Məhkəmə qərarları › İş №3(089)-7/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-7/2024

01.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-7/2024 01.03.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi X2 iştirakı ilə, Şəxsxx xxx 1990-cı il tarixdə Culfa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, bir uşaq atası, müvəqqəti işsiz, ünvan 1 ünvanında yaşayan-barəsində Culfa Rayon Polis şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Culfa rayon Polis şöbəsindən Şəxs barəsində daxil olmuş inzibati xəta haqqında materiala görə, Culfa rayon Polis şöbəsinin əməkdaşları tərəfindən 28 fevral 2024-cü il tarixdə təxirə salınmadan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanında yaşayan Şəxs yaşadığı mənzilə baxış keçirilmiş, bir ədəd dibçəkdə 13 sm hündürlüyündə 1 ədəd təmiz çəkisi 0.344 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, ünvan 3 ünvanında, özünə məxsus olan mənzildə yaşayır. Culfa rayon Mərkəzi Xəstəxanasının bufetində icarədar kimi fəaliyyət göstərir, oradan əldə etdiyi qazancla ehtiyaclarını qarşılayır. Əvvəllər Bakı şəhərində müxtəlif işlərdə işləmişdir. Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “Sasedi” adlı yeməkxanada ofisiant kimi işləyən zaman oraya gələn müştərilərdən birindən çətənə bitkisindən hazırlanmış bir büküm narkotik vasitə almış, istifadə etmişdir. Bükümü açan zaman bükümün içərisindən 01 ədəd toxum tapmış və saxlamışdır. xx.xx.2022-ci il tarixdə Bakı şəhərindən Culfa şəhərinə qayıtmış, çətənə toxumu üzərində olmuşdur. Toxumu mənzilində istifadə etmədiyi qurtqanın cibində gizlətmiş, 2024-cü ilin yanvar ayının əvvəllərində çətənə toxumunu dibçəyin içərisində olan torpağa əkmiş, su vermiş, dibçəyi qonaq otağına qoymuş, mütəmadi olaraq qulluq etmiş, bir neçə gün sonra həmin dibçəkdə toxum əkdiyi yerdən açıq yaşıl rəngdə bir ədəd bitki çıxmağa başlamışdır. İki gündən bir həmin bitkiyə qulluq etmiş, bitkinin yaxşı inkişaf etməsi üçün dibçəyin yerini tez-tez dəyişmişdir. xx.xx.2023-cü il tarixdə Culfa Rayon Polis Şöbəsinin əməkdaşları gəlmiş, ondan evə baxış keçirmək istədiklərini və bunun üçün razılıq ərizəsi vermək istəyibistəməməsini soruşmuşlar. Ərizə yazmış, ona məxsus olan ünvan 3 ünvanında yerləşən mənzilə baxış keçirmələrinə razılıq vermişdir. Baxış zamanı dibçəkdə olan çətənə bitkisinə bənzər bitkini aşkar etmişlər. Məhkəmə iclasında iştirak etmiş inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 izahatında bildirmişdir ki, Culfa rayon Polis şöbəsinin CA bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. İnzibati xəta haqqında protokolu Culfa rayon PŞ-nin İstintaq və Təhqiqat qrupunun təhqiqatçısı X5 tərəfindən qəbul edilmiş 29 fevral 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar əsasında tərtib etmişdir. Həmin qərarla Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış, barəsində Azərbaycan Respublikasının İXM-nin 208-ci maddəsinə əsasən inzibati qaydada icraat açılması RPŞnin Cinayət axtarış bölməsinə tapşırılmışdır. X3 izahatında onu da bildirmişdir ki, Şəxs yaşadığı mənzilə baxış keçirilməsində özü də iştirak etmiş, mənzildən bir ədəd dibçəkdə əkilmiş və becərilmiş çətənə bitkisi aşkar edilmiş və götürülmüşdür. İş materiallarında olan «Cinayət işi başlanmasının rədd edilməsi haqqında» 29 fevral 2024-cü il tarixli qərardan görünür ki, aşkar edilmiş çətənə bitkisinin çəkisi 0.344 qram olduğundan Şəxs əməlində cinayət tərkibinin olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmiş, onun inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Culfa Rayon Polis Şöbəsinin Cinayət axtarışı Bölməsinə göndərilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 fevral 2024-cü il tarixli, 259 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Şəxs mənzilindən aşkar edilərək götürülmüş 01 ədəd dibçəkdə narkotik tərkibli çətənə koluna bənzər 1 ədəd bitkinin olduğu 01 ədəd möhürlənmiş bağlama. Tərtib etdi “Culfa rayon X4 və Təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı Fərdi Hüseynli” yazıları olan və üzərində “Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Culfa rayon polis şöbəsi zərflər üçün” mətni olan dairəvi ştamp əksi ilə 4 yerdən nişanlanmış 01 ədəd karton qutunun içərisindəki 01 ədəd dibçəkdə 01 ədəd yaş vəziyyətdə, hündürlüyü 13 sm, təmiz çəkisi 0.344 qram olan bitki nümunəsi əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Çətənə bitkisinin ümumi çəkisi 0.344 qaram, tədqiqata sərf edildi 0.04 qram, qalıq 0.304 qramdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” İİİ siyahıya əsasən tərkibində narkotik maddə olan çətənə bitkisinin 3-15 ədədi (6-30 hissə) xeyli miqdar kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 208-ci maddəsinə əsasən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına (əkilməsinə və ya yetişdirilməsinə) görə inzibati xəta törətmiş şəxs iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, şahidin izahatını dinləyib, inzibati xəta haqqında ******* nömrəli protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində İXM-nin 208-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinməlidir. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikasının İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati məsuliyyəti ağırlaşdıran, icraatı rədd edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq belə qənaətə gəlir ki, İnzibati Xətalar Məcəlləsinin pozuntusuna yol verilmiş maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində tətbiq edilməsi məqsədəmüvafiq deyildir. Bu əsasla onun barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, inzibati xəta törətməsindən səmimi peşman olmasını məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 208-ci maddəsinin sanksiyasında nəzərdə tutulan məbləğdə inzibati cərimə tənbehinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması, qanunçuluq və ədalətlilik prinsiplərinin təmin edilməsi nöqteyi-nəzərindən ədalətli, qanuni və əsaslı hesab edirəm. Həmçinin belə nəticəyə gəlirəm ki, Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Şəxs 28 fevral 2024-cü il saat 21:18-dən 29 fevral 2024-cü il saat 19:00-dək tutulması nəzərə alınmaqla ona təyin ediləcək cərimə tənbehinin həddi təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 208-ci maddəsinin sanksiyasında müəyyən edilmiş inzibati cərimənin yuxarı həddinin dörddə üç hissəsindən çox olmamalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmçinin belə nəticəyə gəlirəm ki, iş üzrə maddi sübut kimi tanınaraq Culfa rayon PŞ-də saxlanılan Şəxs yaşadığı mənzildən aşkar edilmiş, hündürlüyü 13 sm, ümumi təmiz çəkiləri 0,344 qram olan 1 ədəd əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitili qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 94.11-ci maddəsinə görə götürülmüş narkotik vasitələr və psixotrop maddələr, həmçinin müvafiq standartlara, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən etil spirti, alkoqollu və tərkibində spirt olan məhsullar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yenidən istehsala göndərilir və ya məhv edilir. Həmin Məcəllənin 94.12-ci maddəsinə əsasən məhv edilməli olan narkotik vasitələrin və psixotrop maddələrin, etil spirtinin, alkoqollu və tərkibində spirt olan məhsulların nümunələri inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi günədək saxlanılır. Azərbaycan Respublikası İXM-nin Azərbaycan Respublikası İXM-nin 115.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda götürülmüş əşyalar və sənədlər barədə məsələlər aşağıdakı qaydada həll olunmalıdır: dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlətin mülkiyyətinə verilməlidir; dövriyyədən çıxarılmış əşyalar aidiyyəti dövlət orqanlarına (qurumlarına) verilməli, yaxud məhv edilməlidir; maddi sübut hesab edilən sənədlər inzibati xəta haqqında işdə müəyyən edilmiş saxlama müddəti ərzində saxlanılır və ya sahibinə verilir… Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə təqsirli bilinsin, 225 manat məbləğində cərimə edilsin. İş üzrə maddi sübut olan və Culfa rayon Polis Şöbəsində saxlanılan 1 ədəd narkotik tərkibli, təmiz çəkisi 0.304 qram olan çətənə bitkisi məhv edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar