Məhkəmə qərarları › İş №3(090)-19/2023

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərar — İş №3(090)-19/2023

04.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şahbuz şəhəri İş № 3(090)-19/2023 04.10.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, xx xxxxxx 1983-cü ildə Şahbuz rayonu, Keçili kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, fərdi identifikasiya nömrəsi: xxxxxxx, orta təhsilli, evli, 2 uşaq atası, deməsinə görə məhkumluğu olmayan, təsərrüfat ilə məşğul olan, Şahbuz rayonu, Keçili kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şahbuz Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala “04” oktyabr 2023-cü il tarixdə Şahbuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şahbuz Rayon Polis Şöbəsindən daxil olmuş “cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərar və onun əsasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli 008542 nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Şahbuz rayonu, Keçili kənd sakini Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirdi ki, həyat yoldaşı Nardan ilə bir neçə müddətdir ki, yola getmədiklərini, həyat yoldaşı Nardanın boşanmaq üçün Şahbuz Rayon Məhkəməsinə müraciət etdiyini, 14 sentyabr 2023-cü il tarixdə Şahbuz rayon məhkəməsində məhkəmə iclasında iştirak etdiyini, məhkəmədən çıxıb evə getdiyi zaman yol ilə gedəndə qayınatasının evinin yaxınlığında həyat yoldaşı Nardanın küçəyə çıxaraq onu təhqir etdiyini, həmin vaxtı Nardanın əlində olan daşları gülə-gülə ona atdığını, onun oradan qaçaraq uzaqlaşdığını, Nardanın yalan dediyini, Nardanı döymədiyini, məhkəmənin qərarı ilə onların boşandığını bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək ərizəsində Şəxs ilə birgə nikahda olduğu dövrdə onu döyüb təhqir etdiyini, sonuncu dəfə 14 sentyabr 2023-cü il tarixdə Şahbuz rayonu, Keçili kəndində anasıgilin həyətində olan zaman Şəxs həyətə daxil olaraq möhkəm yumruq zərbəsi ilə onun gicgah nahiyəsinə zərbə ilə vurub və həmin zaman o həyətdə olan qumun üzərinə yıxıldığını, daha sonra Şəxs onun başının digər nahiyəsinə yumruqla güclü zərbə endirdiyini və o da bu səbəbdən qışqırmağa başladığını, bu zaman qonşuların onun səsini eşidib kömək etmək üçün gəldiklərini, buna görə də Qənbərin həmin yerdən qaçaraq uzaqlaşdığını, ona “əgər məndən boşansan səni öldürəcəyəm” deyərək onu ölümlə hədələdiyini, 14 sentyabr tarixi, yəni həmin günün axşamı ərizə ilə polis şöbəsinə şikayət etdiyini, Şəxs şikayətçi olduğunu və ona ən sərt cəza verilməsini, yanında azyaşları uşaqların olduğunu və səhhəti ilə əlaqədar olaraq inzibati xəta haqqında işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını qərara almışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi barədə 28 sentyabr 2023-cu il tarixli qərardan görünür ki, Şəxs Zərərçəkmiş şəxs döyərək dərəcəsi təyin edilməyən xəsarətlər yetirdiyindən cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surətinin Şahbuz RPŞ-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və X1 canlı şəxsin ekspertizasının xx.xx.2023-cü il tarixli, 1303 nömrəli rəyindən görünür ki, 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sağ gicgah nahiyyəsindəki şişkinlik küt əşyanın təsirindən törənmişdir, yetirilmə müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. 03 oktyabr 2023-cü il tarixli 008542 nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs xx.xx.2023-cü il tarixdə Şahbuz rayonu, Keçili kəndində kənd sakini Zərərçəkmiş şəxs bədən xəsarəti yetirdiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir; Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin ərizəsi, ekspertiza rəyi və eləcə də digər sənədlərlə sübuta yetirilir. Bu səbəbdən də o, həmin maddənin sanksiyası ilə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxılan inzibati material üzrə Azərbaycan Respublikasının İXM-in 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinin tələbinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda sağlamlıq əleyhinə olan inzibati xətadır. Məhkəmə Şəxs Zərərçəkmiş şəxs döyməməsi barədə ifadəsini özünün məsuliyyətdən yayınması kimi qiymətləndirir. Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmamışdır. İşin bu hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında qeyd olunmuş həbs inzibati tənbeh növü tətbiq edilməlidir Beləliklə, Şəxs 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materiallarında olan 03 oktyabr 2023-cü il tarixli, 0249 nömrəli tutma haqqında protokoldan da aydın olur ki, Şəxs barəsində xx.xx.2023-cü il, saat 19:05 tarixdə tutulma tədbiri tətbiq edilmişdir. Ona görə də, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni 03 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Eyni zamanda həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib ona 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli “03” oktyabr 2023-cü il tarixdən hesablansın. Bu qərar dərhal icra olunsun. Qərarın icrası Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti Saxlama Yerinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar