Məhkəmə qərarları › İş №3(089)-7/2023

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-7/2023

19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-7/2023 19.01.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Rəhimova (Xudadat-Zadə) Aynurə Məmmədəli qızının-xx xxx 1976-cı il tarixdə Lənkaran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsili, Lənkaran şəhəri, Müslüm Moqamayev küçəsi ev 2 ünvanında yaşayan-barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 482.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Rəhimova (Xudadat-Zadə) Aynurə Məmmədəli qızının barəsində 28 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə DGK- A 119121 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, o, 05 dekabr 2022-ci il tarixdə, saat 10:05 radələrində X13 vasitəsilə İran İslam Respublikasından Naxçıvan Muxtar Respublikasına gələrkən əl yüklərini Hİ-Scan rentgen qurğusundan keçən zaman şübhəli təsvirlər olduğu müəyyən edilmiş, əl yükləri yoxlanılmış, yoxlama zamanı əl yüklərinə daxil olan orta həcmli çantanın içərisində qarşıq ərzaq yüklərinin yanında gömrük nəzarətinə bəyan olunmayan, sadələşdirilmiş elektron bəyannamədə göstərilməyən 118 ədəd üzərində “Cortam 0.05%” yazısı olan mazlar (məlhəm) aşkar olunaraq götürülmüşdür. Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati məsuliyyət müəyyən edilmişdir. Az miqdarda olduqda dedikdə əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Rəhimova (Xudadat-Zadə) Aynurə Məmmədəli qızına rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Rəhimova (Xudadat-Zadə) Aynurə Məmmədəli qızının iştirakı olmadan baxmışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsində qeyd edilmişdir ki, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Rəhimova (Xudadat- Zadə) Aynurə Məmmədəli qızına işə baxılmasının yeri və müddəti barədə vaxtında bildirilmiş, işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid1 izahatında bildirmişdir ki, X10 böyük inspektoru vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə sərnişin giriş zalında xidmətdə olmüşdur. Saat 10:05 radələrində Bakı-Naxçıvan marşrutu ilə hərəkət edən avtobusda sərnişin qismində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikasının vətəndaşı Rəhimova (Xudadat-Zadə) Aynurə Məmmədəli qızı özü ilə gətirdiyi əl yüklərini “Hi scan” markalı rentgen yük yoxlama qurğusundan keçirdiyi zaman qurğunun müşahidə monitorunda dərman preparatlarının təsvirini görmüş, əl yüklərinə gömrük yoxlaması keçirmək barədə qərara gəlmiş, daha sonra iki hal şahidi dəvət edərək Rəhimova Aynurənin əl yüklərinə yoxlama keçirməyə başlamış. Yoxlama zamanı X1 məxsus əl yüklərinə daxil olan orta həcmli çantanın içərisində-qarışıq ərzaq yüklərinin yanından gömrük nəzarətinə bəyan olunmayan, sadələşdirilmiş elektron bəyannamədə göstərilməyən hər qutuda 100 həb olmaqla 5 qutu üzərində “Libro-C” yazısı, hər qutuda 30 həb olmaqla 3 qutu üzərində “Livergol 1401” yazısı olan dərman preparatları və 118 ədəd üzərində “Cortam 0.05%” yazısı olan mazlar(məlhəm) aşkar edilmiş, aşkar edilmiş dəriman və mazlar A.Rəhimovanın, hal şahidləri Şahid2 və Şahid3 iştirakı ilə götürülmüş, qablaşdırılmış, yoxlamanın nəticələrinə dair yoxlama protokolu tərtib etmiş, protokolu imzalamışlar. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid3 izahatında bildirmişdir ki, hazırda işsizdir. X10 ərazisində Ülkər ilə birlikdə təmizlik işləri görür. 05 dekabr 2022-ci il tarixdə X10 ərazisində olmuşdur. Səidə adlı gömrük əməkdaşı onu və Ülkəri çağırmış, X13 vasitəsilə İran İslam Respublikasından Naxçıvan Muxtar Respublikasına gələn bir neçə vətəndaşın əl yüklərinə yoxlama keçirəcəyini və onların da orada hal şahidi qismində iştirak etməsini xahiş etmiş, etiraz etməmişlər. Səidə xanım Rəhimova (Xudadat-Zadə) Aynurə Məmmədəli qızını təqdim etmiş, əl yüklərinin ona məxsus olduğunu bildirmişdir. Yoxlamadan əvvəl Səidə xanım onlara hüquq və vəzifələrini izah etmiş və əl yüklərini yoxlamağa başlamışdır. Yoxlama zamanı əl yüklərinə daxil olan orta həcmli çantanın içərisində-qarışıq ərzaq yüklərinin yanından dərman və mazlar aşkar edilmişdir. Aşkar olunmuş dərman və mazlar barədə müvafiq sənədlər tərtib edilmiş, sənədləri imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X4 Şahid3 ilə eyni məzmunlu izahat vermişdir. Rəhimova (Xudadat-Zadə) Aynurə Məmmədəli qızı tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqinin tapmışdır. Belə ki, iş materillarına əlavə edilmiş 05 dekabr 2022-cı il tarixli əl yüklərinin yoxlanılması haqqında protokoldan görünür ki, X13 vasitəsilə İran İslam Respublikasından Naxçıvan Muxtar Respublikasına gələn Azərbayacan Respublikası vətəndaşı, xx.xx.2020ci il tarixdə DİN tərəfindən verilmiş CO3046161 nömrəli pasportun sahibi, xx.xx.1976-ci il təvəllüdlü Rəhimova (Xudadat-Zadə) Aynurə Məmmədəli qızının əl yükləri xx.xx.2022-ci il tarixdə saat 10:41 radələrində Hi-Scan rentgen qurğusundan keçən zaman şübhəli təsvir olduğu üçün əl yüklərinə baxış keçirilmiş, baxış zamanı əl yüklərinə daxil olan orta həcmli çantanın içərisində qarşıq ərzaq yüklərinin yanında gömrük nəzarətinə bəyan olunmayan, sadələşdirilmiş elektron bəyannamədə göstərilməyən 100 həb olmaqla 5 qutu üzərində “Libro-C” yazısı, hər qutuda 30 həb olmaqla 3 qutu üzərində “Livergol 1401” yazısı olan dərman preparatları və 118 ədəd üzərində “Cortom 0.05%” yazısı olan mazlar (məlhəm) aşkarlanmışdır. 30 dekabr 2022-ci il tarixli, 400 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində kağızda “Rəhimova Aynurə” yazısı olan əl çantasından götürülmüş, 5 ədəd qutuda hər birində 100 ədəd olmaqla ümumi 500 ədəd həb “Libro-C” dərman preparatının tərkibində 1 ədəd həbdə təsiredici maddənin miqdarı - 0,005 qram, 500 ədəd həbdə isə təsiredici maddənin miqdarı -2,5 qram olan Xlordiazepoksiddir Xlordiazepoksid dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr”-in siyahısına daxildir. Adları 1 saylı cədvəldə qeyd olunan preparatlar dərman formalarına və təsiredici maddələrinə əsasən qablaşdırmaları üzərindəki adlarına uyğundurlar. Bu preparatlar təsiredici maddələrinə görə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təstiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin”, habelə 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı” na daxil deyildir. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş X3 izahatından müəyyən edilmişdir ki, 100 həb olmaqla 5 qutu üzərində “Libro-C” yazısı, hər qutuda 30 həb olmaqla 3 qutu üzərində “Livergol 1401” yazısı olan dərman preparatları Rəhimova (Xudadat-Zadə) Aynurə Məmmədəli qızına deyil, X5 məxsusdur. Naxçıvan Baş Gömrük İdarəsinin 1800/00188 nömrəli, 30 sekabr 2022-ci il tarixli qərarından müəyyən edilmişdir ki, X6 əməlində cinayət əlamətləri olduğundan, barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilmiş, iş üzrə materiallar Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyatvə İstintaq idarəsinin istintaq şöbəsinə təqdim olunmuşdur. 20 dekabr 2022-ci il tarixli, 383 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki ekspertiza tədqiqatına təqdim edilmiş İran İslanı Respublikası istehsalı, üzərində “Cortam 0.05%” yazıları olan mazların (məlhəm) orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 141,60 manat müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin qeyd hissəsində qeyd edilmişdir ki, “İnzibati Xətalar Məcəllənin 479-481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Nazirlər kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarının” 2.1.7-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməyən dərman vasitələri də daxil olmaqla, şəxsi istifadə üçün zəruri olan miqdarda dərman vasitələrini gömrük sərhədindən keçirilə bilər. Həmin qaydaların 3.1-ci maddəsinə əsasən fziki şəxslərin gömrük sərhədindən keçirilən malların bəyan edilməsinin güzəştli və sadələşdirilmiş qaydasından istifadə etməsi üçün gömrük sərhəd buraxılış məntəqələrində “Yaşıl kanal“ və “Qırmızı kanal“ buraxılış sistemləri tətbiq olunur. Qaydaların 3.3-cü bəndinə əsasən isə “Qırmızı kanal“ buraxılış sistemi gömrük orqanlarına bu Qaydaların 1 nömrəli əlavəsində göstərilən mallara dair bəyannamə təqdim edilməklə, onların gömrük sərhədinə gətirilənədək əvvəlcədən elektron formada və ya gömrük sərhədinə gətirildikdən sonra yazılı (kağız üzərində və ya elektron) formada bəyan olunması üçün nəzərdə tutulur. İnzibati işin araşdırılması zamanı müəyyən edilmişdir ki, Rəhimova (Xudadat-Zadə) Aynurə Məmmədəli qızı xx.xx.2022-ci il tarixdə X13 vasitəsilə İran İslam Respublikasından Naxçıvan Muxtar Respublikasına gələn zaman əl yüklərində olan 118 ədəd üzərində “Cortam” yazısı olan mazları (məlhəm) bəyan etməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 05 dekabr 2022-ci il tarixli fiziki şəxslər tərəfindən verilən sadələşdirilmiş bəyənnamədən müəyyən edilmişdir ki, A.Rəhimova 200 ədəd siqareti, 5 ədəd yuyucu vasitəni, 15 kq qarışıq ərzaq məsullarını bəyan etmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Rəhimova (Xudadat-Zadə) Aynurə Məmmədəli qızı Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinməli və inzibati xətanın bilavasitə obyekti olan mallar Naxçıvan Baş Gömrük idarəsinin maddi sübutların saxlanc otağında saxlanılan gömrük nəzarətinə bəyan olunmayan, sadələşdirilmiş elektron bəyannamədə göstərilməyən 118 ədəd üzərində “Cortam 0.05%” yazısı olan mazlar (məlhəm) müsadirə edilməlidir. Rəhimova (Xudadat-Zadə) Aynurə Məmmədəli qızına inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, Rəhimova (Xudadat-Zadə) Aynurə Məmmədəli qızının şəxsiyyətini, onun təqsirinin dərəcəsini, nəzərə almışdır. İnzibati məsuliyyəti ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin-3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Rəhimova (Xudadat-Zadə) Aynurə Məmmədəli qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 118 ədəd üzərində “Cortam 0.05%” yazısı olan mazlar (məlhəm) (bir ədəd mazın qiyməti 1.20 manat) müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim Mehrab Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar