Məhkəmə qərarları › İş №3(089)-86/2025

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-86/2025

24.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-86/2025 24.11.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsi, hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Culfa Rayon İcra və Probasiya Bölməsinin rəisi X2 iştirakı ilə, Şəxs:- xx xxxxxx 1993-cü il tarixdə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 1 uşaq atası, müvəqqəti işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan- barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Culfa Rayon İcra və Probasiya bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: Bayramov X6 Rayon Məhkəməsinin 2(020)-421/2018 nömrəli, 19 fevral 2018-ci il tarixli və Culfa rayon dövlət notariat ofisinin 8i-16 nömrəli, 09 yanvar 2025-ci il tarixli icra sənədlərinin icrası üzrə icra məmurunun icra sənədləri üzrə tələbini təmin etmədiyinə və ümumilikdə 6447.46 manat pul borcunu ödəmədiyinə görə Culfa Rayon İcra və Probasiya bölməsi tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsi ilə 24 noyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Culfa Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı Culfa Rayon İcra və Probasiya bölməsinin rəisi X5 izahatında göstərmişdir ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-421/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs 16 yanvar 2018-ci il tarixdən hesablanmaqla, xx.xx.2017-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat məbləğində aliment pulu tutularaq X4 xeyrinə ödənilməlidir. 27 fevral 2018-ci il tarixli icra sənədinin icraata qəbul edilməsinə dair qərar və bildiriş Şəxs təqdim edilmişdir. Həmin qərar və bildirişdə ondan tələbin könüllü təmin edilməsi xahiş olunmuş və icra könüllü təmin edilmədikdə icra hərəkətlərinin məcburi həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Həmçinin icra sənədi üzrə tələbin təmin edilməsi üçün Şəxs dəfələrlə xəbərdarlıqlar edilmiş və bölmədə dəfələrlə iltizamlara qol çəkərək tələbi təmin edəcəyinə dair söz vermişdir. Tələb təmin edilmədiyindən icra tədbiri olaraq onun ölkədən getmək hüququ Culfa Rayon Məhkəməsinin 8(089)-25/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərardadına əsasən məhdudlaşdırılmışdır. Həmçinin barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçun məhkəməyə göndərilmişdir. Culfa Rayon Məhkəməsinin 3(089)-03/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarına əsasən 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İcra sənədi üzrə tələbi təkrarən təmin etmədiyindən xx.xx.2024-cü il tarixdə barəsində axtarış qərarı qəbul edilərək icrası üçün Naxçıvan MR DİN-nin Culfa Rayon Polis şöbəsinə göndərilmişdir. Axtarışla bağlı görülən tədbirlər nəticəsində o, Bakı şəhərində saxlanılaraq xx.xx.2024-cü il tarixdə Culfa Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən bölməyə təhvil verilmişdir. Şəxs barəsində xx.xx.2024-cü il tarixdə bölmə tərəfindən protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş və Culfa Rayon Məhkəməsinin 3(089)- 29/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Şəxs icra sənədi üzrə xx.xx.2025-ci il tarixə 5849 manat məbləğində aliment borcu yaranmışdır. Həmçinin Culfa rayon dövlət notariat ofisinin 8İ-16 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədində Şəxs 598.46 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi göstərilmişdir. İcra sənədinin icraata qəbul edilməsinə dair 13 yanvar 2025-ci il tarixli qərar qəbul edilmiş, qərar və tələbin könüllü icrası barədə bildiriş 13 yanvar 2025-ci il tarixdə borclu Şəxs göndərilmişdir. Həmin qərar və bildirişdə borclu Şəxs tələbin könüllü təmin edilməsi xahiş olunmuş və icra könüllü təmin edilmədikdə icra hərəkətlərinin məcburi həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Borclu Şəxs icra sənədlərini tam icra etməmiş, ümumilikdə 6297.46 manat məbləğində borcu ödəməmiş, borcun ödənilməsindən yayınmışdır. Şəxs borcun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilmiş, bölməyə gəlmədiyindən barəsində axtarış qərarı qəbul edilmiş, 24 noyabr 2025-ci il tarixdə Culfa Rayon İcra və Probasiya Bölməsinə gətirilmişdir. Tələbkar hazırda şikayətçdir. Şəxs barəsində qanuna uyğun olaraq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-421/2018 nömrəli, 19 fevral 2018-ci il tarixli və Culfa rayon dövlət notariat ofisinin 8i-16 nömrəli, 09 yanvar 2025-ci il tarixli icra sənədlərindən məlumatlıdır və icra sənədlərinin icrasından boyun qaçırmır. İcra sənədləri üzrə borcu olduğunu qəbul edir. Hazırda işsizdir, xəstəliyinə görə heç bir yerdə iş tapa bilmir. İşləyib borcunu hissə-hissə ödəyəcək. Son olaraq xx.xx.2025-ci il tarixdə borcundan 150 manat ödəniş etmişdir. Göstərilənlərin nəzərə alınmasını, qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola ona əlavə edilmiş sənədlərlə birlikdə baxarkən müəyyən etdi ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-421/2018 nömrəli, 19 fevral 2018-ci il tarixli icra sənədinə əsasən ödənilməmiş 5849 manat məbləğində aliment borcu tutularaq tələbkar X4 və Culfa rayon dövlət notariat ofisinin 8i- 16 nömrəli, 09 yanvar 2025-ci il tarixli icra sənədinə əsasən 598.46 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borclu Bayramov X6 Rayon Məhkəməsinin 2(020)-421/2018 nömrəli, 19 fevral 2018-ci il tarixli və Culfa rayon dövlət notariat ofisinin 8i-16 nömrəli, 09 yanvar 2025-ci il tarixli icra sənədləri üzrə öhdəliklərini yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırmamış, əksinə Beyləqan Rayon Məhkəməsinin 2(020)-421/2018 nömrəli, 19 fevral 2018-ci il tarixli icra sənədi üzrə yaranmış borcundan xx.xx.2025-ci il tarixdə 150 manat ödəməsi və borcun ödənilməsi ilə bağlı icra məmurunun tələbinin icra edilməməsində hər hansı qərəzli mövqenin olmaması müəyyən edilmişdir. İşin qeyd edilən halları protokol tərtib etmiş şəxsin və borclunun izahatları ilə yanaşı, borclunun məhkəməyə təqdim etdiyi 24 noyabr 2025-ci il tarixli, AB53283QO746 nömrəli ödəniş qəbzi ilə də öz təsdiqini tapır. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.1 -ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1 -ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, məhkəmə araşdırması zamanı Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan xəta tərkibinin olması müəyyən edilmədi. Bu əsasla məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar