Məhkəmə qərarları › İş №3(090)-61/2025

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərar — İş №3(090)-61/2025

07.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şahbuz şəhəri İş № 3(090)-61/2025 07.11.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinin icra məmuru X2 iştirakları ilə, xx xxxx 1993-cü ildə Şahbuz rayonu, Badamlı kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, (FİN kod – xxxxxxx) orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Şahbuz rayonu, Badamlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 07 noyabr 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər “07” noyabr 2025-ci ildə Şahbuz Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə əsasən, Şəxs Babək Rayon Məhkəməsinin 2(079)-431/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün, sonrakı artımlar nəzərə alınmaqla bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.45 misli həddində sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair icra sənədi üzrə 900 manat aliment borcunu icra məmuru tərəfindən müəyyən edilmiş müddətdə üzrsüz səbəbdən ödəməmişdir. Borclu Şəxs borcu ödəməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq o, borcu ödəməkdən boyun qaçırmış və icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs izahatında işsiz olduğunu, xəstə olduğuna görə icra sənədi üzrə borcu ödəyə bilmədiyini, icra sənədi üzrə 900 manat borcu olduğunu, 20 noyabr tarixədək möhlət verilməsini istədiyini, pul götürəcəyi yer olduğunu, həmin zaman pulu ödəyəcəyini, ödəniş edə bilmədiyini, bir həftə qabaq yoldaşı ilə danışdığını, pul ödəyə bilmədiyini, ayın iyirmisinə qədər pulun hamısını ödəyəcəyini, nömrəsini dəyişdiyi üçün icra məmurunun onunla əlaqə saxlaya bilmədiyini, polis əməkdaşının ona zəng vuraraq onu şöbəyə dəvət etdiyini, özünün də çağırışa getdiyini, ölkədən getmək hüququna da məhdudiyyət qoyulduğunu, icra bölməsinə gəlmədiyini, Şahbuz rayonu, Badamlı kəndində qeydiyyatda olsa da, Naxçıvan şəhərində kirayə yaşadığını, buna görə də icra sənədlərini almadığını, sonuncu dəfə icra məmurunun telefon əlaqəsi saxlayaraq ona xəbərdarlıq barədə məlumat verdiyini, ilk dəfə 2025-ci ilin avqust ayının sonlarında ona icra sənədi üzrə ödəniş etməyinin bildirildiyini, xəstəliyi ilə əlaqədar ödəniş edə bilmədiyini, icra sənədinin icrasından yayınmadığını, icra məmuru Vüqar Qənbərlinin onunla telefon əlaqəsi saxlayıb ödəniş etməyini bildirdiyini, 10 gündür ki işdən çıxdığını, bir ay yarım-iki ay olar ki işlədiyini, inşaatda işlədiyini, günlük 20-30 manat əməkhaqqı aldığını, pulu yığıb ödəyə bilmədiyini, icra sənədi üzrə sənədlərlə tanış olmadığını, bir uşaq üçün aliment ödədiyini, 180 manat kirayə pulu verdiyini, evinin olmadığını, anasının Şahbuz rayonu, Badamlı kəndində yaşadığını, öz evini uşaqlarına verdiyini, 20 noyabr tarixədək möhlət verilməsini xahiş etdiyini bildirişdir. İnzibati protokolu tərtib etmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinin icra məmuru Şəbnəm Əliyeva məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edib əlavə olaraq bildirdi ki, icra sənədi üzrə şəxsin 13 iyul 2025-ci il tarixdən aylıq 180 manat olmaqla ümumilikdə 900 manat borcu yaranmışdır. Şəxs bir uşaq üçün aliment ödəyir. Digər uşaqlar üçün qarşı tərəfin tələbi olmadığına görə razılaşıblar. Babək Rayon Məhkəməsindən 2(079)-431/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin 12 avqust 2025-ci ildə icraatlarına daxil olduğunu, icra sənədi üzrə icrtaata başlama haqqında qərarla bildirişin şəxsə göndərilmişdir. Qətnamə ilə uşağın saxlanması üçün Şəxs bir uşaq üçün minimum əməkhaqqının 0.45 misli, yəni 180 manat aliment tutulmasının qət olunmuşdur. İcra sənədləri nümayəndəliyə göndərilmişdir. Xəbərdarlıqla məhkəmə qərarının icra edilməməsinə görə inzibati və cinayət məsuliyyətinə cəlb olunacağının bildirilmişdir. Nümayəndəliyin məktubuna əsasən sənədlər Şəxs qardaşına çatdırılmışdır, qeyd etdikləri nəzərə alınaraq protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati protokolu tərtib etmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinin nümayəndəsinin izahatını, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, eləcə də digər sənədlərlə sübuta yetirilir. Bu səbəbdən də o, həmin maddənin sanksiyası ilə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Belə ki, iş materiallarında olan Babək Rayon Məhkəməsinin 2(079)-431/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədindən görünür ki, tərəflərin birgə nikahından olan xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün "13" iyun 2025-ci il tarixdən hesablanmaqla, hər ay Şəxs Zərərçəkmiş şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.45 misli həddində sabit pul məbləğində aliment tutulması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinin Şəxs ünvanlandığı 08 avqust 2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, xx.xx.2025-ci il tarixli qərarla icraata başladığı Babək Rayon Məhkəməsinin 2(079)-431/2025-012 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbərdarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi onun nəzərinə çatdırılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsi tərəfindən 30 sentyabr 2025-ci il tarixdə təkrar xəbərdarlıq olunmasına baxmayaraq o, yenə də icradan yayınmışdır. Beləliklə, müəyyən edilmişdir ki, Babək Rayon Məhkəməsinin 2(079)-431/2025-012 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən tərəflərin birgə nikahından olan xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün "13" iyun 2025-ci il tarixdən hesablanmaqla, hər ay Şəxs Zərərçəkmiş şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.45 misli həddində sabit pul məbləğində aliment ödənilməlidir. İcra sənədi üzrə 08 avqust 2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin icrası haqqında bildiriş borcluya göndərilmişdir. İcra sənədi icraatda olduğu müddət ərzində Şəxs borcun ödənilməsi təklif edilmiş, lakin borc üzrə heç bir ödəniş edilməmiş və ya ən azından buna cəhd də edilməmişdir. Babək Rayon Məhkəməsinin 2(079)-431/2025-012 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin könüllü icrası üçün borcluya xx.xx.2025-ci il tarixdə bildiriş göndərilsə də, həmin vaxtdan borclu icra sənədi üzrə ödəməli olduğu pulu vaxtı-vaxtında ödəməmişdir və halhazırda onun 900 (doqquz yüz) manat borcu vardır. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, icra sənədinin icrası ilə bağlı Şəxs ödənişləri vaxtı-vaxtında icra etməməsi və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməməsi icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli Qərarında göstərilən üzrlü səbəb şəxsin subyektiv hallarla bağlı deyil, obyektiv hallarla bağlı, yəni onun özündən asılı olmayan səbəblərə görə qətnaməni icra edə bilməməsini ehtiva edir. Belə səbəblərə borclu şəxsin uzun müddət xəstə olması, əmək qabiliyyətini itirməsi, himayəsində daimi olaraq baxıma ehtiyacı olan şəxsin olması, şəxsin hərbi, döyüş əməliyyatlarda olması, fors-major hadisələrin baş verməsi və s. kimi obyektiv hallar aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 30.1-ci maddəsinin tələbinə görə inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.4-cü maddəsinin tələbinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda idarəçilik qaydaları əleyhinə olan inzibati xətadır. Şəxs səmimi peşmançılığı yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. İşin bu hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin maddəsinin sanksiyasında qeyd olunmuş həbs inzibati tənbeh növü tətbiq edilməlidir. Beləliklə, Şəxs inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30-cu maddəsində nəzərdə tutulan inzibati həbs tətbiq etməni istisna edən hallar mövcud deyildir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli, icra bölməsinə gətirildiyi vaxtdan, yəni “07” noyabr 2025-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Eyni zamanda həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra edilir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib ona 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli “07” noyabr 2025-ci il tarixdən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti Saxlama Yerinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasina şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar