Məhkəmə qərarları › İş №3(090)-5/2022

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərar — İş №3(090)-5/2022

23.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şahbuz şəhəri İş № 3(090)-5/2022 23.08.2022 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi səlahiyyətlərini müvəqqəti icra edən Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxxx 1983-cü ildə Şahbuz rayonu, Şahbuz qəsəbəsində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı (FİN kodu xxxxxxx), orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, müvəqqəti işsiz Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsində təqsirləndirilməsinə dair işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Şahbuz Rayon Polis Şöbəsinin 23 avqust 2022-ci il tarixli 4/1-884 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 23 avqust 2022-ci il tarixli, 008219 nömrəli inzibati xəta haqqında protokol ona əlavə olunmuş sənədlərlə birlikdə 23 avqust 2022-ci ildə məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında işə məhkəmədə baxılması zamanı Şəxs 23 avqust 2022-ci il tarixdə təqribən saat 0330 radələrində Şahbuz rayonu, Şahbuz şəhərində yerləşən “Batabat” kafesinə qanunsuz olaraq daxil olması və oradan Zərərçəkmiş şəxs məxsus 83 (səksən üç) manat məbləğində pulu talaması və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş, yəni “xırda talama” inzibati xəta əməlini törətməsi müəyyən edilmişdi. Şəxs törətdiyi inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. Qeyd edilən normanın tələbindən yola çıxaraq məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayış verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Şəxs təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama inzibati xəta tərkibinin yaranmasına səbəb olan əməldir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarında qeyd edilir ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Şəxs törətdiyi əməlin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində qeyd edilən inzibati xəta tərkibini əlamətlərinə uyğun gəlməsi isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və zərər çəkmiş şəxslərin məhkəmədə izahatları, həmçinin şəxsi axtarış və fiziki şəxsdə olan şeyləri yoxlama haqqında protokol ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs məhkəmədə verdiyi izahatında 22 avqust 2022-ci il tarixdə saat 2120 radələrində Şahbuz şəhərində yerləşən “Batabat” kafesinə spirtli içki içmək məqsədilə getdiyini, orada 3 bakal pivə içdikdən sonra saat 2230 radələrində oradan çıxaraq evə getdiyini, evə getdikdən təqribən 3-4 saat sonra telefonumun olmadığını müəyyən etdiyini, evdən çıxaraq telefonu tapmaq məqsədilə kafeyə baxmağa getdiyini, həmin vaxt təqribən saat 0330 radələri olduğunu, kafeyə çatanda oranın bağlı olduğunu gördüyünü, gecə vaxtı olduğundan kafe sahibinə zəng etmədiyini, kafenin pəncərəsini bərkdən itələyərək açdığını, daha sonra içəri daxil olduğunu, ətrafa baxsa da telefonu tapa bilmədiyini, kafedə pul ola biləcəyini düşünüb şkafın gözlərini axtarmağa başladığını, şkafın sürməli gözündə 83 (səksən üç) manat pul olduğunu, həmin pulu götürərək pəncərədən çıxdığını, pulu cibinə qoyaraq evə getdiyini, ertəsi günü polis əməkdaşlarının ona zəng etdiyini, ona qonşuluqda yerləşən mağazanın kamerasina düşdüyünü dediyini, həmin vaxt sərxoş olmadığından, yəni ayıldığından səhvini başa düşdüyünü, bundan sonra polis şöbəsinə gedərək 83 manat pulu zərər çəkmiş şəxsə geri qaytardığını, əməlindən peşman olduğunu, evli olmasını, himayəsində iki azyaşlı uşaq olmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdi. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmədə verdiyi izahatında inzibati araşdırma zamanı verdiyi yazılı izahatında qeyd edilənləri bildirməklə yanaşı, Şəxs ilə qohumluq münasibətlərinin olduğunu, yəni Xəyalla arvadının xalaoğlu xalaqızı olduğunu, mağazadan götürülmüş 83 manat miqdarında pulun ona geri qaytarıldığını, lakin buna baxmayaraq Şəxs barəsində şikayət etdiyini, onunla aralarında barışıq olmadığı bildirmişdi. İşin məhkəmə araşdırılması zamanı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində qeyd edilən xırda talama əməlini oğurlama, yəni özgənin əmlakı gizli olaraq talama yolu törətməsi müəyyən edilir. Lakin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin qeyd hissəsinə görə, İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsində isə göstərilir ki, həmin Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Qeyd edilən halın yoxlanılması ilə bağlı məhkəmə bildirir ki, işin araşdırılmış hallarına əsasən Şəxs gizli yolla əldə etdiyi və Zərərçəkmiş şəxs məxsus olan pulun məbləği 83 (səksən üç) manat təşkil edir. Yuxarıda qeyd edilənlər ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində qeyd edilən inzibati xəta əməlini törətməsi tam sübuta yetirilir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsinin sübuta yetirilməsi onun inzibati məsuliyyətə cəlb edilməsi üçün birbaşa əsas deyil. Çünki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsində göstərilir ki, həmin Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Zərər çəkmiş şəxsin məhkəmədə verdiyi izahatdan və onun təqdim etdiyi 23 avqust 2022-ci il tarixli ərizədən görünür ki, onunla Şəxs arasında barışıq əldə olunmayıb. Bu isə özlüyündə hazırki iş üzrə icraata xitam verilməsi üçün qeyd edilən əsasın mövcud olmaması ilə nəticələnir. Bu səbəbdən də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilən sübutlarla öz təsdiqini tapdığından o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barələrində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama əməlini törətmiş şəxslər barəsində yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda mülkiyyət əleyhinə olan inzibati xətadır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Eldar oğlunun əmlak vəziyyətinin qiymətləndirilməsi ilə bağlı isə məhkəmə qeyd edir ki, hazırda iş materiallarından da aydın olur ki, o, işsizdir. Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Onun törətdiyi əməldən səmimi peşman olması isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirilən haldır. Məhkəmə həmçinin həmin Məcəllənin 32.2-ci maddəsinə əsaslanmaqla belə hesab edir ki, onun himayəsində az yaşlı uşaq olması da məsuliyyəti yüngülləşdirilən hal kimi nəzərə alına bilər. İşin bu hallarını nəzərə alaraq hesab edirəm ki, onun barəsində təqsirləndirildiyi əməlin sanksiyasında qeyd olunmuş həbs inzibati tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasından da aydın olur ki, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbeh növü olan həbsin yalnız yuxarı həddi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələbinə görə isə həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yəni, hazırki vəziyyətdə Şəxs Eldar oğluna 23 (iyirmi üç) gündən az inzibati tənbeh növündə həbs tətbiq oluna bilməz. Beləliklə, Şəxs Eldar oğlunun törətdiyi inzibati xətanın mülkiyyət əleyhinə olmasını, onun qəsdən törədilməsini, həmin əməlin ictimai təhlükəliliyini və yüngülləşdirici halları nəzərə alan məhkəmə hesab edir ki, ona 23 (iyirmi üç) ay müddətinə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materiallarında olan 23 avqust 2022-ci il tarixli, 0241 nömrəli tutma haqqında protokoldan da aydın olur ki, Şəxs Eldar oğlunun barəsində həmin tarixdən tutulma tədbiri tətbiq edilmişdir. Eyni zamanda həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. İnzibati xəta haqqında protokola əlavə edilmiş şəxsi axtarış və fiziki şəxsdə olan şeyləri yoxlama haqqında 23 avqust 2022-ci il tarixli, 0241 nömrəli protokoldan, həmçinin Şəxs və Zərərçəkmiş şəxs məhkəmədə verdiyi izahatlarından müəyyən edilir ki, zərər çəkmiş şəxsə məxsus olan 83 (səksən üç) manat məbləğində pul barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən götürülmüşdü. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.4 və 115.4.1-cü maddələrinin mahiyyətinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda götürülmüş əşyalar və sənədlər barədə məsələlər həll olunmalı və dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlətin mülkiyyətinə verilməlidir. Qeyd edilən normanın tələbini rəhbər tutan məhkəmə bildirir ki, inzibati xəta haqqında protokola əlavə edilmiş aktdan müəyyən edilir ki, zərər çəkmiş şəxsə məxsus olan 83 (səksən üç) manat məbləğində pul ona geri qaytarılmışdı. Bu səbəbdən də artıq onun hüquqi müqəddəratının həll etməyə ehtiyac qalmır. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Eldar oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib, onun barəsində 23 (iyirmi üç) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddəti 23 avqust 2022-ci il tarixdən hesablansın. Bu qərar dərhal icra olunsun və onun icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X3 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar