Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 3(090)-37/2025 10.07.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Mən, Şahbuz Rayon Məhkəməsinin hakim əvəzi X2 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri işin baxılmağa hazırlanması ilə əlaqədar nəzərdən keçirərək müəyyənetdim: Şahbuz Rayon Məhkəməsinə “10” iyul 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin 04 iyul 2025-ci il tarixli, 3-17-9-5/2-1692/2025 nömrəli məktubu ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair “13” iyun 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilən sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 106.0.3, 106.0.4, 106.0.5 və 106.0.6-cı maddələrinin tələblərinə görə hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, işin icraatını rədd edən halların mövcud olubolmadığını, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmadığını və işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılıb-məlumatlandırılmadığını araşdırmalıdır. İXM-in: 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərardad qəbul olunur. 100.1.5-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi göstərilir. 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 469-1-ci maddəsinə əsasən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə – vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Qeyd: Şəxs bu maddədə nəzərdə tutulmuş inzibati xətaya görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində xeyrinə icbari sığorta müqaviləsi bağlanmalı olan şəxsin icbari sığortalanmasını təmin etməlidir. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.4-cü bəndinə əsasən zərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 191.2-ci, 192.1 – 192.11-ci, 193-cü, 194-cü, 195.2-ci, 198.1-ci, 199 – 203-cü, 205-1.1-ci, 469-1-ci, 477-ci, 477-1.1.2-ci, 477- 1.1.4-cü, 477-1.1.5-ci, 477-1.2-ci, 477-2.1-ci, 539, 540.1, 540.2, 540.3, 540.4, 556 və 576cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi baxır. İşdə olan materiallardan isə görünür ki, Naxçıvan Muxtar Respublikasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin “13” iyun 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə təqsirləndirilməsi barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan materiallardan isə görünür ki, 13 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində “13” iyun 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şahbuz Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan çıxarışa əsasən işə götürən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə vətəndaş X1 arasında 0UXZ4V4000502 nömrəli aktiv əmək müqaviləsi mövcuddur. Naxçıvan Muxtar Respublikasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX tərəfindən tərtib edilmiş “13” iyun 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokolda İXM-in 100.1.5-ci maddəsinin tələbinə riayət edilməmiş, inzibati xəta haqqında protokolda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi göstərilməmişdir. Protokulun barəsində inzibati protokol tərtib edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə çatdırılması barədə məlumat göstərilməmişdir. Həmçinin “13” iyun 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokola əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmaması faktı Naxçıvan Muxtar Respublikasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nə məxsus MEİS-də aparılmış elektron monitorinq ilə təsdiq edilmişdir. Belə olan halda məhkəmə İXM-nin aşağıdakı maddələrini diqqətə çatdırır: 127-3-cü maddəsinə əsasən bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469-1-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. 127-4.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469-1-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. 127-4.2-ci maddəsinə əsasən inzibati xəta haqqında elektron protokolda protokolun tərtib edildiyi tarix və vaxt; inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan orqanın (qurumun) və həmin protokolu tərtib etmək üçün istifadə edilən dövlət informasiya sisteminin (ehtiyatının) adı; inzibati xətanın törədilməsi ilə bağlı müəyyən edilən (aşkar edilən) məlumatlar; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs haqqında (hüquqi şəxsin adı, VÖEN-i və hüquqi və faktiki ünvanları) və vəzifəli şəxs haqqında (adı, soyadı, atasının adı, vəzifəsi, fərdi identifikasiya nömrəsi və yaşadığı ünvan) məlumatlar; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və həmin maddə üzrə cərimənin məbləği; bu Məcəllənin 127-4.5-ci və 127-4.6-cı maddələrinin izahı göstərilir. 127-4.5-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 127-4.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında elektron protokol tərtib edilmiş hüquqi şəxs, o cümlədən onun vəzifəli şəxsi burada qeyd olunan inzibati cəriməni həmin protokol ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində ödədikdə protokolla razılaşmış olur və həmin protokol eyni məzmunlu inzibati tənbeh vermə haqqında elektron qərar hesab edilir. 127-4.6-cı maddəsinə əsasən barəsində bu Məcəllənin 127-4.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında elektron protokol tərtib edilmiş hüquqi şəxs bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş müddətdə cəriməni ödəmədikdə həmin protokol baxılması üçün bir gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən məhkəməyə göndərilir. 127-5.1-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmiş şəxs inzibati xəta haqqında elektron protokol və ya inzibati tənbeh vermə haqqında elektron qərar barədə aşağıdakı qaydada məlumatlandırılır:
1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi inzibati xəta haqqında elektron protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron kabinetində dərhal yerləşdirir və elektron ünvanına (olduğu halda) göndərir;
2. eyni zamanda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında elektron protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir;
3. inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün iki gün ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilir. 127-5.3-cü maddəsinə əsasən inzibati xəta haqqında elektron protokolun və ya inzibati tənbeh vermə haqqında elektron qərarın bu Məcəllənin 57.1-ci maddəsində nəzərdə tutulmuş qaydada “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi vasitəsilə rəsmi çatdırılması barədə məlumatlar bir gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. Göründüyü kimi qanunvericilik səlahiyyətli şəxsə, bu Məcəllənin 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan, hüquqi şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib etmək və müvafiq sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərmək səlahiyyətini, yalnız inzibati xətanı törətmiş şəxsin lazımi qaydada məlumatlandırıldığı halda vermişdir. Təqdim olunmuş sənədlərdən görünür ki, inzibati xəta haqqında protokol qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına zidd olaraq tərtib edilmiş, təqdim olunmuş sənədlər isə natamamdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparıldığına dair məlumat verilməmiş, onun nümayəndəsinin iştirakı təmin olunmamış, hüquqları və vəzifələri izah edilməmiş, bu səbəbdən barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinə izahat vermək, hüquqlarını müdafiə etmək imkanından məhrum olmuş, inzibati xəta haqqında protokolun surəti barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi ilə müəyyən edilmişdir ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Naxçıvan Muxtar Respublikasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX tərəfindən məhkəməyə daxil olmuş inzibati xəta haqqında materiallar natamam olduğu və işə baxılarkən tamamlamaq mümkün olmadığı üçün işə tam və obyektiv baxılması mümkün deyildir və bu səbəbdən də, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Naxçıvan Muxtar Respublikasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nə geri qaytarılmalıdır. Materiallar natamamdır və işə baxılarkən də tamamlamaq mümkün deyil. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, Naxçıvan Muxtar Respublikasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair “13” iyun 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Naxçıvan Muxtar Respublikasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nə geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109, 118-ci maddələrini rəhbər tutaraq qəraraaldım:
"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair “13” iyun 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol ona əlavə olunmuş sənədlərlə birlikdə Naxçıvan Muxtar Respublikasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nə geri qaytarılsın.
Hakim əvəzi: Mehrab Məmmədov.