Azərbaycan Respublikası adından QƏRAR Şahbuz şəhəri İş № 3(090)-4/2021 09.09.2021 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Həsənov Musa Qənbər oğlunun katibliyi, təqsirləndirilən şəxsin müdafiəçisi Vəkil iştirakı ilə xx xxx 1995-ci ildə Şahbuz rayonu, Badamlı kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, fərdi identifikasiya nömrəsi: xxxxxxx, orta təhsilli, evli, 1 uşaq atası, deməsinə görə məhkumluğu ödənilmiş, müvəqqəti işsiz, Şahbuz rayonu, Badamlı kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şahbuz RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala “09” sentyabr 2021-ci il tarixdə Şahbuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i : Təqdim edilmiş inzibati xəta haqqında protokoldan, ona əlavə olunmuş sənədlərdən, eyni zamanda ifadələrdən görünür ki, Şəxs “09” sentyabr 2021-ci il tarixdə saat 13:00 radələrində Şahbuz rayonu, Badamlı kənd İ.Ə.D. üzrə nümayəndiliyin qarşısında ucadan nalayiq ifadələr işlətməklə səs-küy salaraq ictimai qaydanı kobud şəkillə pozmuş, həmin vaxt polis sahə inspektoru X1 Əşrəfəli Əliyar oğluna yaxınlaşaraq onu nizam intizama dəvət etsə də, Şəxs polis sahə inspektorunun tələbinə tabe olmayaraq öz əməllərinə davam edərək qanunsuz hərəkətlərə yol vermiş və xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin faktla bağlı Şahbuz RPŞ-nin İTB-nin polis sahə inspektoru, X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə “09” sentyabr 2021-ci il tarixli 008201 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq həmin tarixdə baxılması üçün Şahbuz rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs təqsirini qismən qəbul edərək izahatında bildirdi ki, 09 sentyabr 2021-ci il tarixdə idarə etdiyi vaz 2107 markalı, 71BD289 dövlət qeydiyyat nişanlı avtomobili ilə Badamlı kənd istiqamətində gedən zaman idarə etməni itirərək yoldan çıxaraq yolun kənarında qələmə ağacına vurubdur, heç kimə xəbər vermədən avtomobili bir məhəllədə saxlayıb, polisə zəng vurub, polisin yanına gedibdir, sahə inspektoru ondan avtomobilini harda və haraya vurduğunu soruşub, o isə cavabında ağaca vurduğunu bildiribdir, ondan “sən bizə niyə bildirməmisən” soruşanda o zəng vurub bildirdiyini və maşını polislərin yanına gətirdiyini deyibdir, o da heç nə olmayıbdır, maşın ağaca yüngül dəyibdir, adam vurmadığını, heç kimə heç nəyə xəsarət yetirmədiyini deyibdir. O heç kimin üstünə bıçaq çəkməyibdir, avtomobildə ülgüc olubdur, həmin ülgüc ilə onun heç kimə xəsarət yetirmək fikri olmayıbdır. Məhkəmədə sualları cavablandıran Şəxs bildirdi ki, o əsəb xəstəsi olduğu üçün, nevroloji xəstəsi kimi müalicə alır, həmin gündə o əsəbi olduğu üçün söyüş söyüb, səs-küy salıbdır, o polis işçisinə söyüş söyməyibdir, sadəcə əsəbi vəziyyətdə özündən çıxıb söyüş söyübdür, bu hərəkətlərə görə peşmandır, səhv edibdir, polislər ona qarşı zor tətbiq etməyiblər, sadəcə o əsəbi olduğu üçün o cür başa düşübdür, o ülgüclə özünü doğrayacağını deyibdir ki, bəlkə ona cərimə yazılmasın, o bu cür hərəkəti özündən çıxıb edibdir, əməlindən peşmandır, əsəbi olduğu üçün, özündən asılı olmayaraq bu hərəkətlərə yol veribdir. Törətdiyi əməldən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmədən yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o Şahbuz rayon, Badamlı inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə icra nümayəndəsi vəzifəsində işləyir, «09» sentyabr 2021-ci il tarixdə Badamlı kənd mərkəzində yerləşən inzibati binada xidməti otağında olan zaman ona inzibati binanın həyətində səs-küy olduğunu deyiblər, o həyətə yenən zaman Badamlı kənd sakini Şəxs kənd sahə müvəkkili X3 ilə mübahisə etdiyini görübdür, o onlara yaxınlaşıb öyrənibdir ki, Şəxs maşını ağaca vurubdur, onlar hadisə yerinə baxan zaman Şəxs cibindən bıçaq çıxarıb özünü doğrayacağını deyibdir, bu zaman o Şəxs yaxınlaşıb bıçağı ondan almaq istəyibdir, lakin Şəxs ona yaxınlaşacağı təqdirdə özünü doğrayacağını deyibdir, həmin vaxt polislər Şəxs sakitləşdiriblər, ona isə getməsini deyiblər. Məhkəmədə sualları cavablandıran Şahid bildirdi ki, polislər tərəfindən Ə.Mürşudova qarşı hər-hansı fiziki güc işlətməsinin şahidi olmayıbdır, əksinə onu sakitləşdiriblər, həmin vaxt Şəxs əsəbi vəziyyət də söyüş söyüb, səs-küy edibdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, şahid ifadəsi və eləcə də digər sənədlərlə sübuta yetirilir. Bu səbəbdən də o, həmin maddənin sanksiyası ilə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinin tələbinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.4-cü maddəsinin tələbinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda ictimai qayda əleyhinə olan inzibati xətadır. Şəxs səmimi peşmançılığı yüngülləşdirən hal nəzərə alınır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. İşin bu hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında qeyd olunmuş həbs inzibati tənbeh növü tətbiq edilməlidir. Beləliklə, Şəxs 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materiallarında olan “09” sentyabr 2021-cu il tarixli, 0411 nömrəli tutma haqqında protokoldan da aydın olur ki, o, barəsində həmin tarixdən tutulma tədbiri tətbiq edilmişdir. Eyni zamanda həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib ona 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddəti “09” sentyabr 2021-ci il tarixdən hesablansın. Bu qərar dərhal icra olunsun. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X5 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasina şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №3(090)-4/2021
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərar — İş №3(090)-4/2021
09.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver