Azərbaycan Respublikası adından QƏRAR Şahbuz şəhəri İş № 3(090)-34/2024 15.11.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X5 iclas katibliyi, Şahbuz Rayon Polis Şöbəsinin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 və Vəkil iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Rusiya Federasiyasında anadan olan, Rusiya Respublikasının vətəndaşı (FİN kodu xxxxxxx), Azərbaycanlı, ali təhsilli, evli, biri uşaq atası, müvəqqəti işsiz, Şahbuz rayonu, Məmməd Araz küçəsi, ev 13 qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan X6 barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsində təqsirləndirilməsinə dair işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şahbuz Rayon Polis Şöbəsinin 04 noyabr 2024-cü il tarixli, 3-13-43- 11/2-7440/2024 nömrəli məktubu ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair 04 noyabr 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol ona əlavə olunmuş sənədlərlə birlikdə 15 noyabr 2024-cü ildə məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, qanunsuz olaraq metmet psixotrop maddəsini istehlak etdiyinə görə X6 tərəfindən Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Şahbuz Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis kapitanı X7 protokolu müdafiə edərək X8 şəhər ərazisində olan zaman polis əməkdaşları tərəfindən şübhəli olduğu üçün saxlandığını, hərəkət və davranışınlarında şübhəli hallar olduğu üçün saxlanılaraq həkim müayinəsindən keçirildiyini, qanında narkotik vasitələr aşkar olunduğu üçün barəsində inzibati xəta haqqında protokol tərtib olunduğunu, X6 barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6 məhkəmə iclasında özünü təqsirli bilərək izahatında Rusiya Federasiyasının, keçmiş adı ilə Leninqrad şəhərində anadan olduğunu, 2024-cü ilin mart ayının 21-dən Bakı şəhərinə gəldiyini, may ayının əvvəlindən isə Naxçıvan Muxtar Respublikasına gəldiyini, Sanktpeterburq şəhərində yaşayarkən pis “kruqa” düşdüyünü və narkotik vasitələrdən istifadə etdiyini, əməlinə görə çox peşman olduğunu göstərmişdir. Məhkəmədə sualları cavablandıran O.Bayramov ifadəsində Azərbaycan Respublikasında olan zaman narkotik vasitədən istifadə etmədiyini, “patı” adlı narkotik vasitədən istifadə etdiyini, iki il ərzində təxminən 15-20 dəfə narkotik maddə istifadə etdiyini, sonuncu dəfə 2024-cü ilin mart ayının 20-si istifadə etdiyini, martın 21-dən 22-ə keçən gecə isə Azərbaycan Respublikasına gəldiyini, daha sonra istifadə etmədiyini, burada olduğu zaman pis vərdişini tərgitdiyini, Sankt-peterburq şəhərində olduğu zaman psixoloji reabilitasiya mərkəzində könüllü olaraq müalicə aldığını, 3 ay müddət ərzində - 2023-cü ilin mart, aprel və may aylarında orada olduğunu, orada könüllü olaraq öz xoşluğu ilə qaldığını, ödəniş edərək xəstəxanada iynə, dərman və digər vasitələrdən istifadə etmədən psixoloji dəstək aldığını, müalicədən sonra 6 ay müddət ərzində narkotik vasitələrdən istifadə etmədiyini, yalnız spirtli içki istifadə etdiyini, daha sonra noyabr, dekabr aylarında yenidən “patı” istifadə etdiyini, müalicədən sonra ümumilikdə 3-4 dəfə narkotik istifadə etdiyini, 2024-cü ildə isə Azərbaycan Respublikasına gəlməmişdən qabaq istifadə etdiyini, gəldikdən sonra isə istifadə etmədiyini və tərgitdiyini, orqanizminin tələb etmədiyini, narkotik maddəni pis “kruqa” düşdüyü üçün istifadə etdiyini, gəldikdən sonra istifadəyə davam etmədiyini, ekspertizadan 2024-cü ilin oktyabr ayının 21-i tarixində keçdiyini, polislə birlikdə gedərək qan analizi verdiyini, qanında narkotik vasitələr aşkar olunduğunu, cinayət işi barədə araşdırılmaya səbəb 2024-cü ildə taksi fəaliyyəti ilə məşğul olan zaman avtoqəza törətdiyini, həmin vaxt “sidik” analizindən heçnə aşkar olunmadığını, oktyabr ayında isə ekspertizaya verdiyi qanından narkotik maddənin aşkar edildiyini, əməlindən peşman olduğunu göstərmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, X6 yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və X6 həmin xətanı törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X3 01 noyabr 2024-cü il tarixli, 86/K nömrəli məhkəmə kimyəvi rəyinə əsasən müayinə zamanı X2 Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitə olan “metamfetamin və ammetamfetamin” maddədən istifadə etməsi aşkar edilmişdir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş İİ siyahıya əsasən psixatrop maddə olan “metamfetamin” Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddədir. X2 törətdiyi inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.5-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində törətdikləri inzibati xətalara görə ümumi əsaslarla inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 onun narkotik vasitələrdən Azərbaycan Respublikasında istifadə etməməsi barədə ifadəsini onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi nəzərdə tutulmuş inzibati məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirir. Belə ki, O.Bayramov ifadəsində 2023-cü il mart aylarında başlayaraq 3 ay müddətində narkotik vasitələrdən müalicə kimi psixoloji reabilitasiya keçərək psixoloji dəstək aldığını, müalicədən sonra hardasa 6 ay ərzində narkotik vasitədə istifadə etmədiyini, daha sonra isə 3-4 dəfə yenidən narkotik maddə istifadə etdiyini, 2024-cü ildə taksi fəaliyyəti ilə məşğul olan zaman avtoqəza törətdiyini, həmin vaxt “sidik” analizindən heçnə aşkar olunmadığını, oktyabr ayında isə ekspertizaya verdiyi qanından narkotik maddənin aşkar edildiyini göstərmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 inzibati xəta haqqında protokolu tərtib edən X7 tərəfindən verilmiş ifadələrin qarşılıqlı şəkildə tədqiqi, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X3 01 noyabr 2024-cü il tarixli, 86/K nömrəli rəyi, belə qənaətə gəlməyə əsas verir ki, X6 tərəfindən inzibati xətanın törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadəsi həmin xətanın törətməsini təkzib edən sübut kimi qəbul edilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, X2 törətdiyi əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, barəsində cəza təyin edilməlidir. Məhkəmə X4 inzibati tənbeh tətbiq edərkən işin hallarını və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xətaya görə məsuliyyətini ağırlaşdıran, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas müəyyən edilmədi. Məhkəmə O.Bayramovun ilk dəfə intibati xəta törətməsini, onun peşman olmasını yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, inzibati qaydada cərimə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyətini nəzərə almaqla, bu tədbirin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətdə inzibati həbs tətbiq edilir. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında cərimə olunmalıdır. Şərh olunanlara əsaslanaraq Azərbaycan Respublikası Konstitusiyasının 129, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 43.1, 114, 115 və 130.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №3(090)-34/2024
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərar — İş №3(090)-34/2024
15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver