Məhkəmə qərarları › İş №3(089)-76/2025

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-76/2025

15.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-76/2025 15.10.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs- xx xxxx 1966-cı il tarixdə Culfa rayonunun Kırna kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi təsərrüfatçı, Culfa rayonunun Kırna kəndində yaşayan-barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Culfa Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Culfa Rayon Polis Şöbəsinin sahə rəisi, polis leytenantı X3 tərəfindən tərtib edilmiş 15 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati xəta haqqında” protokol, inzibati xəta haqqında iş üzrə toplanmış material ilə birlikdə baxılması üçün Culfa Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində izahat vermiş Şəxs izahatında bildirmişdir ki, özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilir. Culfa rayonunun Kırna kəndində yaşayır. 14 oktyabr 2025-ci il tarixdə, axşam saat təqribən 21:00-22:00 radələrində Kırna kəndində toyda olmuş, biraz içkili olmuşdur. Toy mərasimi zamanı heç kimlə savaşmamış, mübahisə etməmişdir. Kimsə polisə zəng etmiş, onun içkili olduğunu bildirmişdir. Bundan sonra toy mərasimi olan çadırdan çıxmış, çıxan kimi polis əməkdaşları onu tutmuş, maşına mindirməyə çalışmışlar. Heç bir günahı olmadığından, heç kimlə savaşmadığından polis əməkdaşlarına müqavimət göstərmiş, polisin qanuni tələblərinə tabe olmamışdır. Hərəkətlərindən çox peşmandır, əvvəllər inzibati xəta törətməmişdir, ona köməklik edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 14 oktyabr 2025-ci il tarixdə saat 22:00 radələrində Culfa rayonunun Kırna kəndində ictimai qaydanı pozması, səs-küy yaratması, hadisə yerinə gələn ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmaması məhkəmə iclasında dindirilmiş şahidlər Şahid1 və Şahid2 izahatları ilə də öz təsdiqini tapır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 izahatında bildirmişdir ki, 14 oktyabr 2025-ci il tarixdə saat təqribən 22:10 radələrində Culfa rayonunun Kırna kəndində toy mərasimində dava olması barədə məlumat daxil olmuş və polis əməkdaşları ilə həmin hadisə yerinə getmişlər. Orada Kırna kənd sakini Nəbi adlı şəxs toyda dava etmiş, onu 20-30 nəfərin arasından çıxarmışlar. Həmin vaxt Nəbi adlı şəxs onları təhqir etmiş, nalayiq ifadələr işlətmişdir. Onlar həmin şəxsə İXM-nin 535.1-ci maddəsini izah etmiş, lakin həmin şəxs hərəkətlərinə davam etmişdir. Şəxsi Culfa Rayon Polis Şöbəsinə dəvət etmişlər, həmin şəxs başını ora-bura çırpmış, öz hərəkətlərinə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 izahatında bildirmişdir ki, 14 oktyabr 2025-ci il tarixdə Culfa rayonunun Kırna kəndində keçirilən toy mərasimində toybəyi olmuşdur. Şəxs ona yaxınlaşmış, oyun istəmiş, o da Şəxs qonaqlarının çox olduğunu, biraz səbr etməyini bildirmişdir. Şəxs həmin vaxt içkili olmuşdur. Daha sonra Nəbi palatkadan çıxmışdır. Həmin vaxt heç bir dava-dalaş olmamışdır. Sonradan bilmişdir ki, Nəbini polis əməkdaşları aparmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında MN ******* nömrəli protokolla, özünün və şahidlərin izahatları ilə tam sübuta yetmişdir. İş materiallarında olan: Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 94 nömrəli aktdan görünür ki, Şəxs 14 oktyabr 2025-ci il tarixdə sərxoşluq vəziyyəti alkotest vasitəsilə yoxlanılmış, sərxoşluğun dərəcəsinin 2.0 promil olması müəyyən edilmişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 95 nömrəli aktdan görünür ki, Şəxs 15 oktyabr 2025-ci il tarixdə sərxoşluq vəziyyəti alkotest vasitəsilə yoxlanılmış, sərxoş olmaması müəyyən edilmişdir. 14 oktyabr 2025-ci il tarixli, 0578 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 14 oktyabr 2025-ci il tarixdə, saat 23:00-da inzibati qaydada tutulmuş, 15 oktyabr 2025-ci il tarixdə, saat 17:15-də azad edilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs düzgün olaraq inzibati məsuliyyətə cəlb edilmiş, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli, barəsində inzibati tənbeh növü tətbiq edilməlidir. Məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh növlərindən hansının tətbiqi ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, Şəxs şəxsiyyəti, törədilmiş inzibati xətanın xarakteri, təqsirinin dərəcəsi nəzərə alınmalı inzibati qaydada cərimə edilməlidir. Məhkəmə Şəxs hərəkətlərindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi, Şəxs inzibati xətanı sərxoş halda törətməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. İcraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1 və 33.1.7-ci maddələrinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilinsin, 150 manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar