Məhkəmə qərarları › İş №3(090)-35/2025

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərar — İş №3(090)-35/2025

07.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şahbuz şəhəri İş № 3(090)-35/2025 07.07.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakim əvəzi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X3 iclas katibliyi, Şahbuz Rayon Polis Şöbəsinin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxx 2007-ci ildə Şahbuz rayonu, Şahbuz qəsəbəsində doğulan, Azərbaycan Respublikasının vətəndaşı (FİN kodu xxxxxxx), Azərbaycanlı, orta təhsilli, subay, müvəqqəti işsiz, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şahbuz Rayon Polis Şöbəsinin 07 iyul 2025-ci il tarixli, 3-13-43-11/2- 4431/2025 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair 07 iyul 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol ona əlavə olunmuş sənədlərlə birlikdə 07 iyul 2025-ci ildə məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, qanunsuz olaraq amfetamin psixotrop maddəsini istehlak etdiyinə görə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Şahbuz Rayon Polis Şöbəsinin polis sahə rəisi X4 izahatında Şəxs hərəkətlərində şübhəli hallar olduğu üçün Polis Şöbəsinə dəvət olunduğunu və ekspertizaya göndərildiyini, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X2 məhkəmə kimyəvi ekspertizasının rəyinə əsasən şəxsin qanında “amfetamin” maddəsinin aşkar edildiyini, şəxsin əməlində cinayət tərkibi olmadığını, buna görə də inzibati xəta haqqında icraat aparıldığını, araşdırma nəticəsində barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunduğunu və materialın məhkəməyə göndərildiyini, şəxslə hər hansı ədavətinin olmadığını, Şəxs inzibati icraat zamanı izahat verməkdən imtina etdiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahatında narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə etmədiyini, hərbi xidmətə gedəcəyini, kiminsə psixotrop maddəni içkiyə və ya yeməyə qataraq ona verə bilcəyini, özünün narkotik vasitələri, psixotrop maddələri tanımadığını bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X2 13 iyun 2025-ci il tarixli, 51K nömrəli məhkəmə kimyəvi rəyindən müəyyən olunur ki, müayinə zamanı Şəxs qan nümunəsində Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş “amfetamin” aşkar edilmişdir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş İ siyahıya əsasən psixatrop maddə olan “amfetamin” Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddədir. Şəxs törətdiyi inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs onun narkotik vasitələrdən istifadə etməməsi barədə ifadəsini onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi nəzərdə tutulmuş inzibati məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirir. Məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi tərəfindən verilmiş ifadələrin, iş materiallarının qarşılıqlı şəkildə tədqiqi, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X2 13 iyun 2025-ci il tarixli, 51K nömrəli nömrəli rəyi, belə qənaətə gəlməyə əsas verir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadəsi həmin xətanın törətməsini təkzib edən sübut kimi qəbul edilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, barəsində inzibati tənbeh növü tətbiq edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən işin hallarını və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xətaya görə məsuliyyətini ağırlaşdıran, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas müəyyən edilmədi. Məhkəmə Şəxs ilk dəfə intibati xəta törətməsini və gənc olmasını yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, inzibati qaydada cərimə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyətini nəzərə almaqla, bu tədbirin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətdə inzibati həbs tətbiq edilir. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında cərimə olunmalıdır. Şərh olunanlara əsaslanaraq Azərbaycan Respublikası Konstitusiyasının 129, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 43.1, 114, 115 və 130.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Mehrab Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar