Məhkəmə qərarları › İş №3(089)-73/2023

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-73/2023

14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-73/2023 14.11.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs-xx xxxx 1968-ci il tarixdə Culfa rayonun Milax kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, müvəqqəti işsiz, Culfa rayonun Milax kəndində yaşayan-barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 590.2-ci maddəsi ilə Culfa rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində 02 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə 008348 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən xüsusi icazə almadan mülki silahı əldə etmiş, saxlamışdır. Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində müvafiq icra hakimiyyəti orqanından (AR Daxili İşlər Nazirliyi) xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə inzibati məsuliyyət müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak etmiş Şəxs özünü Azərbaycan Respublikası İXM-in 590.2ci maddəsi ilə təqsirli bilmiş, izahatında bildirmişdir ki, Culfa rayonunun Milax kəndində yaşayır, heç bir yerdə işləmir. Kənddə təsərrüfatla məşğul olur. Culfa rayonunun Milax kəndində yaşadığı evdən təxminə 3 km məsafədə yerləşən, ona məxsus olan torpaq sahəsində tərəvəz əkir, yetişdirir, satır və gəlir əldə edir. 15 sentyabr 2023-cü il tarixdə saat 18:00 radələrində əkin sahəsində işini bitirmiş, evə gələn zaman yolun kənarında olan kollun altında parçaya bükülmüş bir əşyanın olduğunu görmüş, həmin əşyanın nə olduğunu bilmək üçün götürmüş, açmış, içərisində iki lüləli, 12 kalibrli, Rusiya istehsallı A18986 nömrəli bir ədəd ov silahı olduğunu bilmişdir. Həmin silahın sahibinin olmadığını düşünərək evə gətirmiş, həyətdə olan anbar kimi istifadə etdiyi yardımçı tikilidə lavaş yığmaq üçün istifadə etdiyi dolabın altına parçaya bükülmüş şəkildə qoymuş, bu barədə kimsəyə bildirməmişdir. Həmin silahı götürməkdə heç bir məqsədi olmamış, silahı polisə təhvil vermək istəmiş, lakin sonra məsuliyyətə cəlb olunacağından qorxmuş, fikrindən daşınmış və həmin silahı gizlətdiyi yerdən çıxartmamış, silahdan istifadə etməmişdir. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları onun yaşadığı ünvana gəlmiş, onun evində qanunsuz ov silahı saxlaması barədə məlumatlarının olduğunu və həyətə baxış keçirmək istədiklərini, axtarış aparılması barədə qərar qəbul edildiyini bildirmiş, etirazının olubolmadığını soruşmuşlar. Ərizə yazmış, baxış keçirilməsinə icazə vermiş, bundan sonra polis əməkdaşları onun həyətində olan yardımçı tikililərə baxış keçirməyə başlamışlar. Anbar kimi istifadə etdiyi yardımçı tikilidə olan çörək dolabının altında gizlətdiyi ov silahı aşkar edilmiş, götürülmüş, sənədləşdirilmiş və aparılmışdır. Hərəkətlərindən çox peşmandır, ona köməklik edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid1 izahatında bildirmişdir ki, Culfa rayonunun Milax kəndində yaşayır, Culfa rayon Milax kənd tam orta məktəbində mühafizəçi işləyir. 28 sentyabr 2023-cü il tarixdə polis sahə inspektoru tərəfindən həmkəndlisi Şəxs yaşadığı ünvana dəvət edilmiş, Şəxs evində odlu silah gizlətməsi barədə məlumat olduğu, yaşadığı evə və yardımçı tikiliyə baxış keçiriləcəyi bildirilmiş, hal şahidi kimi iştirak etməsi xahiş edilmiş, etiraz etməmişdir. Hal şahidi qismində dəvət edilmiş Şahid2 da orada olmuşdur. Onlara hüquq və vəzifələrini izah edilmiş, onların iştirakı ilə Farizin evinə baxış keçirilmiş, baxış zamanı həyətdə olan anbar kimi istifadə etdiyi yardımçı tikilidə olan lavaş yığmaq üçün istifadə edilən dolabın altından parçaya bükülmüş iki lüləli ov silahı müəyyən edilmiş, götürülmüş və bu barədə sənəd tərtib edilmiş, sənədi imzalamışlar. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu izahat vermişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi özünün səmimi etirafı, şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqinin tapmışdır. İş materiallarına əlavə edilmiş 27 sentyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Culfa rayonunun Milax kəndində Şəxs məxsus həyətdə olan anbar kimi istifadə etdiyi yardımçı tikilidə lavaş yığmaq üçün istifadə etdiyi dolabın altından parçaya bükülmüş bir ədəd “İJ-27 E” markalı, A18986 nömrəli, 12 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, daxili çaxmaqlı, yivsiz iki lüləli ov silahı aşkar edilərək götürülmüşdür. 25 oktyabr 2023-cü il tarixli 1001 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyində qeyd edilmişdir ki, təqdim edilmiş silah İjevsk mexanika zavodunda ( keçmiş SSRİ, hazırkı Rusiya Federasiyası), zavod üsulu ilə hazırlanmış, “İJ-27 E” modelli, A18986 seriya və nömrəli, 12 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, daxili çaxmaqlı, qoşalüləli, yivsiz (hamarlüləli) odlu ov silahıdır (tüfəngdir), üzərində təyinatını dəyişəcək əlavə və dəyişikliklər aşkar edilmədi. 28 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqında qərardan müəyyən edilir ki, Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, əməlində İnzibatı Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin tərkib əlamətləri olduğundan, onun barəsində inzibati icraat başlanılması üçün qərarın surəti Culfa Rayon Polis X4 Bölməsinə göndərilmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs İjevsk mexanika zavodunda ( keçmiş SSRİ, hazırkı Rusiya Federasiyası), zavod üsulu ilə hazırlanmış, patronluğunun uzunluğu 70 mm olan, 12 kalibrli, A18986 seriya və nömrəli, “İJ-27 E” daxili çaxmaqlı, qoşalüləli, yivsiz odlu ov tüfəngini əldə edərək saxlamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, Şəxs tərəfindən inzibati xəta hadisəsinin törədilməsi özünün səmimi etirafı, şahidlərin izahatı və inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. “Xidməti və mülki silah haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi qadağandır. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinməli və inzibati xətanın bilavasitə obyekti olan ov silahı müsadirə edilməli və o, 80 manat məbləğində cərimə edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, nəzərə almışdır. İnzibati məsuliyyəti ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Şəxs hərəkətlərindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, Culfa Rayon Polis Şöbəsində saxlanılan İjevsk mexanika zavodunda (keçmiş SSRİ, hazırkı Rusiya Federasiyası) zavod üsulu ilə hazırlanmış, A18986 seriya və nömrəli, “İJ-27 E” markalı, patronluğunun uzunluğu 70 mm olan, 12 kalibrli, daxili çaxmaqlı, qoşalüləli, yivsiz (hamarlüləli) bir ədəd odlu ov silahı müsadirə edilsin. Şəxs 80 manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar