/K-1 və s.) təlim-məşq tapançalarında, (WALTER MOD PP Cal 22) konstruksiyalı tapançalarda, (GSG-5, AR-7 və s.) karabinlərində və s. silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır, döyüş sursatı hesab edilirlər və təyinatı üzrə istifadəyə (atəşə) yararlıdırlar. Tədqiqata təqdim edilmiş 594 (beş yüz doxsan dörd) ədəd predmet zavod üsulu ilə hazırlanmış, pnevmatik silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş 253 (iki yüz əlli üç) ədədi 5.5 mm kalibrli, 341 (üç yüz qırx bir) ədədi 6.35 mm kalibrli mərmilərdir, təyinatı üzrə istifadəyə yararlıdırlar, döyüş sursatı hesab edilmirlər. Tədqiqata təqdim edilmiş qablaşma ilə birlikdə çəkisi 600 qram olan metal predmetlər yivsiz (hamarlüləli) odlu ov silahlarında istifadə edilən müxtəlif kalibrli patronların daxili ballistik komponenti olmaqla onların doldurulması üçün nəzərdə tutulmuş, kustar üsulu ilə hazırlanmış, atəş komponentinin hissəsidir - qırmalardır, döyüş sursatı hesab edilmirlər. Tədqiqata təqdim edilmiş A predmeti zavod üsulu ilə istehsal edilməklə, yivsiz (hamarlüləli) odlu ov silahlarında döyüş sıxlığını artırmaq və qaytarıcı enerjini azaltmaq məqsədi ilə alovsöndürücü və ya kompensator konstruksiyasında hazırlanmış, yivsiz (hamarlüləli) odlu ov silahlarının funksional əhəmiyyət daşımayan hissəsidir və həmin detal olmadan da silahdan atəş açmaq mümkündür. B predmeti zavod üsulu ilə istehsal edilmiş, 12 kalibrli yarımavtomatik yivsiz (hamarlüləli) odlu ov silahlarının funksional əhəmiyyət daşımayan hissəsi olmaqla həmin növ silahların patron sandıqçasına əlavə olunaraq patron tutumunu 3 dəfə artırmaq funksiasına malik hissəsidir. Hər iki predmet saz vəziyyətdədirlər və təyinatları üzrə istifadəyə yararlıdırlar. 17 avqust 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqında qərardan müəyyən edilir ki, Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, əməlində İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin tərkib əlamətləri olduğundan, onun barəsində inzibati icraat başlanılması üçün qərarın surəti Culfa Rayon Polis X1 Bölməsinə göndərilmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Əliyev X6 Respublikasında zavod üsulu ilə istehsal edilmiş, 12 kalibrli, patronluğunun uzunluğu 76 mm olan, 11.3627 nömrəli, “SET” markalı, xarici çaxmaqlı, təklüləli, yarımavtomatik (özüdolduran), yivsiz odlu ov silahı, 03 ədəd 12 kalibrli ov silahının patronları, 71 ədədi 9 mm kalibrli, 03 ədədi 8 mm kalibrli səs patronları, 01 ədəd 5.45x39 mm kalibrli patron, 10 ədəd 5,6 mm kalibrli patronlar, 253 ədədi 5.5 mm kalibrli, 341 ədədi 6.35 mm kalibrli mərmilər, 600 qram çəkidə olan qırmalar, 01 ədəd alovsöndürücü, 01 ədəd patron sandıqçası, 01 ədəd kapron qabda olan baruta bənzər maddəni əldə edərək saxlamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, Şəxs tərəfindən inzibati xəta hadisəsinin törədilməsi inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. “Xidməti və mülki silah haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi qadağandır. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinməli və inzibati xətanın bilavasitə obyekti olan ov silahı müsadirə edilməklə 100 manat məbləğində cərimə edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə almışdır. İnzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, Culfa Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc otağında saxlanılan Türkiyə Respublikasında zavod üsulu ilə istehsal edilmiş, 12 kalibrli, patronluğunun uzunluğu 76 mm olan, 11.3627 nömrəli, “SET” markalı, xarici çaxmaqlı, təklüləli, yarımavtomatik (özüdolduran), yivsiz odlu ov silahı, 03 ədəd 12 kalibrli ov silahının patronları, 71 ədədi 9 mm kalibrli, 03 ədədi 8 mm kalibrli səs patronları, 01 ədəd 5.45x39 mm kalibrli patron, 10 ədəd 5,6 mm kalibrli patronlar, 253 ədədi 5.5 mm kalibrli, 341 ədədi 6.35 mm kalibrli mərmilər, 600 qram çəkidə olan qırmalar, 01 ədəd alovsöndürücü, 01 ədəd patron sandıqçası, 01 ədəd kapron qabda olan baruta bənzər maddə müsadirə edilməklə, Şəxs 100 manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar