Məhkəmə qərarları › İş №3(090)-5/2024

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərar — İş №3(090)-5/2024

14.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şahbuz şəhəri İş № 3(090)-5/2024 14.03.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şahbuz Rayon Məhkəməsinə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti İdarəsindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib edilmiş 20 fevral 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi Nümayəndə izahatında "xxxx" MMC-nin yoxlanılması zamanı əməkdaşlar tərəfindən pozuntuların aşkar edilib qeydə alındığını, 10 iyun 1997-ci il tarixli “Yanğın təhlükəsizliyi” haqqında Azərbaycan Respublikası Qanunu əsasında tətbiq olunan yanğın təhlükəsizliyi qaydalarına dair 01-2001 nömrəli sənədlə hər il lisenziyalı şirkətlər tərəfindən müəssisədə izoliyasiya və gərginliyə qarşı sazlığın yoxlanılmalı və bu barədə sahibkara müvafiq aktın verilməli olduğunu, İakin yoxlanış zamanı sahibkarın bu barədə aktının olmadığının məlum olduğunu, həmçinin yanğına qarşı rejimin müəyyənləşdirilmədiyini, siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmadığını, həmin qaydalara uyğun olaraq yanğın təhlükəsizlik xidmətinin çağırış nömrələri olan lövhələrin bütün müəssisələrdə asılmalı olduğunu, lakin həmin müəssisədə bu lövhələrin yerləşdirilmədiyini, baxış zamanı ətrafda yanıcı tullantılardan ibarət zibilliklərın toplandığının müəyyən olunduğunu, bunun isə vaxtaşırı, yəni iş vaxtından sonra təmizlənməli olsa da yerinə yetirilmədiyini, qeyd etdiyi qaydalara uyğun olaraq lisenziyalı şirkət tərəfindən hər il istifadə olunan avadanlıqların yoxlanılmalı və bu barədə sahibkara akt təqdim edilməli olduğunu, müəssisədə istifadə olunan qurğuların sazlığı ilə bağlı heç bir rəsmi sənədin onlara təqdim edilmədiyini, sahibkarın bu barədə lazımı sənədlərinin olmaması bu barədə lazımi tədbirin görülmədiyini, bundan başqa əgər müəssisənin ümumi həcmi 1000m3-dən böyükdürsə, müəssisənin su hovuzları ilə təmin olunmalı olduğunu, bu barədə isə sahibkar tərəfindən heç bir tədbir görülmədiyini, müəssisədə avtomatik yanğınsöndürmə sisteminin, avtomatik yanğın siqnalizasiya qurğularının və əvvəlcədən quraşdırılmalı olan nişanların istifadə edilməli olduğunu, lakin sahibkar tərəfindən tam olaraq bu tədbirlərin yerinə yetirilmədiyini, müəssisənin ümumi həcmi böyük olduğundan ilkin yanğınsöndürmə ləvazimatları kimi yanğınsöndürmə balonları və digər vəsaitlərin normalara uyğun təmin edilmədiyini bildirərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasının xahiş etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 25 yanvar 2024-cü il tarixli qərardan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində yanğın-texniki müayinənin aparılması haqqında 311 nömrəli qərar qəbul edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 20 fevral 2024-cü il tarixli yanğın-texniki müayinə aktından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyət göstərdiyi Şahbuz rayonu, Şahbuz qəsəbəsində yerləşən təsərrüfat obyektində aparılmış yoxlama zamanı “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın YTQ № 01-2001b.2.1, 2.4, 3.12, 4.3, 6.1, 8.1, 9.3 və 10.4-cü bəndlərində nəzərdə tutulmuş tələblərin yerinə yetirilmədiyi müəyyən edilmişdir. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 2-ci və 7-ci bəndlərinə əsasən vətəndaşlar öz mülkiyyətində (istifadəsində) olan binalarda və tikililərdə, nəqliyyat vasitələrində yanğın təhlükəsizliyi qaydalarına riayət etmək və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahılara uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri və yanğına qarşı inventar saxlamaq, onlara məxsus istehsal, təsərrüfat, yaşayış və başqa bina və tikililərdə yanğın təhlükəsizliyi tələblərinə riayət olunmasına nəzarət etmək və bu tələblərin pozulmasının qarşısını almaq məqsədilə müayinələr və yoxlamalar aparmaq üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin vəzifəli şəxslərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada imkan yaratmadırlar. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumunun, habelə onların vəzifəli şəxslərinin göstərişlərinin və sərəncamlarının icrası Azərbaycan Respublikasının ərazisində olan bütün şəxslər üçün məcburidir. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının qanununa əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumu dövlət yanğın nəzarətinin aparılması ilə bağlı aşağıdakı hüquqlara malikdir: - dövlət orqanları, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatlar və onların vəzifəli şəxsləri, eləcə də vətəndaşlar tərəfindən tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını yoxlamaq; - dövlət orqanlarına, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatlara və onların vəzifəli şəxslərinə, eləcə də vətəndaşlara yanğın təhlükəsizliyi tədbirlərinin görülməsi haqqında göstərişlər vermək; - yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasının qarşısını almaq məqsədi ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müayinələr aparmaq; - Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yanğınlar və yanğın təhlükəsizliyi qaydasının tələblərinin pozulması haqqında təhqiqat aparmaq, habelə inzibati xətalar haqqında işlər üzrə icraatı aparmaq və bunlara dair qəbul olunmuş qərarları icra etmək. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi yanğın-texniki müayinə aktı, inzibati xəta haqqında protokol və digər sənədlərlə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Ona görə də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə iclası zamanı inzibati xəta törətmiş hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən hal müəyyən edilmədi. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarılmalı və hüquqi şəxsin törətdiyi hüquqpozmanın aradan qaldırılması üçün bir ay müddət müəyyən edilməli, həmin müddətdə hüquq pozma aradan qaldırılarsa məhkəməyə bu barədə məlumat verilməli, hüquq pozma aradan qaldırılmadıqda isə inzibati cərimə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18.5, 40, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli bilinib, 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar