Azərbaycan Respublikası adından QƏRAR Şahbuz şəhəri İş № 3(090)-11/2025 13.03.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1986-cı ildə Şahbuz rayonu, Şahbuz qəsəbəsində doğulan, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, (FİN kod – xxxxxxx), ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Şahbuz rayonu, Badamlı qəsəbəsi icra nümayəndəliyində baş mühasib vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 327.1-ci və 333.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Şahbuz Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.1-ci maddələri ilə təqsirləndirilməsinə dair “26” fevral 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Şahbuz Rayon Məhkəməsinə daxil olmuşdur. Barəsində inzibati icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:05 radələrində Mersedes Benz C230 minik markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən normativ tələbləri pozduğuna görə xidməti vəzifəsini yerinə yetirən yol patrul xidməti əməkdaşı tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün nəqliyyat vasitəsini spirtli içki istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Şahbuz Rayon Polis Şöbəsinin Yol patrul xidmətinin inspektoru polis siravisi X3 tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında protokolun səf yazıldığını, protokolun Aqil Qafarov tərəfindən yazıldığını, lakin onun hadisə yerində olmadığını, bir saatdan sonra onu Paşa müəllimin otağında gördüyünü, Post Patrul Xidmətinin onu qanunsuz olaraq saxladığını, şahidlərin olduğunu, lazım olarsa onların çağırılıb dindirilməsini, 327.1-ci maddəyə əsasən manevr qaydalarını pozmasının göstərildiyini, heç bir görüntü olmadığını, ona şər atıldığını, tələblərinə heç bir məhəl qoyulmadığını, protokol tərtib edən Yol Patrul Xidmətinin əməkdaşını hadisə yerində görmədiyini, onu bir saat sonra gördüyünü, yalandan qəbz təqdim edildiyini, protokolda heçnə yazılmadığını, alkotesterin sertifikatının, yoxlamadan keçirilməsi və işləyibişləməməsi ilə bağlı məlumatların protokolda qeyd olunmadığını, sərxoşluq haqqında aktın tərtib olunmadığını, imtina etməsi barədə də akt tərtib edilmədiyini, razılaşmadığı üçün iki hal şahidi ilə proseslərin aparılmalı olduğunu, lakin əməl edilmədiyini, maşınının qanunsuz olaraq saxlanıldığını, prosessual pozuntular törədildiyini, protokolun səhv olduğunu, Aqil Qafarovun onu görmədən protokol yazdığını, maşınının saxlandığı yerdə kameralar olduğunu, həmin görüntülərin çıxarılabiləcəyini, maşınını duracağa yerləşdirərkən təhviltəslim aktı tərtib edilmədiyini, qanunsuz olaraq maşınının duracağa yerləşdirildiyini, prokurorluq orqanına müraciət etdikdən sonra maşını buraxdıqlarını, 102 xidmətinə müraciət etdiyini, hadisənin 18:25-də olduğunu, Post Patrul Xidməti onun maşınını apardıqdan sonra saat yeddidə Yol Patrul Xidmətinin əməkdaşının gəldiyini, sonra alkotesterə pülədiyini, nəticəni Paşa müəllimə göstərdiyini, nəticənin göstərilməsini istədiyini, lakin ona göstərilmədiyini, Paşa müəllimin onu saxladığını, əməkdaşların ona “Paşa müəllim deyib, saxlamışıq” dediklərini, izahatında içki, yəni pivə içdiyini yazdığını, lakin sərxoş olmadığını, Nazirlər Kabinetinin qərarında 0.3 promil miqdara qədər sərxoşluğun olmadığı yazıldığını, heç bir yoxlanışdan keçirilmədiyini, alkotester nəticəsinin göstərilmədiyini, alkotester nəticəsinin qəbzinin isə ona aid olmadığını, alkotester nəticəsindən razı olmadığını, lakin həkim müayinəsinə aparılmadığını, Paşa müəllimin otağında ona “ödəyə bilirsənsə cəriməni ödə, maşını apar” dediyini, onun isə sərxoş olmadığı üçün pul ödəməyəcəyini bildirdiyini, protokol yazılmasını və şikayət edəcəyini bildirdikdə ona işin məhkəməyə göndəriləcəyinin deyildiyini, protokolun qanunsuz olduğunu göstərmişdir. Məhkəmədə sualları cavablandıran Şəxs izahatında əvvəllər də dostlarını maşınla gətirmək üçün sürücü kimi Naxçıvan şəhərinə getdiyini, orada bir bakal, bakal yarım pivə içdiyini, yol polislərinin onu saxladığını, alkotesterə pülədiyi zaman nəticənin 0.3 promilə çatmadığını, alkotesterə pülədiyini, lakin bunun saat yeddidə olduğunu, nəticənin ona göstərilmədiyini, alkotester cihazının yalnız həmin Yol Patrul Xidmətinin əməkdaşında olduğunu, həmin əməkdaşın isə hadisə zamanı Şahbuz rayonu, Qızıl Qışlaq kəndində olduğunu, saat yeddidə ora gəldiyini, alkotester qəbzində saatın 18:25 olaraq göstərildiyini, qəbzin heç bir halda ona məxsus ola bilməyəcəyini, həmin zaman qəbzlə tanış olmadığını və razılaşmadığını, həkim müayinəsinə aparılmadığını, özünün də həkim müayinəsinə getmədiyini, özündən arxayın olduğunu, polis əməkdaşlarının onu həkim müayinəsinə aparmalı olduğunu, hadisədən sonrakı gün, yəni 26 fevral 2025-ci il tarixdə maşını götürmək üçün polis şöbəsinə getdiyini, Paşa müəllimin ona “Aqil gəlsin, sənə protokol yazsın, maşını götür get” dediyini, onun isə etiraz edərək “hadisə dünən olub, bu gün niyə sərxoşluq barədə akt tərtib edirsiz” dediyini, buna görə də maşını orada saxladıqlarını, məhkəməyə veriləcəyini, maşının isə orada qalacağını bildirdiklərini, 27 fevral 2025-ci il tarixdə maşını götürdüyünü, protokolda saat 18:25-də 327.1-ci maddənin tələbini, yəni manevretmə qaydasını pozduğunu yazıldığını, saxlama səbəbi olaraq bunun göstərildiyini, buna görə də 18:22-də alkotesterlə necə yoxlana biləcəyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə aktdan görünür ki, Mersedes Benz C230 minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi saxlanmaya qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci ildə saat 18:22-də xüsusi texniki vasitə ilə aparılan müayinənin nəticəsini əks etdirən kağız daşıyıcıdan görünür ki, Şəxs müayinədən keçirilməmişdən qabaq cizah test edilmiş və nəticə 0,00% promilli olmuşdur. Müayinə nəticəsində Şəxs qanında alkoqolun konsentrasiyasının 0,418 % promilli olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi» Qaydalarının 2.4-cü bəndinə əsasən «Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir». Beləliklə, Şəxs spirtli içkidən istifadə etməsi nəticəsində sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi iş materialları ilə tam təsdiq olunmuşdur. Bununla da, “26” fevral 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda təsvir olunmuş inzibati xəta hadisəsinin baş verməsi, həmin xətanın Şəxs Cəmişid oğlu tərəfindən təqsirli olaraq törədilməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1.-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi onun özünün yazılı izahatı ilə yanaşı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə yanaşı, həmçinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Göründüyü kimi İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aiddir. Belə olan halda, məhkəmə tərəfindən Şəxs İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi istisna edilir. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni, eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Buna görə də, Əliyev X2 Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs onun sərxoş olmaması, protokolun tərtib edilməsi üçün zəruri olan alkoqol ölçən cihazın nəticələrin kənar təsir olması, barəsində tərtib edilən İXM6933002 nömrəli protokolda isə 18:25 də İXM-nın 327.1-ci və 333.1-ci maddəsi ilə xəta törətdiyinin qeyd edilməsi, onun sərxoş olduğu haqda alkoqolu ölçən cihazın nəticələrinin qeyd olunduğu qəbzdə saat 18:22 göstərilməsi, bunun da polisin hərəkətlərin şübhə altına salınması barədə ifadəsini onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirir. Belə ki, Şəxs istər məhkəmədə verdiyi ifadəsində, istərsə də məhkəməyə ünvanladığı ərizəsində spirtli içki qəbul etdiyini bildirmiş, lakin qəbul etdiyi spirtli içki olan pivənin onun sərxoş olmasına səbəb olmadığını hesab etmişdir, həmçinin iş materilları ilə müəyyən olunur ki, 18:22-də xüsusi texniki vasitə ilə aparılan müayinə nəticəsində Şəxs qanında alkoqolun konsentrasiyasının 0,418 % promilli olmuş, 18:25-də isə onun barəsində İXM-in 327.1-ci və 333.1-ci maddələri ilə inzibati tənbeh haqqında protokol tərtib edilmişdir, yəni şəxs alkotestrlə müayinə edildikdən sonra onun barəsində sərxoşluğa görə inzibati tənbeh tətbiq edilmişdir. Həmin halı təkzib edəcək əsas isə məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs verilmiş ifadəsinin, iş materiallarında olan materialların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadəsi həmin xətanın törətməsini təkzib edən sübut kimi qəbul edilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində cəza təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7.-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən işin hallarını və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xətaya görə məsuliyyətini ağırlaşdıran, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas müəyyən edilmədi. Məhkəmə Şəxs ilk dəfə intibati xəta törətməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməli, Şəxs İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Şahbuz rayon Polis Şöbəsinə göndərilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Şahbuz rayon Polis Şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasina şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №3(090)-11/2025
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərar — İş №3(090)-11/2025
13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver