Məhkəmə qərarları › İş №3(089)-8/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-8/2024

13.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-8/2024 13.03.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs-xx xxxx 1996-cı il tarixdə Culfa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, müvəqqəti işsiz, ünvan 1 ünvanında yaşayan-barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 590.2-ci maddəsi ilə Culfa rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində 04 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən xüsusi icazə almadan mülki silahı əldə etmiş, saxlamışdır. Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində müvafiq icra hakimiyyəti orqanından (AR Daxili İşlər Nazirliyi) xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə inzibati məsuliyyət müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak etmiş Şəxs özünü Azərbaycan Respublikası İXM-in 590.2ci maddəsi ilə təqsirli bilmiş, izahatında bildirmişdir ki, ünvan 1 ünvanında yaşayır. Uzun müddətdir hər hansı bir dövlət işində işləmir. Gündəlik işlərdə işləyərək qazanc əldə edir. xx.xx.2023-cü il tarixdə Culfa rayonunun Gülüstan kəndinin yaşayış evləri olmayan hissəsində, çayın sol kənarındakı çöllük ərazidə təkbaşına pencər toplayan zaman əkin sahələrinin arasında, yurğun kollarının dibində bir ədəd ağ rəngli un kisəsinə bükülmüş halda uzunsov əşya olduğunu görmüş, həmin əşya onun diqqətini çəkmiş, un kisəsini götürüb açmış, un kisəsinin içərisində bir ədəd tək lüləli ov silahının olmasını görmüşdür. Ətrafa baxaraq kimsənin görmədiyini dəqiqləşdirmiş, silahı un kisəsinə yenidən bükmüş və özü ilə yaşadığı mənzilə gətirmiş, zirzəmidə heç kimə göstərmədən gizlətmişdir. Bir neçə ay ov silahını evin zirzəmisində saxlamış, sonra polis əməkdaşları tərəfindən tutulmasından qorxmuş, yenidən həmin ov silahını un kisəsinə bükülü halda götürərək Gülüstan kəndinin ərazisinə aparmış və orada dağlıq ərazidəki qayanın altında gizlətmişdir. Bir neçə gün keçdikdən sonra Culfa Rayon Polis Şöbəsinə dəvət edilmiş, ona qanunsuz olaraq silah saxladığı bildirilmişdir. Ov silahını gizlətdiyi yeri demiş, polis əməkdaşlarının və şahidlərin iştirakı ilə ov silahı gizlətdiyi yerdən götürülmüşdür. Şəxs izahatında onu da bildirmişdir ki, xüsusi icazə almadan ov silahını saxlamağın düzgün olmadığını bilir. Hərəkətlərindən çox peşmandır, ona köməklik edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid1 izahatında bildirmişdir ki, ünvan 2 ünvanında yaşayır, Culfa şəhər Mənzil İstismar İdarəsində fəhlə işləyir. 31 yanvar 2024-cü il tarixdə Polis Şöbəsinə dəvət edilmiş, Şəxs tərəfindən Gülüstan kəndinin ərazisində ov silahı gizlədildiyi, onun və Culfa şəhər sakini Şahid2un iştirakı ilə ov silahının gizlədildiyi yerə baxış keçiriləcəyi bildirilmiş, etiraz etməmişdir. Onun, N.ibarhimovun iştirarı ilə Şəxs Culfa rayonunun Gülüstan kəndi ərazisində göstərdiyi yerə polis əməkdaşı tərəfindən baxış keçirilmiş, un kisəsinə bükülü əşya aşkar edilmişdir. Un kisəsi açılmış, un kisəsinin içərisində bir ədəd ov silahının olması müəyyən edilmişdir. Sonra ona məlum olmuşdur ki, Şəxs ov silahını xx.xx.2023-cü il tarixdə Culfa rayonunun Gülüstan kəndinin ərazisindən pencər toplayan zaman tapmış, əvvəlcə yaşadığı evdə, sonra isə çöllük ərazidə gizlətmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu izahat vermişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi özünün səmimi etirafı, şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqinin tapmışdır. İş materillarına əlavə edilmiş 31 yanvar 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Culfa rayonunun Gülüstan kəndinə yaxın, dağın ətəyinə baxış keçirilmiş, baxış zamanı çöllük ərazidə daşın dibində ağ çuvala bükülmüş, sökülü vəziyyətdə bir ədəd 16 kalbirli, 5707H nömrəli, tək lüləli ov silahı aşkar edilərək götürülmüşdür. 29 fevral 2024-cü il tarixli 132 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyində qeyd edilmişdir ki, təqdim edilmiş silah keçmiş SSRİ-də (hal-hazırki Rusya Federasiyası) İjevsk silah zavodunda, zavod üsulu ilə istehsal edilmiş, 16 kalbirli, patronluğunun uzunluğu 70 mm olan, “İj-K1” modelli, 5707H seriya nömrəli, xarici çaxmaqlı, təklüləli tüfəngidir- yivsiz (hamarlüləli) odlu ov silahıdır, silahın üzərində təyinatını dəyişəcək hər hansı bir konstruktiv əlavə və dəyişikliklər edilməmişdir, saz vəziyyətdədir. 29 fevral 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqında qərardan müəyyən edilir ki, Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, əməlində İnzibatı Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin tərkib əlamətləri olduğundan, onun barəsində inzibati icraat başlanılması üçün qərarın surəti Culfa Rayon Polis X1 Bölməsinə göndərilmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs İjevsk mexanika zavodunda ( keçmiş SSRİ, hazırkı Rusiya Federasiyası), zavod üsulu ilə hazırlanmış, patronluğunun uzunluğu 70 mm olan, 16 kalbirli, 5707H seriya və nömrəli, “İj-K1” markalı xarici çaxmaqlı, təklüləli, yivsiz odlu ov tüfəngini əldə edərək saxlamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, Şəxs tərəfindən inzibati xəta hadisəsinin törədilməsi özünün səmimi etirafı, şahidlərin izahatı və inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. “Xidməti və mülki silah haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi qadağandır. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinməli və inzibati xətanın bilavasitə obyekti olan ov silahı müsadirə edilməli və 80 manat məbləğində cərimə edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, nəzərə almışdır. İnzibati məsuliyyəti ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Şəxs hərəkətlərindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, Culfa Rayon Polis Şöbəsində saxlanılan keçmiş SSRİ-də (hazırkı Rusiya Federasiyası) İjevsk silah zavodunda, zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “İj-K1” modelli, 5707H seriya nömrəli, xarici çaxmaqlı, təklüləli yivsiz (hamarlüləli) odlu ov silahı müsadirə edilməklə Şəxs 80 manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar