Azərbaycan Respublikası adından QƏRAR Şahbuz şəhəri İş № 3(090)-3/2023 23.02.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsində təqsirləndirilməsinə dair işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şahbuz Rayon Məhkəməsinə Şahbuz rayonu, Şahbuz qəsəbəsində fəaliyyət göstərən “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra mətndə “X4” MMC) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-ci maddəsi ilə inzibati xəta haqqında material daxil olmuşdur. İnzibati xəta haqqında materialdan görünür ki, “X4” MMC tərəfindən Sədərək Gömrük İdarəsində konsiqnasiya yolu ilə ixrac gömrük prosedurunda rəsmiləşdirdiyi yüklərin müqabilində bəyannamələr üzrə köçürülməli olan 11611.41 ABŞ dolları (19739.39 manat) məbləğində vəsaitin Azərbaycan Respublikasındakı müvəkkil bankında olan hesabına köçürülməsi təmin edilməmişdir. Buna görə də, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq Təhqiqat şöbəsi tərəfindən “X4” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsilə 03 fevral 2023-cü il tarixli, 18000-00081/23 nömrəli protokol tərtib edilərək baxılması üçün Şahbuz Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarından görünür ki, “X4” MMC-nin nümayəndəsi X3 xx.xx.2023-cü il tarixli 18000-00081/23 nömrəli inzibati xəta haqqında protokolun surətini həmin tarixdə almışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs və protokolu tərtib edən İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, “X4” MMC barəsində tərtib olunmuş protokolu əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan və əlavə olunmuş mötəbər sənədlərdən görünür ki, “X4” MMC-nin 15 iyul 2021-ci ildə Sədərək Gömrük İdarəsində rəsmiləşdirdiyi “Qazlaşdırılmış təbii mineral sular” adlı məhsullarının xarici ölkəyə 1 (bir) gömrük bəyannaməsi üzrə ixrac etdiyi ümumilikdə 11611.41 ABŞ dolları (19739.39 manat) məbləğində vəsaitin “X4” MMC tərəfindən müvəkkil olunmuş bank hesabına köçürülmədiyi öz əksini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Məhkəmə ilk növbədə qeyd edir ki, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasında valyuta əməliyyatlarının həyata keçirilməsi prinsiplərini, valyuta tənzimi və valyuta nəzarəti orqanlarının səlahiyyətlərini və funksiyalarını, hüquqi və fiziki şəxslərin valyuta sərvətlərinə sahib olmaq, bu sərvətlərdən istifadə etmək və onlar barəsində sərəncam vermək sahəsində hüquqlarını və vəzifələrini, valyuta qanunvericiliyinin pozulmasına; görə məsuliyyəti müəyyən edir. Həmin Qanunun 1-ci maddəsinin 9-cu hissəsinin “a” bəndində cari valyuta əməliyyatlarından biri kimi malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə hesablaşmaların, eləcə də ixrac-idxal əməliyyatlarının 180 gündən artıq olmayan müddətə kreditləşdirilməsi ilə əlaqədar hesablaşmaların həyata keçirilməsi üçün xarici valyutanın Azərbaycan Respublikasına və Azərbaycan Respublikasından köçürülməsi; 10-cu hissəsinin “q” bəndində isə malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə 180 gündən artıq müddətə ödəniş möhlətinin verilməsi və alınması göstərilmişdir. Azərbaycan Respublikasında bütün rezidentlər və qeyri-rezidentlər tərəfindən idxalixrac əməliyyatlarının həyata keçirilməsi Azərbaycan Respublikasının Gömrük Məcəlləsi, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu, onlara uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlar, o cümlədən Qaydalarla tənzimlənir. Qeyd edilməlidir ki, ixracda hesablaşmaları tənzimləyən Qaydaların 12-ci bəndinə hesablaşma üsulları ilə bağlı bir neçə dəyişiklik edilmişdir. Belə ki, yeni tələblərə əsasən, hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər (Qaydaların 12.1 və 12.2-ci bəndləri). Qeyd edildiyi kimi, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Malların (işlərin, xidmətlərin) ixracı zamanı İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində göstərilən inzibati məsuliyyətin yaranması üçün əsas ixrac edilən malların müqabilində məcburi qaydada köçürülməli olan az miqdarda vəsaitin həmin malların bəyan olunduğu gündən Qaydaların 12.2-ci bəndində müəyyən edilmiş müddətdə xaricdən qaytarılmaması ilə şərtləndirilmişdir. Bu halda mallar (işlər, xidmətlər) bəyan edildiyi gündən Qaydalarla müəyyən edilmiş müddət ərzində (180 gün) ixrac olunan malların müqabilində məcburi qaydada köçürülməli olan valyuta vəsaiti geri qaytarılmadıqda, növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” 17 may 2021-ci il tarixli qərarında göstərilmişdir ki, 1) “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxalixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. 2) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. 3) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3 və 12-ci maddələrinin tələblərinə müvafiq olaraq məhkəmələr həmin Məcəllənin 483-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini müəyyən etməlidir. Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulan xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. İnzibati məsuliyyətin yaranması üçün iki əsas nəzərdə tutulmuşdur: xarici valyuta vəsaitinin xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilməsi; əldə edilmiş və məcburi qaydada köçürülməli olan vəsaitin xaricdən qaytarılmaması. Həmin maddədə nəzərdə tutulan inzibati xətanın obyektiv cəhəti məcburi qaydada köçürülməli olan vəsaitin xaricdən qaytarılmamasında ifadə olunur. Bu əməl həmin şəxslər tərəfindən hərəkət və ya hərəkətsizliklə törədilə bilər. Məhkəməyə təqdim edilən sənədlərdən göründüyü kimi, Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsi tərəfindən “X4” MMC barəsində tərtib edilmiş 03 fevral 2023-cü il tarixli, 18000-00081/23 nömrəli inzibati xəta haqqında protokol konsiqnasiya yolu ilə ixrac gömrük proseduranda rəsmiləşdirdiyi yüklərin müqabilində 15 iyul 2022-ci il tarixli bəyannamə üzrə köçürülməli olan 11611.41 ABŞ dolları (19739.39 manat) məbləğində vəsaitin Azərbaycan Respublikasındakı müvəkkil bankında olan hesabına köçürülməsi təmin etməməsini nəzərdə tutur. Məsələyə yuxarıda təsvir edilən qaydada hüquqi qiymət verildikdə, “X4” MMC tərəfindən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində, yəni ən gec halda 27 yanvar 2023-cü il tarixə kimi təmin olunmalı idi və bu səbəbdən növbəti gün, yəni 28 yanvar 2023cü il artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir. Odur ki, “X4” MMC İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında “X4” MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun törədilmə halını və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq “X4” MMCyə İXM-nin 483-cü maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-ci maddəsi ilə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olan valyuta vəsaiti məbləğinin, yəni 11611.41 (on bir min altı yüz on bir ABŞ dollar, 41 sent) ABŞ dolları məbləğinin 40 (qırx) % (faiz)-i, yəni 4644.56 (dörd min altı yüz qırx dörd ABŞ dollar, 56 sent) ABŞ dolları (ödəmə günü Azərbaycan manatına məzənnə ilə) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №3(090)-3/2023
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərar — İş №3(090)-3/2023
23.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver