Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-8/2025 18.02.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxslər Şəxs1 və Şəxs2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslər Şəxs1-xx xxxxxx 1962-ci il tarixdə Culfa rayonunun Yaycı kəndində doğulmuş, orta ixtisas təhsilli, evli, 2 uşaq anası, işsiz, ünvan 1 ünvanında yaşayan, Şəxs2-01 noyabr 1960-cı il tarixdə Culfa rayonunun Yaycı kəndində doğulmuş, orta təhsilli, evli, 2 uşaq anası, işsiz, ünvan 2 ünvanında yaşayan-barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 515.0.2-ci maddəsi ilə Culfa Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs1 və Şəxs2 barəsində 28 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs1 və Şəxs2 23 noyabr 2024-cü il tarixdə ünvan 2 ünvanında dini mərasimlərin təşkili və keçirilməsinin qanunla müəyyən edilən qaydasını pozmuşlar. Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsində dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə inzibati məsuliyyət müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs1 izahatında bildirmişdir ki, Culfa şəhərində ailəsi ilə birlikdə yaşayır, uzun illərdir ki, İslam dini ilə maraqlanır və İslam dininə inanır, onun şərtlərinə əməl edir. Din ilə maraqlandığı üçün ərəb dilində başa düşməsə də, oxumağı öyrənmiş və 16 dəfə Qurani-kərim kitabını axıra kimi oxumuş, münasibəti olan tanışlarının yas mərasimlərində, təkiyələrində qarşılıqsız, əvəzsiz olaraq quran oxumuş, sinəzənlər demişdir. Telefonunda dini videolara və dinlə bağlı olan Quran ayələrinə, surələrinə həmişə baxmış, maraqlanmışdır. Təxminən 2-3 il olar ki, telefonda “youtube” proqramında qarşısına “X16” aid olan videolar çıxmış və orada təbliğ olunan, Qurani-kərim kitabında da öz əksini tapan ayə və surələrin izahına baxmış, bundan sonra həmin “X16” onda maraq oyanmış və orada verilən izahların, dini təbliğin, dinin necə davranmaq lazım olması barədə buyurduqları ona daha maraqlı gəlmişdir. Bundan sonra “X17” ilə daha geniş və ətraflı maraqlanmış, 5-6 il bundan əvvəl X3 şəhərinə xəstə olan, adını xatırlamadığı şəxsə baxıb, maddi vəziyyətini yaxşılaşdırmaq üçün gəlir əldə etməkdən ötrü gedən zaman orada tanıdığı Havva adlı şəxsə telefon vasitəsi ilə mesaj yazmış, əlaqə saxlamış, “X17” ilə maraqlandığını və bu barədə ona məlumat verməsini istəmişdir. Havva adlı şəxs “X14” başçısının X19 Mihr adlı şəxs olduğunu, onun öldüyünü və Mehir Vakfının qurucusu olduğunu, həmin şəxsə inananların və inanmayanların olduğunu bildirmiş, Havva İsgəndər təriqətinə inansa da başqa təriqətə üzv olduğunu demişdir. Bundan sonra o “youtube” proqramında baxdığı videolarda olan əlaqə nömrəsinə zəng etmiş, Serap adlı qadınla söhbət etmiş, “X17” barədə məlumat verməsini istəmiş, həmin şəxs insanların təriqətə bölündüyünü, dünyada 72 təriqətin olduğunu, 72 təriqətin hamısının yanlış olduğunu bildirmiş, Quranda olan şüara surəsinin 13-cü ayəsini açıqlamış, şüara surəsinin 13-cü ayəsində Allahın insanlara bir yolunun və bir dinin olduğunu anlatmasını ona izah etmişdir. O bundan sonra X14 dini izahını daha düzgün hesab etmiş, bununla maraqlanmış, maraqlandıqca insanların fərqli dinlərə inanmağının, təriqətlərə inanmağının yanlış olduğunu və X14 bizə izahını verdiyi İslam dininin daha düzgün olduğu qənaətinə gəlmiş, buna inanmışdır. Bundan sonra Şüara 13, zümər 17, mömin 15 Quran ayələrini oxumuş, Allahın tək olmasına, Allaha gedən yolun və dinin bir olmasına inanmış və bununla da özünü Allaha qul hesab etmiş və yas mərasimlərində və ya başqa şəkildə bir araya gəldiyi şəxslərin, tanışlarının yanında X14 izah etdiyi İslam dinini təbliğ etməyə başlamışdır. Beləliklə, təbliğ etdikcə X14 izah etdiyi İslam dininə inanan qadın cinsindən olan şəxslər onun ətrafına toplaşmağa başlamış, o ətrafına toplaşmağa başlayan şəxslərin adını siyahılaşdırmış və həmin şəxslərin mobil nömrələrini götürmüşdür. Bundan sonra X14 izah etdiyi İslam dinində olan surə və ayələrin izahlarına qulaq asmaq üçün ətrafına toplaşan şəxslərə bir yerə yığılmağı təklif etmiş, bununla da onlar təxmini 2-3 dəfə müxtəlif ünvanlarda yığışmış, Mihr Vakfının izahlarına qulaq asmağa başlamış, ilk dəfə bir il bundan əvvəl onun rəhbərliyi ilə Culfa rayonunun Yaycı kəndində yerləşən Nağdəli Pirində 5-6 nəfərin iştirakı ilə yığışmışlar, ikinci dəfə Culfa şəhərində yerləşən qardaşı X4 arvadı Könül Məmmədovanın kirayə yaşadığı ünvanda yenə təxminən 6-7 nəfərin iştirakı ilə yığışmışlar. 22 noyabr 2024-cü il tarixdə X14 başçısı X19 Mehirin doğum günü ilə əlaqədar olaraq təzəkkür etmək üçün bir yerə yığılmağı təklif etmiş və buna görə ətrafına toplaşan şəxslərə zəng etmiş, bir yerə yığışmaqlarını bildirmiş, bu zaman Culfa şəhər sakini olan Şəxs2 23 noyabr 2024-cü il tarixdə onun ünvanında toplanmağı təklif etmişdir. O, Elnarə Hüseynova, Şahid2, Gülzar Hüseynova, Şahid1 23 noyabr 2024-cü il tarixdə saat 11:00-da Şəxs2 mənzilində toplaşmış, qeyd etdiyi ünvanda X14 İslamla bağlı verdiyi izahlara qulaq asmağa hazırlaşan zaman polis əməkdaşları oraya gəlmiş, bundan sonra onları izahat vermək üçün Culfa Rayon Polis Şöbəsinə dəvət etmişlər. Hərəkətlərindən peşmandır. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs2 izahatında bildirmişdir ki, 1980-ci ilin sentyabr ayından ünvan 4 ünvanında yerləşən əri Hüseynqulu Muradova məxsus olan mənzildə ailəsi ilə birlikdə yaşayır, uzun illərdir ki, oxumağa, öyrənməyə maraqlı olmuş, bununla bağlı həm ədəbiyyat həm də tarixlə maraqlanmışdır. 1996-ci ildən İslam dini ilə maraqlanmış, onun şərtlərinə əməl etmiş, oruc tutmuş, namaz qılmış, təxminən 12 il bundan əvvəl Culfa rayonunun Yaycı kənd sakini olan rəhmətə gedən əmisi X2 vasitəsi ilə Quranı öyrənməyə başlamış və həmin vaxtdan “İsgəndər Mihr” təriqəti ilə tanış olmuş, Mihr təriqətinin rəhbəri olan X19 Mehrinin və X8 ayə və surələrinə dair verdiyi izahlardan ibarət olan video materiallara “youtube” proqramı vasitəsi ilə baxmış, həmin ildən ötən müddət ərzində bu təriqətlə maraqlanmışdır. Daha sonra Culfa rayonunun Yaycı kəndində qonşusu olan və hazırda Culfa şəhərində yaşayan Şəxs1 təriqətlə maraqlandığını öyrənmiş, təxminən 3 il bundan əvvəl isə Culfa rayonunun Yaycı kəndində yaşayan həmkəndlisi Şahid2 rəhmətə gedən baldızı Güllünün yanına gedən zaman dindən söhbət etmişlər və həmin vaxtdan Şahid2 da Mihr təriqəti barədə maraqlandığını bilmiş, beləliklə həmin Mihr təriqəti ilə maraqlanan bir neçə nəfəri tanımışlar. Bundan sonra Mihr təriqəti ilə maraqlanan şəxslərə rəhbərlik edən Culfa şəhər sakini olan Şəxs1 rəhbərliyi ilə bir neçə dəfə təşkil olunmuş dini yığıncaqlarda iştirak etmiş, bu barədə təzəkkür etmişlər. Təxminən 2 il müddətində iki dəfə Culfa rayonunun Yaycı kənd sakini olan Şahid2gildə, bir dəfə Culfa şəhər sakini olan Könül Məmmədovagildə, bir dəfə Naxçıvan şəhər sakini olan Məmmədova Şahnazgildə olan dini yığıncaqda iştirak etmiş, təzəkkür etmiş, Mihr təriqətinin rəhbəri və qurucusu olan İsgəndərin “youtube”-da olan izahlarına qulaq asmışlar, bu barədə 3 dəfə isə onun Culfa şəhərində olan mənzilində özünün təklifi ilə yığılmış, təzəkkür etmiş, Mihr təriqətinin rəhbəri və qurucusu olan İsgəndərin “youtube”-da olan izahlarına qulaq asmışlar. Ən son 22 noyabr 2024-cü il tarixdə onun təklifi və təşkilatçılığı ilə İsgəndər Mihr təriqətinin qurucusu X19 Mihrinin doğum günü münasibəti ilə təzəkkür etmək üçün onun evində yığılmaqları barədə razılaşmışlar, bu zaman qonşusu Şahid1gildə olmuş, həmin vaxt yemək hazırlayacağını bildirmiş, Tünzalə isə şirniyyat hazırlayıb gətirəcəyini demiş, o da ona əziyyət çəkməməsini bildirmişdir. 23 noyabr 2024-cü il tarixdə Şəxs1, Elnarə Hüseynovanın, Şahid2, Gülzar Hüseynovanın və Şahid1 iştirakı ilə saat 11:00-da onun evində yığılmışlar, həmin vaxt onun əvvəlcədən boşanmış, lakin, münasibəti olan gəlini Nazimə Muradova və nəvələri İnci, Nilay və Xanımı da yemək yemələri üçün evinə dəvət etmiş və onlar da onun evində olmuşlar. Qeyd etdiyi şəxslərlə təzəkkür edən zaman gəlini mətbəxdə qulluq etmiş, nəvələri isə onun evində digər otaqda televizor və telefonla başlarını qatmışlar, bundan sonra isə polis əməkdaşları onun mənzilinə daxil olmuş, yığıncaqlarını pozmuşlar. Əməlindən peşmandır, ona köməklik edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid2 izahatında bildirmişdir ki, 2000-ci ildə Culfa rayonunun Yaycı kənd sakini X6 ilə ailə həyatı qurmuş, 2001-ci ildə oğlu X7 dünyaya gəlmiş, 2002-ci ildə qızı X5 dünyaya gəldikdən sonra ailədə maddi cəhətdən çətinliklər olmuş, həyat yoldaşı Türkiyə Respublikasının İstanbul şəhərinə gedərək orada plastik materiallar zavodunda işləməyə başlamış və 3 aydan bir gəlib 1 həftə-10 gün qalaraq İstanbul şəhərinə geri qayıtmışdır. Hazırda həyat yoldaşı daxili orqanlarında xəstəlik olduğuna görə işləmir, həyat yoldaşı 1-ci Qarabağ müharibəsinin iştirakçısı olmuşdur. X18 isə 2-ci Qarabağ müharibəsində iştirak edib qayıtdıqdan sonra o, başını bağlamağa başlamış, Culfa rayonunun Yaycı kəndində fərdi yaşayış evlərində keçirilən yas mərasimlərində, təkiyələrdə dinlə bağlı Ziyafət adlı şəxsin etdiyi dini söhbətlərdən təsirlənərək özü üçün onun dinlə bağlı etdiyi söhbətləri maraqlanmağa başlamış, həmin məclislərdə Ziyafət adlı şəxsin etdiyi söhbətlərdən sonra məclisin sonunda ona yaxınlaşaraq “etdiyiniz söhbətlərin mənasını mənə izah edin” demiş, Ziyafət adlı şəxs də ona ““youtube”-da “X19 Mihr Hz” və “Cabbar hocanın” dini söhbətlərinə qulaq as biləcəksən mənim nə demək istədiyimi” deyərək cavab vermiş, o da həmin gündən sonra Ziyafət adlı şəxsin yuxarıda adlarını qeyd etdiyi şəxslərin söhbətlərinə qulaq asmağa başlamış, daha sonra Culfa rayonunun Yaycı kəndində keçirilən yas mərasimlərində Ziyafət adlı şəxs onlara “gəlin bir olaq, xəstələrə kömək olaq, evinizdə olandan qonşunuzada verin” kimi söhbətlər edən zaman həmin söhbətlər xoşuna gəlmiş, gözəl söhbətlər etdiyini düşünmüş, buna görə də isgəndərçilik dininə inamının gündən-günə artmağa başladığını düşünmüş, məclislərin birində Ziyafət adlı şəxsə yaxınlaşmış, ona “mənidə qrupunuza qoşun görüm siz orda nə söhbətlər edirsiniz” demişdir. Ziyafət adlı qadın onu “Telegram” sosial şəbəkəsində qrupa daxil etmiş və o həmin qrupda gedən söhbətlərə qulaq asmağa başlamışdır. Ziyafət adlı şəxsin yaratdığı “Telegram” qrupunda “X19 Mihr Hz” söhbətlərindən videolara qulaq asmış, təxminən 2022-ci il tarixdə xərçəng xəstəsi olan baldızı Güllü Qurbanovanın ziyarətinə gəlmiş, orada da dini söhbətlər etmiş və həmin söhbətlər ona maraqlı gəlmiş, həmin vaxtdan Şəxs1 X14 verdiyi dini izahlar barəsində daha ətraflı maraqlanmağa başlamış, Şəxs1 onun baldızı Güllü Qurbanova ilə bir məhəllədə böyüdüyündən, xəstə olduğu üçün onu tez-tez ziyarətə gəlib dini mövzularda söhbət etmiş, o bu zaman Şəxs1 etdiyi dini söhbətlər maraqlı gəldiyindən, onlara gəlib bu barədə söhbətlər etməsini bildirmiş, həmin vaxt Şəxs1 bu barədə yığışıb söhbət etdiklərini və onun da gəlmək istəsə, gələ biləcəyini bildirmişdir. Bundan bir müddət sonra Şəxs1 ona mesaj yazmış, Culfa şəhərində yaşayan əvvəlcədən tanıdığı Şəxs2gildə tarixini xatırlamadığı vaxtda, təxminən yay aylarında yığılacaqlarını və dini söhbətlər edib təzəkkür edəcəklərini və istəsə onun da iştirak edə biləcəyini demiş, bundan sonra o, Şəxs2gildə olan dini yığıncaqda iştirak etmiş, həmin vaxt orada tanımadığı bir neçə nəfər olmuş, bununla yanaşı tanıdığı Şəxs1, Könül Məmmədova da orada olmuş, həmin vaxt onlar İsgəndər Mihr təriqətindən söhbət etmiş, Cabbar Boraninin “youtube”da olan videolarını Şəxs1 mobil telefonunda səs gücləndirici vasitəsi ilə qoşmuş və onlar həmin videolara qulaq asmışlar. Orada o, Şəxs1 müsait olanda onun evində də belə yığılıb dini söhbətlər etməyi təklif etmiş, həmçinin Könül Məmmədova ilə Şəxs2 da təklif etmiş, bundan bir müddət sonra Şəxs1, Könül Məmmədova, Şəxs2 onlara gəlmişlər və onlarda yığılıb X14 dini izahlarından söhbət etmiş, Cabbar Boraninin videolarına qulaq asmışlar. Bundan bir müddət keçdikdən sonra qeyd etdiyi şəxslərlə birlikdə yenidən onun evində yığılmışlar və həmin vaxtda Şəxs1 başqa şəxsləri də gələndə onun evinə gətirməyini bildirmiş, o da həmin vaxt başqa tanımadığı şəxslərin onun evinə gəlməyini istəmədiyini ona bildirmişdir. Sonuncu dəfə 23 noyabr 2024-cü il tarixdə saat 11:00 radələrində Ziyafət adlı şəxs ona whatsapp sosial şəbəkəsindən onun ***-***-**-** mobil nömrəsinə mesaj yazaraq “bu gün Yasəmən xalagildə olacayıq, istəsən sən də gəl” demiş, Yasəmən adlı şəxs də Culfa şəhərində yaşamış, onun qızını qaynının oğluna aldıqları üçün qohum kimi bir-birilərinin evinə gedib-gəlmişlər. O da qonşusu Elnaz adlı şəxsə zəng vuraraq ona “Yasəmən xalagilə getmək istəyirsənsə gəl gedək” demiş, o da hazırlaşıb gəlmiş və onlar birlikdə Culfa şəhərində yaşayan Yasəmən adlı şəxsin evinə getmiş, saat 11:30 radələrində ora çatmışlar. Evə girdikləri zaman Yasəmən, onun qardaşı arvadı Gülizar adlı şəxs, Ziyafət adlı şəxs, Yasəmənin gəlini və nəvələri olmuş, onlar keçib oturduqdan sonra Yasəmənin gəlini çay gətirmiş, çaylarını içərkən Ziyafət “X19 Mihr Hz”-nin söhbətlərindən və “Cabbar hocanın söhbətlərindən” danışmağa başlamış, həmin vaxt polis əməkdaşları içəri daxil olmuş, onlara məxsus olan əl çantalarını yoxlamış, ona məxsus olan əl çantasından 01 ədəd təsbeh, 01 ədəd zikir edərkən istifadə olunan zikir matik aşkar olunmuş, evdə olan digər şəxslərin də əl çantalarından təsbeh və zikir matik əşyaları aşkar olunmuşdur. Şəxs1 və Şəxs2 23 noyabr 2024-cü il tarixdə ünvan 2 ünvanında dini yığıncaq keçirməsi özlərinin etirafı ilə bərabər, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdikəri ilə bir daha sübuta yetir. Şəxs1 və Şəxs2 tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi özlərinin izahatı, şahidin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs1 və Şəxs2 23 noyabr 2024-cü il tarixdə ünvan 2 ünvanında dini yığıncaq keçirmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişlər. Belə ki, İXM-in 515.0.2-ci maddəsinə əsasən dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə - fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs1 və Şəxs2 Azərbaycan Respublikası İnzibati- Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə təqsirli bilinməli, inzibati qaydada 1500 manat məbləğində cərimə edilməlidirlər. Məhkəmə Şəxs1 və Şəxs2 inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, Şəxs1 və Şəxs2 şəxsiyyətlərini, onların təqsirinin dərəcəsini, həmçinin inzibati məsuliyyəti yüngülləşdirən halları, yəni Şəxs1 və Şəxs2 hərəkətlərindən peşman olmasını nəzərə almışdır. İnzibati məsuliyyəti ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun 21-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, kütləvi dini ibadət, ayin və mərasimlərin icrası zamanı dini təlimin əsaslarının işıqlandırılması yalnız bu Qanunla müəyyən edilmiş qaydada təyin olunmuş din xadimləri tərəfindən həyata keçirilə bilər. Qanunun 6-1-ci maddəsinə əsasən kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərində və ziyarətgahlarda keçirilir. Kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərindən və ziyarətgahlardan kənarda yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə təşkil olunur. Xarici ölkələrdə yerləşən və müvafiq din üçün müqəddəs hesab edilən yerlərə ibadət məqsədilə dindarların mütəşəkkil şəkildə ziyarətləri müvafiq dini mərkəzlər (idarələr) tərəfindən həyata keçirilir və bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilir; Qanunun 30-cu maddəsinə əsasən bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsində, İXM-də və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs1 və Şəxs2 qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onlar tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, 1500 manat məbləğində cərimə edilsin. Şəxs2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin 1500 manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №3(089)-8/2025
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-8/2025
18.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver