Azərbaycan Respublikası adından QƏRAR Şahbuz şəhəri İş № 3(090)-31/2024 08.10.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinin rəisi X8 iştirakı ilə, xx xxxx 1989-cu ildə Şahbuz rayonu, Kükü kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, fərdi identifikasiya nömrəsi: xxxxxxx, orta təhsilli, subay, 2 uşaq atası, deməsinə görə məhkumluğu olmayan, müvəqqəti işsiz, Şahbuz rayonu, Kükü kəndində qeydiyyatda olmaqla Naxçıvan şəhərində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan MR ƏN ŞRİPB-dən daxil olmuş inzibati xəta haqqında materiala “08” oktyabr 2024-cü il tarixdə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 08 oktyabr 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər həmin tarixdə Şahbuz Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən, Şəxs Şahbuz Rayon Məhkəməsinin 2(090)-03/2023 nömrəli, 11 yanvar 2024-cü il tarixli icra sənədinə əsasən 1140 manat məbləğində yaranmış aliment borcunu ödəməkdən üzrsüz səbəbdən boyun qaçırır. İcra sənədinə əsasən 11 yanvar 2024-cü il tarixdən hesablanmaqla 23 dekabr 2013-cü il tarixdə doğulmuş X5 və 26 yanvar 2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh Şəxs hər ay bir uşaq üçün 120 manat olmaqla, ümumilikdə iki uşağa görə 240 manat sabit pul məbləğində aliment tutularaq X3 verilməlidir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, Şahbuz Rayon Məhkəməsinin qətnaməsi ilə tələbkara iki uşaq üçün 240 manat aliment ödəməyim qət olunubdur, hər ay aliment üçün 150 manat ödəyibdir, qalan 90 manat məbləğlər isə borc olaraq qalıbdır, ona görə də 1140 manat borcu yaranıbdır, həmin pulu anasının pensiya kartı ilə, özünün kredit ödənişindən artıq qalan pulla ödəyibdir, O tələbkara ödədiyi pulları rəsmi olaraq vermədiyi üçün səhv edibdir, özüm dövlət işində işləməyibdir, uşaqlarına baxıbdır, Türkiyə Respublikasından gəldikdən sonra yaşadığı kira evə ərzaq alıb aparıbdır, həmçinin həmin evdə olan təmir işləri görübdür, təmirə təxmini 175 manat xərc çəkibdir, həmçinin usta kimi işləyibdir, tələbkar Naxçıvan şəhərində pula ehtiyacı olduğunu ona bildirdikdə 40 manat pul veribdir, bir dəfə 280 manatlıq ərzaq alıb tələbkarın evlərinə aparıb, uşaqlara veribdir, həmin bazarlıq üçün Əliabad qəsəbəsindəki dükana 95 manat borcu hələdə qalır, həmin bazarlığı 3 ay bundan qabaq, Bakı şəhərinə getməmişdən edibdir, sentyabr ayı isə uşaqlara məktəb ləvazimatları alınması üçün hərəsinə 100 manat olmaqla, 200 manat uşaqlara veribdir, 5 aylıq kəsr olan aliment pulundan 90 manatlar borc kimi qalıbdır, icra probasiya şöbəsi isə ondan çəkdiyi xərclər üçün qəbz tələb edir, müvəqqəti aliment təyin edilərkən tələbkar ona Əliabad qəsəbəsində 2 sot torpaq sahəsində barışmaları və birlikdə yaşamaları üçün ev tikməsini deyibdir, o da həmi torpaq sahəsində him açıb və dəmir beton tökübdür, həmin torpaq sahəsi maddi imkanı olmadığına görə dövlət qeydiyyatına alınması üçün sənədləşdirməyibdir, torpağı 4000 tələbkar, 4300 manat isə O, kredit götürərək 8300 manata alıblar, tələbkar Bakı şəhərindən gəlməyini, evə usta gətirəcəyini bildirib, O isə evdə usta kimi işləyəcəyini deyibdir, tələbkar isə ondan şikayət etməyəcəyini bildiribdir, 6 gündür Naxçıvan şəhərinə gəlib, gəldikdən sonra isə tələbkar ondan şikayət edib, polis əməkdaşları şöbəyə getməyini tələb etdikdə onlarla birlikdə gedibdir, tələbkar birgə nikah dövründə alınan torpaq sahəsinin heç kimin ondan ala bilməyəcəyini deyibdir, keçən ay, yəni 11 sentyabr tarixində 250 manat aliment ödəyibdir, alimentin ödəmə tarixi hər ayın 11-dir, pensiyalar verildikdən sonra üstünə pul qoyaraq bu ayın ödənişinə 540 manat ödəyəcəkdir, tələbkar isə pulun hamısını ödəməsini istəyir, hal-hazırda o işsizdir, məşğulluğa işlə bağlı özü müraciət edib, ilk olaraq ona malqara veriləcəyi, sonra isə işlə təmin ediləcəyini desələr də, bu günə kimi heç bir işlə təmin edilməyibdir. İnzibati protokolu tərtib etmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinin rəisi X12 izahatında bildirdi ki, tələbkar mütəmadi olaraq pulunu tələb edir, tələbkar aprel ayı ərizə ilə bizə müraciət edibdir, 690 manat yaranmış müvəqqəti aliment borcu, aprel ayından sonra isə 5 ay üçün 90 manat olmaqla 450 manat borcu yaranmışdır, dünən borclu ilə danışaraq 540 manat ödəməsini təklif ediblər, borclunun barəsində axtarış verilibdir, bu gün polis tərəfindən saxlanılaraq bölməyə təhvil verilibdir, bu gün saat 15:00-a qədər borcluya möhlət veriblər, lakin borclu ödəniş etməyibdir, tələbkar borclu tərəfindən alınmış şeyləri saymadığını ona bildirib və borcun ödənilməsində təkid edir. Borclun əmlakı yaxud daimi iş yeri yoxdur. X9 Respublikasında yaşamadığına görə bununla bağlı məşğulluğa müraciət edə bilməmişik. Borclu Türkiyə Respublikasında, sonra isə Bakı şəhərində yaşamışdır. Borclu hər ay mütəmadi olaraq 150 manat aliment ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixdə verilmiş icra sənədindən görünür olur ki, Şahbuz Rayon Məhkəməsinin 2(090)-03/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə 11 yanvar 2024-cü il tarixdən hesablanmaqla 23 dekabr 2013-cü il tarixdə doğulmuş X5 və 26 yanvar 2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh Şəxs hər ay bir uşaq üçün 120 manat olmaqla, ümumilikdə iki uşağa görə 240 manat sabit pul məbləğində aliment tutularaq X3 verilməsi, qətnamənin dərhal icra olunması qət edilmiş və həmin tarixdə icra vərəqəsi çıxarılaraq dərhal icra olunması üçün Şahbuz Rayon İcra və Probasiya Bölməsinə göndərilmişdir. Şahbuz Rayon İcra və Probasiya Bölməsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarlarının surətindən məlum olur ki, həmin qərarlarla iş üzrə icraat başlanmış və tələbin könüllü icra haqqında bildiriş verilmişdır. İş materiallarına əlavə olunmuş Elektron portaldan alınmış məlumatda Şəxs adına yaşayış evi, torpaq sahəsi, avtomobil və fiziki şəxs qismində vergi ödəyicisi qismində qeydiyyatında durmadığı, hesablaşma və cari hesabının olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Maddənin məzmunundan da göründüyü kimi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə, fiziki şəxslərin inzibati məsuliyyət yaranır. Məhkəmə araşdırılması zamanı borclu Şəxs məhkəmə qətnaməsinin icrasından üzürsüz səbəbdən icra etməməsinə dair hal müəyyən edilməmişdir. Belə ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs izahatı məlum olur ki, yaranan borc tələbkar X6 ilə onun arasında olan nikahın pozulması ilə əlaqədar 10 oktyabr 2023-cü il tarixdə tərəflərin barışmaları üçün verilən vaxt ərzində həmin tarixli qərardad ilə təyin edilən uşaqların saxlanması üçün müvəqqəti alimentin təyin edilməsindən sonra yaranan borcdur və həmin vaxt ərzində tələbkar ilə borclu arasında şifahi razılaşmaya əsasən Şəxs Naxçıvan şəhəri, Əliyabad qəsəbəsində yerləşən torpaq sahəsində onların yaşaması müəyyən işlər görüb (him qazdırıb, dəmir-beton verib) və həmin işlərin görülməsinə xərc çəkibdir. Həmçinin nəzərə alınmalı digər hal odur ki, Şəxs alimentin təyin edildiyi müddətdən başlayaraq hər ay 150 manat aliment ödəyibdir, bu hal icra məmuru tərəfindən də təsdiq edilmişdir. Digər tərəfdən barəsində inzibati iş üzrə icraat aparılan Şəxs tələbkar R.Məmmədovaya uşaqlarının saxlanması üçün 2024-cü ilin yay ərzaq məhsulları alaraq tələbkara vermiş və əlavə olaraq 200 manat uşaqlarına məktəbli ləvazimatı alınması üçün məktəb qabağı tələbkara pul versə də, tələbkar həmin edilən maddi yardımları nəzərə almamış, həmin çəkilən xərclərin aliment borcundan həmin hallar rəsmləşdirilmədiyi üçün qəbul etməmişdir. Hal bu ki, həmin hallar icra məmuru tərəfindən məhkəmə iclasında təsdiqlənmiş, sadəcə həmin ərzaq məhsullarını və verilən pulların qəbzləri borclu tərəfindən təqdim edilmədiyi üçün aliment borcundan çıxılmadığını bildirmişdir. Həmçinin məhkəmə araşdırılması zamanı məlum olur ki, tələbkər ilə borclunun birgə nikah dövründə Naxçıvan şəhəri, Əliabad qəsəbəsində 2 sot torpaq sahəsinin alınması və həmin torpaq sahəsinin sənədləşdirlmədiyi, birgə nikah dövründə əldə edilmiş əmlakın tələbkarın istifadəsində olması və tələbkar tərəfin həmin torpaq sahəsinin paylı mülkiyyət kimi sənədləşdirilməsində maraqlı olmamasıdır. Beləliklə icra məmuru yuxarıda göstərilən işin faktiki hallarını araşdırmamış, işin formal hallarına əsasən protokol tərtib edərək məhkəməyə göndərmişdir. Hal bu ki, Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunubolunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Hazırki işdən görünür ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə qətnaməsinin icrası ilə bağlı müəyyən hərəkətlər etmiş və onun tərəfindən icra sənədinin tam icra edilməməsinə səbəb onun işsiz olması, sabit gəlirlərinin və şəxsi əmlak vəziyyətinin olmamasıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.2-ci və 114.2.1 -ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, məhkəmə araşdırması zamanı Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan xətanın olması müəyyən edilməmişdir. Bu əsasla məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43.1, 48-51, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasina şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №3(090)-31/2024
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərar — İş №3(090)-31/2024
08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver