Məhkəmə qərarları › İş №3(090)-25/2024

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərar — İş №3(090)-25/2024

10.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şahbuz şəhəri İş № 3(090)-25/2024 10.09.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsində təqsirləndirilməsinə dair işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şahbuz Rayon Məhkəməsinə hüquqi ünvanı Şahbuz rayonu, Kolani kəndi olan Şəxs (bundan sonra mətndə Şəxs MMC) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati xəta haqqında material daxil olmuşdur. İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs MMC-nin (VÖEN:**********) ünvanına idxal edilən gözlüklərdə görməni korreksiya edən şüşələr xx.xx.2024-cü il tarixdə saat 14:18-də Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postu vasitəsilə ölkə ərazisinə keçirilmiş, lakin qeyd edilən hüquqi şəxs tərəfindən elektron formada qısa idxal bəyannaməsi xx.xx.2024-cü il tarixində saat 15:12-də verilmişdir. xx.xx.2024-cü il tarixində 76AG554/76AG587 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə Şəxs MMC-nin ünvanına gətirilmiş gözlüklərdə görməni korreksiya edən şüşələr yükünə dair qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə ən azı 1 (bir) saat əvvəl gömrük orqanına təqdim olunmalı olduğu halda vaxtında edilmədiyi müəyyən olunmuşdur. Buna görə də, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsilə 26 avqust 2024-cü il tarixli, 18000-01657/24 nömrəli protokol tərtib edilərək baxılması üçün Şahbuz Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs və protokolu tərtib edən İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs MMC barəsində tərtib olunmuş protokolu əsaslıdır. Belə ki, məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan: 26 avqust 2024-cü il tarixli, 18000-01657/24 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs (VÖEN:**********) ünvanına Türkiyə Respublikasından 14 avqust 2024-cü il tarixdə saat 14:18-də Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə 76AG554/76AG587 dövlət nömrə nişanlı yük avtomaşınında daxil olmuş malların 14 avqust 2024-cü il tarixli gömrük bəyannaməsi ilə NBGİ-də bəyan edildiyi, lakin sözügedən yüklərə dair qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilmədiyi müəyyən edilmişdir. Gömrük İdarəsinin "X1 Sistemi" informasiya resursuna baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şəxs ünvanına gələn 76AG554/76AG587 dövlət nömrəli nəqliyyat vasitəsilə idxal edilən “gözlüklərdə görməni korreksiya edən şüşələr” yükünün 14 avqust 2024-cü il tarixdə, saat 14:48 radələrində gömrük postundan keçirməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, lakin gətirilmiş mallara dair qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən evvel elektron formada gömrük orqanına verilməmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli, 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Eyni zamanda, həmin Fərmanın 4.1.1-ci bəndinə əsasən, “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edilməsi üçün mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl bu Qaydaların 2.2-ci bəndində müəyyən olunmuş müddətdə gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməlidir. İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan iş materiallarından müəyyən edilmişdir ki, Şəxs ünvanına göndərilmiş mallar gömrük ərazisinə gətirilməzdən əvvəl qısa idxal bəyannaməsi tərtib edilərək elektron formada verilməməmişdir. Bununla yanaşı, qanunvericiliyin tələblərindən müəyyən edilmişdir ki, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir və bu proses malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Şəxs tərəfindən qısa idxal bəyannaməsinin qanunvericilikdə müəyyən edilmiş qaydada verilməməsi xx.xx.2024-cü il tarixli raport, “Gömrük Xidmətinin "X1 Sistemi" informasiya resursuna baxış keçirilməsi haqqında” protokol və işdə olan digər sənədlərlə öz təsdiqini tapmış və Cəmiyyətin İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmədə tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə, Şəxs İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri məhkəmədə tam sübuta yetirildiyindən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqi şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-in 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngüləşdirən hallar və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və hüquqi şəxs qismində barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar