Məhkəmə qərarları › İş №3(089)-88/2025

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-88/2025

08.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-88/2025 08.12.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs- xx xxxx 2003-cü il tarixdə Culfa rayonunun Kırna kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, müvəqqəti işsiz, Culfa rayonunun Kırna kəndində yaşayan-barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Culfa Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Culfa Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis baş leytenantı X2 tərəfindən tərtib edilmiş 08 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati xəta haqqında” protokol, inzibati xəta haqqında iş üzrə toplanmış material ilə birlikdə baxılması üçün Culfa Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində izahat vermiş Şəxs izahatında bildirmişdir ki, özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilir. 07 dekabr 2025-ci il tarixdə öz atı ilə dostugildən qayıdarkən atı asfalt örtükdə çapdığı üçün saat 17 radələrində şəxsi avtomobil ilə bir nəfər onu saxlamış və ona yaxınlaşaraq polis əməkdaşı olduğunu bildirmişdir. O həmin şəxsə “sən kimsən məni saxlayırsan, bu nə danışıqdı danışırsan” demiş, həmin şəxs yenidən ona polis əməkdaşı olduğunu bildirmiş və atı niyə yolun ortasında çapdığını soruşmuş, o yenə də öz hərəkətlərinə davam etmişdir. Daha sonra polis əməkdaşı onun ad və soyadını, əlaqə nömrəsini qeyd edərək bildirmişdir ki, “sabah səninlə əlaqə saxlanılacaq”. 07 dekabr 2025-ci il tarixdə saat 22:00 radələrində “Tik-tok” sosial şəbəkəsində canlı yayım açmış, baş vermiş hadisə barədə canlı yayımda olan şəxslərə danışmış, danışan zaman polis əməkdaşına “sən kimsən ə, məni saxlamısan” dediyini bildirmişdir. 08 dekabr 2025-ci il tarixdə saat 09:00 radələrində polis əməkdaşları onun yaşadığı ünvana gəlmiş, onu Culfa Rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Hərəkətlərindən çox peşmandır, əvvəllər inzibati xəta törətməmişdir, ona köməklik edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 07 dekabr 2025-ci il tarixdə saat 17:00 radələrində Culfa rayonunun Bənəniyar kəndində ictimai qaydanı pozması, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmaması məhkəmə iclasında dindirilmiş şahidlər X3, Şahid1 və Şahid2 izahatları ilə də öz təsdiqini tapır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X3 izahatında bildirmişdir ki, 07 dekabr 2025-ci il tarixdə saat 17:00 radələrində Culfa rayonunun Bənəniyar kəndinin mərkəzində yolun asfalt hissəsində 2 nəfər at çaparaq gəlmiş, onlardan biri onun nəqliyyat vasitəsinin qarşısına çıxmış, qəza vəziyyəti yaradaraq ötüb keçmişdir. Bir qədər sonra arxadan gələn digər atlını saxlamış, haralı olduqlarını soruşmuş, özünü həmin şəxsə təqdim edərək yolda at çaparaq qəza vəziyyəti yaratdıqlarını bildirmişdir. At çapan Kırna kənd sakini Şahid2 birdə bu hərəkətin təkrarlanmayacağını bildirmişdir. Həmin vaxt digər at çapan atla gəlib ondan nə istədiyini kobud şəkildə soruşmuş, o da həmin at çapan şəxsə özünü təqdim etmiş, onun ad və soyadını soruşmuş, ona kəndin mərkəzində at çaparaq qəza vəziyyəti yaratdığını bildirmişdir. Lakin, həmin şəxs, Kırna kənd sakini Şəxs onun polis əməkdaşı olduğunu bildiyi halda tabesizlik göstərmiş, danışıq və hərəkətləri ilə kobudluq edərək qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 və Şahid2 şahid X3 ilə eyni məzmunlu izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında MN ******* nömrəli protokolla, özünün və şahidlərin izahatları ilə tam sübuta yetmişdir. İş materiallarında olan: 08 dekabr 2025-ci il tarixli, 0581 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 08 dekabr 2025-ci il tarixdə, saat 15:10-da inzibati qaydada tutulmuş, 08 dekabr 2025-ci il tarixdə, saat 16:10-da azad edilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs düzgün olaraq inzibati məsuliyyətə cəlb edilmiş, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli, barəsində inzibati tənbeh növü tətbiq edilməlidir. Məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh növlərindən hansının tətbiqi ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, Şəxs şəxsiyyəti, törədilmiş inzibati xətanın xarakteri, təqsirinin dərəcəsi nəzərə alınmalı, inzibati qaydada cərimə edilməlidir. Məhkəmə Şəxs hərəkətlərindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar və icraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, 150 manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar