Məhkəmə qərarları › İş №3(089)-86/2023

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-86/2023

26.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-86/2023 26.12.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlu barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materialın baxılmağa hazırlanması zamanı müəyyən etdim Şəxs barəsində 11 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin Yasamal Rayon DYP şöbəsinin əməkdaşı tərəfindən Azərbaycan Respublikası İXM-in 529.3cü maddəsi ilə tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmiş, Naxçıvan Şəhər Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli qərardadı ilə inzibati xəta haqqında material aidiyyəti üzrə baxılması üçün Culfa Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarını araşdırdım və belə nəticəyə gəldim ki, inzibati xəta hadisəsi olmadığından Azərbaycan Respublikası İXM-in 53-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən dərhal sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədi ilə məcburi icraya yönəldilir. Maddənin məzmunundan da göründüyü kimi yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-in 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona İXM-nin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 138.1, 138.1.1-ci maddələrinə əsasən əgər qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə minir. Şəxs barəsində 30 iyun 2023-cü il tarixdə tərtib edilmiş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətinin Şəxs təqdim edilməsi və ya göndərilməsi barədə protokola hər hansı bir sənəd əlavə edilməmişdir. Nəzərə alsaq ki, 30 iyun 2023-cü il tarixdə Şəxs barəsində TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, 40 manat məbləğində inzibati cərimə edilmiş, o, bu barədə həmin gün məlumatlandırılmış, qərar 20 gün müddətinin bitdiyi gün, 20 iyul 2023cü il tarixdə qanuni qüvvəyə minmişdir. Belə olan halda Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol, 30 iyun 2023-cü il tarixdə tərtib edilmiş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən sonra 3 ay müddətində, yəni 20 oktyabr 2023-cü il tarixədək cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə inzibati xəta haqqında protokol tərtib edilməli idi. Lakin Şəxs tərəfindən 11 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin torədilməməsinə baxmayaraq, onun barəsində 11 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir Azərbaycan Respublikası İXM-in 109.1 və 109.2-ci maddələrinə əsasən İXM-in 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-in 53.0, 53.0.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin Azərbaycan Respublikası İXM-in 127-ci maddəsinə əsasən İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs İXM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilir və müvafiq sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərilir. Lakin iş materiallarından müəyyən olunur ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilənədək məlumatlandırılmamışdır. Azərbaycan Respublikası İXM-in 100.1.3-cü maddəsinə əsasən protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi göstərilir. Maddədə “şəxs haqqında məlumat” deyiləndə ancaq şəxsin soyadı, adı və atasının adı və yaşadığı ünvan nəzərdə tutulmur, şəxsin barəsində olan inzibati xəta haqqında işə baxmağa imkan verən, o cümlədən həmin şəxsin şəxsiyyəti nəzərə alınmaqla ona təyin olunacaq inzibati tənbehi fərdiləşdirməyə imkan verən məlumatlar nəzərdə tutulur. İXM-nin 100.1-ci maddəsində ifadə olunmuş hüquq norması göstərişin xarakterinə görə məcburedici, göstərişin ifadə olunma formasına görə isə imperativ normadır. Ona görə də protokolu tərtib edən şəxs protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumatları göstərməyə borcludur. Lakin hazırkı protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işləyirsə iş yeri, vəzifəsi və əmək haqqının miqdarı, əgər işləmirsə bu barədə məlumat və digər zəruri məlumatlar göstərilməmişdir. Azərbaycan Respublikası İXM-in 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. İş materiallarından müəyyən edilmişdir ki, Şəxs barəsində 11 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokol isə onu tərtib etmiş şəxs tərəfindən imzalanmamışdır. Göstərilənlərə əsasən belə hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə (11 oktyabr 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol) başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 53, 109, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə (11 oktyabr 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol) başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar