Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-80/2025 19.11.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Necmettin Kuşun-xx.xx.1972ci il tarixdə Türkiyə Respublikası, Şanlıurfa şəhəri, Bozova rayonu, Dikli kəndində doğulmuş, Türkiyə Respublikasının vətəndaşı, evli, orta təhsilli, sürücü işləyən, Türkiyə Respublikasının Adana şəhərində yaşayan-barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 480-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Necmettin Kuş barəsində 05 noyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə EP № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, o, xx.xx.2025-ci il tarixində saat 15:36da “Culfa” gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Naxçıvan Muxtar Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına “bitum” yükü apararkən idarə etdiyi 33ACC054/33BFC46 dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsi “Azərterminalkompleks” Birliyinin gömrük fəaliyyətinə dəstəyin təşkili idarəsinin kinoloji fəaliyyətə yardım şöbəsinin instruktor kinoloqu, gömrük xidməti giziri Şahid3 iştirakı və “Tavr" adlı xidməti itin tətbiqi ilə videoçəkiliş aparılmaqla yoxlanılmış, yoxlama zamanı yük nəqliyyat vasitəsinin qoşqusunun soyuducusunun mühərrik hissəsində gizlədilmiş halda 120 qutu (2400 ədəd) üzərində “Kent Plus”, 30 qutu (600 ədəd) üzərində “X4”, 20 qutu (400 ədəd) üzərində “Tekel 3000” yazısı olan və nəqliyyat vasitəsinin kabininin arxa divarından 80 qutu (1600 ədəd) üzərində “Kent Plus”, 30 qutu (600 ədəd) üzərində “X4” yazısı olan ümumilikdə 280 qutu (5600 ədəd) Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma ilə nişanlanmayan siqaretlər aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsində malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati məsuliyyət müəyyən edilmişdir. Az miqdarda olduqda dedikdə əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Necmettin Kuşa rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, 06 noyabr 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Necmettin Kuşun iştirakı olmadan baxmışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsində qeyd edilmişdir ki, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid1 izahatında bildirmişdir ki, təxminən 15 il müddətdir ki, gömrük orqanlarında xidmət edir. Hazırda Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postunun böyük inspektoru vəzifəsində çalışır. xx.xx.2025-ci il tarixdə gündəlik iş qrafikinə uyğun olaraq “Culfa” gömrük postunda ölkəyə giriş istiqamətində nəqliyyat vasitələrinin müayinəsi postunda xidmətdə olarkən İran İslam Respublikasından gələrək Naxçıvan Muxtar Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına “bitum” yükü aparan Türkiyə Respublikasının vətəndaşı Necmettin Kuşun idarə etdiyi 33ACC054/33BFC46 dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsi gömrük nəzarətinə yaxınlaşmış, sənədlərini yazdırdıqdan sonra həmin nəqliyyat vasitəsini yoxlamaq üçün anbara aparmış və yoxlamanı videoçəkilişlə qeydə alması üçün postun digər əməkdaşı Şahid2 dəvət etmişdir. Sonra yük nəqliyyat vasitəsini kinoloji xidmət iti tətbiq etməklə yoxlaması üçün “Azərterminalkompleks” Birliyinin Naxçıvan Baş Gömrük İdarəsinə təhkim olunmuş instruktor-kinoloqu Şahid3 çağırmışdır. Yoxlamaya başlamazdan əvvəl sürücüdən nəqliyyat vasitəsində bəyan edilməli hər hansı bir predmet olub-olmadığını soruşmuş, sürücü isə nəqliyyat vasitəsində 1 blok (10 qutu) siqaret və 15 kq qarışıq ərzaqdan başqa bəyan olunmalı bir şeyinin olmadığını bildirmişdir. Sonra Pərviz “Tavr” ləqəbli xidməti iti tətbiq etməklə nəqliyyat vasitəsini yoxlamağa başlamış, xidməti it nəqliyyat vasitəsinin qoşqusunun soyuducusunun mühərrik hissəsinə reaksiya verdiyindən o həmin yerə baxış keçirməyə başlamış, baxış zamanı həmin yerdən 120 qutu (2400 ədəd) üzərində “Kent Plus”, 30 qutu (600 ədəd) üzərində “X4”, 20 qutu (400 ədəd) üzərində “Tekel 3000” yazısı olan siqaretlər aşkar etmişdir. Yoxlamanın davamında nəqliyyat vasitəsinin kabininin içərisində yatağın arxa hissəsindəki boşluqdan isə 80 qutu (1600 ədəd) üzərində “Kent Plus”, 30 qutu (600 ədəd) üzərində “X4” yazısı olan Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma ilə nişanlanmayan siqaretlər aşkar etmişdir. Sonda aşkar edilmiş siqaretləri qablaşdırıb götürmüş, yoxlama barədə protokol tərtib etmiş və iştirakçılarla birgə imzalamışlar. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid2 və Şahid3 da Şahid1 ilə eyni məzmunda izahat vermişlər. Necmettin Kuş tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqinin tapmışdır. İş materiallarına əlavə edilmiş 12 oktyabr 2025-ci il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan görünür ki, 12 oktyabr 2025-ci il tarixdə “Culfa” gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Naxçıvan Muxtar Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına “bitum” yükü aparan, Türkiyə Respublikasının vətəndaşı, xx.xx.2025-ci il tarixdə verilmiş U******** nömrəli xarici pasportun sahibi, xx.xx.1972-ci il təvəllüdlü Necmettin Kuşun idarə etdiyi 33ACC054/33BFC46 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz” markalı yük nəqliyyat vasitəsinə “Azərterminalkompleks” Birliyinin gömrük fəaliyyətinə dəstəyin təşkili idarəsinin kinoloji fəaliyyətə yardım şöbəsinin instruktor kinoloqu, gömrük xidməti giziri Şahid3 və “Tavr” adlı xidməti itin iştirakı ilə, “Culfa” gömrük postunun böyük inspektoru, gömrük xidməti mayoru Şahid2 tərəfindən videoçəkiliş aparılmaqla yoxlama keçirilmiş, yoxlama zamanı yük nəqliyyat vasitəsinin qoşqusunun soyuducusunun mühərrik hissəsində gizlədilmiş halda 120 qutu (2400 ədəd) üzərində “Kent Plus”, 30 qutu (600 ədəd) üzərində “X4”, 20 qutu (400 ədəd) üzərində “Tekel 3000” yazısı olan və nəqliyyat vasitəsinin kabininin arxa divarından 80 qutu (1600 ədəd) üzərində “Kent Plus”, 30 qutu (600 ədəd) üzərində “X4” yazısı olan ümumilikdə 280 qutu (5600 ədəd) Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma ilə nişanlanmayan siqaretlər aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarının” 2.1.10-cu bəndinə əsasən fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş 200 ədəd siqaret (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 17 oktyabr 2025-ci il tarixli, 1061 nömrəli məhkəməbioloji ekspertizasının rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş aksiz markası olmayan tütün məmulatlarının (siqaretlərin) tərkibi standart tələblərinə uyğundur. İş materiallarına əlavə edilmiş X1 tərəfindən verilmiş 20 oktyabr 2025-ci il tarixli, NQM 056-10/25 nömrəli hesabatdan görünür ki, qiymətləndirmə prosesi zamanı Naxçıvan Muxtar Respublikasının ərazisində qanunsuz yolla daxil olmuş, aksizsiz satılan siqaret məhsullarının “qara bazarda” topdan və pərakəndə satış qiymətləri üzrə araşdırmalar aparılmışdır. Bazar araşdırması zamanı ekspertizaya təqdim olunan məhsullar üzrə keyfiyyət və digər standartlar araşdırma predmetinə daxil edilməmişdir. Ekspertizaya təqdim edilən 200 qutu (4000 ədəd) üzərində “Kent Plus”, 60 qutu (1200 ədəd) üzərində “X4” və 20 qutu (400 ədəd) üzərində “Tekel 3000” yazısı olan ümumilikdə 280 qutu (5600 ədəd) Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma ilə nişanlanmayan siqaretlərin aşkar olunduğu tarixə ayrı-ayrılıqda və ümumilikdə dəyəri aşağıdakı kimidir: “Kent Plus” markalı siqaretin bir ədədinin bazar dəyəri 2,5 manat, ümumi bazar dəyəri- 200 qutu (4000 ədəd)- 500.00 manat; “X4” markalı siqaretin bir ədədinin bazar dəyəri 2.00 manat, ümumi bazar dəyəri- 60 qutu (1200 ədəd)- 120.00 manat; “Tekel 3000” markalı siqaretin bir ədədinin bazar dəyəri 2,00 manat, ümumi bazar dəyəri- 20 qutu (400 ədəd)- 40.00 manat, cəmi 660 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin qeyd hissəsində qeyd edilmişdir ki, “İnzibati Xətalar Məcəllənin 479-481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Necmettin Kuş Azərbaycan Respublikası İnzibati- Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməli və inzibati xətanın bilavasitə obyekti olan mallar, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 258 qutu siqaret müsadirə edilməlidir. Məhkəmə Necmettin Kuşa inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, Necmettin Kuşun şəxsiyyətini, onun təqsirinin dərəcəsini, nəzərə alır. İnzibati məsuliyyəti ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26-cı maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmçinin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Odur ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 70 manat məbləğində pul vəsaiti dövlət büdcəsinə aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Necmettin Kuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, üzərində “Kent Plus” yazısı olan 185 qutu (3700 ədəd) (bir qutunun qiyməti 2.50 manat), üzərində “X4” yazısı olan 55 qutu (1100 ədəd) (bir qutunun qiyməti 2.00 manat), üzərində “Tekel 3000” yazısı olan 18 qutu (360 ədəd) (bir qutunun qiyməti 2.00 manat) siqaretlər müsadirə edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 70 manat dövlət büdcəsinə aid edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №3(089)-80/2025
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-80/2025
19.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver