Məhkəmə qərarları › İş №3(090)-66/2025

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərar — İş №3(090)-66/2025

16.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şahbuz şəhəri İş № 3(090)-66/2025 16.12.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X3 iclas katibliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 14 saylı X2 nümayəndələri Nümayəndə2, Nümayəndə1 və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1976-cı ildə Naxçıvan rayonu, Vayxır kəndində doğulan, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, (FİN kod – xxxxxxx), orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Babək rayonu, Vayxır kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 264.0.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 14 saylı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 25 noyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Şahbuz Rayon Məhkəməsinə daxil olmuşdur. Barəsində inzibati icraat aparılan şəxs Şəxs 05 noyabr 2025-ci il tarixində Şahbuz rayonu, Kükü kəndi “Küküçay” çayının təxminən 5-ci km-də, su mühafizə zonasının tələbləri pozmuş, ictimai iaşə obyektini işlətmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Onun barəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 14 saylı X2 baş məsləhətçisi-müfəttiş Nümayəndə1 tərəfindən 25 noyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında Babək rayonunda doğulduğunu, Şahbuz rayonu, Kükü kəndində torpaq sahəsi aldığını, torpağının aşağı hissəsində bulaqdan istifadə etmək üçün yolu düzəltdiyini, “kənd turizmi” üçün orada qonaqlara xidmət etdiklərini, torpağının aşağı hissəsinin çay yatağı olduğunu, lakin dəqiq sərhədləri bilmədiyini, çay zolağından istifadə etdiyini bilmədiyini, “jest şiferdən” mətbəx düzəltdiyini, başqa tikinti aparmadığını, çay üzərində əvvəllər də körpü olduğunu, həmin körpünü təmir etdiyini, 2022-ci ildən sonra torpaq alıb orada işlədiyini, bilməməzlikdən xəta törətdiyini, yüngül cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 14 saylı X2 nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında verdiyi izahatında 05 noyabr 2025-ci il tarixdə Kükü kəndi ərazisində “Kükü" çayının mühafizə zolağına baxış keçirildiyini, həmin zaman Şəxs torpaq sahəsinin kənarında “Kükü” çayının sahil mühafizə zolağında qurğular düzəltdiyi, çayın üzərində körpü düzəltdiyi, ictimai iaşə obyekti fəaliyyəti ilə məşğul olduğunu, turistlər üçün xidmət göstərdiyini, çay və Şəxs torpaq sahəsi arasında məsafə olduğunu, “Su məcəlləsi”nin tələblərinə riayət olunmadığını, 10 km uzunluqda çay üçün 50 m sahil zolağı müəyyən edildiyini, qanunun tələblərini yerinə yetirdiklərini və protokol tərtib etdiklərini, Şəxs çayın mühafizə zolağına müdaxilə etdiyini, qurğuların çayın mühafizə zolağında qurraşdırıldığını, Şəxs qanunun tələblərinin izah edildiyini, çayın mühafizə zolağına müdaxilənin yolverilməz olduğunu, çay kənarının bərkidilməsinin xüsusi rəy əsasında aparıldığını, protokolun baxılmasını və təmin edilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 14 saylı X2 nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında verdiyi izahatında nümayəndəsi Nümayəndə1 göstərdiklərinə əlavəsinin olmadığını, protokolun baxılmasını və təmin edilməsini xahiş etdiyini bildirmişdir. İş materiallarında olan 25 noyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, 05 noyabr 2025-ci il tarixində Şahbuz rayonu, Kükü kəndi “Küküçay” çayının təxminən 5-ci km-də, su mühafizə zonasının tələbləri pozmuş, ictimai iaşə obyektini işlətmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 14 saylı X4 tərəfindən tərtib edilmiş 05 noyabr 2025-ci il tarixli, 002828 nömrəli akta əsasən 05 noyabr 2025-ci il tarixində Şahbuz rayonu, Kükü kəndi “Küküçay” çayının təxminən 5-ci km-də, su mühafizə zonasının tələbləri pozmuş, ictimai iaşə obyektini işlətmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Müvafiq foto şəkillər və video görüntülər akta əlavə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264 və 264.0.3-cü maddələrinə əsasən su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə görə-fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Şəxs 264.0.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol və eləcə də digər sənədlərlə sübuta yetirilir. Bu səbəbdən də o, həmin maddənin sanksiyası ilə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Belə ki, İXM-in 264.0.3-cü maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi inzibati xəta haqqında protokol və eləcə də digər sənədlərlə sübuta yetirilir. Bu səbəbdən də o, inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Su Məcəlləsinin 1-ci maddəsinə əsasən su obyekti — relyef formasına uyğun olaraq yerin üstündə və ya yerin təkində suların toplandığı sərhədləri, ölçüləri və xüsusi su rejimi əlamətləri olan təbii formalaşmış landşaft, yaxud geoloji strukturdur. Su Məcəlləsinin 38-ci maddəsində göstərilmişdir ki, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə icazə əsasında texniki qurğular və avadanlıqlar tətbiq etməklə əhalinin içməli su, məişət, müalicə, sağlamlaşdırma və başqa ehtiyaclarını, habelə kənd və meşə təsərrüfatı, sənaye, energetika, nəqliyyat, balıqçılıq və digər dövlət və ya ictimai ehtiyacları ödəmək məqsədi ilə həyata keçirilir. Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir. Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. Həmin məcəllənin 40-cı maddəsinə əsasən su obyektləri istifadəyə icazə və sudan istifadə müqaviləsi əsasında verilir. Həmin məcəllənin 43-cü maddəsinə əsasən sudan istifadə edənlərin sudan təkrar istifadə etmək; su obyektlərindən xüsusi məqsədlərlə istifadəni həyata keçirmək üçün müvafiq qurğular və tikililər inşa etmək; istifadəyə verilən suyun və tullantı sularının kəmiyyət və keyfiyyətini yoxlamaq; qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla müqavilədə nəzərdə tutulan miqdarda almadığı suyun əvəzini tələb etmək; Azərbaycan Respublikasının su qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək hüquqları vardır. Həmin məcəllənin 44-cü maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq hüquqi və fiziki şəxslərin sudan istifadə hüququna sudan istifadəyə ehtiyac qalmadıqda və ya istifadədən imtina edildikdə; su obyektlərindən istifadə müddəti qurtardıqda; hüquqi şəxslər ləğv olunduqda; su obyektləri qanunvericiliyə zidd olaraq başqalarına istifadəyə verildikdə; su obyektləri ayrıca istifadədən geri alındıqda; sudan istifadəyə və tullantı sularının axıdılmasına görə haqq ödənilmədikdə; bu Məcəllənin 18-ci maddəsinin ikinci hissəsinin tələbləri nəzərə alınmaqla, sudan istifadəyə görə haqq ödənilmədikdə; su obyektindən nəzərdə tutulan məqsədlə (içməli su və məişət ehtiyaclarını ödəmək üçün istifadə hüququndan başqa) istifadə edilmədikdə və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda xitam verilir. Həmin məcəllənin 62-ci maddəsinə əsasən su obyektlərindən faydalı qazıntıların hasil edilməsi, geoloji kəşfiyyat və qazma işlərinin aparılması, yeraltı qurğuların tikintisi yerin təki haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə və bu Məcəlləyə uyğun olaraq həyata keçirilir. Məcəllənin 82-ci maddəsinə əsasən su obyektlərinin ekoloji tələblərə uyğun vəziyyətdə saxlanması, yerüstü və yeraltı suların çirklənməsinin, zibillənməsinin və tükənməsinin qarşısının alınması, habelə heyvanlar və bitkilər aləminin məskunlaşdığı mühitin qorunub saxlanması üçün su mühafizə zonaları müəyyən edilir. Su mühafizə zonası su obyektinin akvatoriyasına bitişik, üzərində təbii ehtiyatların istifadəsi, mühafizəsi və digər təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi rejim müəyyən edilmiş ərazidir. Su mühafizə zonalarının hüdudlarında sahil mühafizə zolaqları müəyyən edilir. Sahil mühafizə zolaqlarında torpaqların şumlanması və əkilməsi, meşələrin qırılması, ağac və kolların kökündən çıxarılması, heyvandarlıq ferma və düşərgələrinin, qəbiristanlığın, zibilxananın yerləşdirilməsi, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, digər fəaliyyət növləri qadağan edilir. Sahil mühafizə zolaqlarında icazə əsasında su təchizatı, istirahət, idman, balıqçılıq və ovçuluq təsərrüfatı obyektlərinin, habelə liman və hidrotexniki qurğuların yerləşdirilməsinə yol verilir. Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İçməli su mənbəyi və balıqların kürütökmə yerləri olan su obyektlərinin su mühafizə zonaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xüsusi qorunan ərazi elan edilir. Həmin məcəllənin 83-cü maddəsinə əsasən su mühafizə zonalarında yerləşən torpaq sahələri fiziki və hüquqi şəxslərin istifadəsinə, Azərbaycan Respublikasının torpaq qanunvericiliyi və bu Məcəllə ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmaqla verilə bilər. Su mühafizə zonalarında təbii ehtiyatların istifadəsi və mühafizəsi rejiminə riayət edilməsinə, fiziki və hüquqi şəxslərin digər təsərrüfat fəaliyyətinə dövlət nəzarəti öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Həmin məcəllənin 103-cü maddəsinə əsasən su qanunvericiliyini pozan vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər bu Məcəllənin 102-ci maddəsində göstərilən hallarda; su obyektlərini özbaşına tutduqda və ya sudan özbaşına istifadə etdikdə; su obyektlərində özbaşına hidrotexniki və digər qurğular tikdikdə; su obyektlərindən istifadə üzrə icazə ilə müəyyən edilmiş şərtləri pozduqda; sudan istifadə limitlərinə əməl etmədikdə; su istehlakçılarını müəyyən olunmuş müddətlərdə və həcmdə su ilə təmin etmədikdə; su obyektlərini çirkləndirdikdə, zibilləndirdikdə və tükəndirdikdə; su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğu və avadanlıqlarsız müəssisələri, kommunal və digər obyektləri istismar etdikdə; su ehtiyatlarından israfçılıqla istifadə etdikdə; sutoplayıcı sahələrdə su obyektlərinin qorunması rejimini pozmaqla suları çirkləndirdikdə, torpaqların su eroziyasına və başqa zərərli hallara səbəb olduqda; hidrotexniki və kommunal su təsərrüfatına aid olan işləri özbaşına gördükdə; su təsərrüfatı qurğularını və avadanlığını zədələdikdə, onların istismarı qaydalarına riayət etmədikdə; su təsərrüfatı qurğularının və avadanlıqlarının istismarı qaydalarını pozduqda; sudan təyinatı üzrə istifadə etmədikdə; su kəmərlərindən, kanallardan və digər su sistemlərindən özbaşına su götürdükdə, habelə içməli, məişət, texniki və tullantı suları kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıtdıqda; kollektor və drenaj sistemlərini dağıtmaqla torpaqların meliorasiya vəziyyətini pisləşdirdikdə; sudan istifadəyə görə haqqı və sudan istifadə qaydalarını pozmağa görə cərimələri, habelə su obyektlərinə və ətraf mühitə axıdılan tullantı sular görə ödənişləri vaxtında ödəmədikdə; lazımi icazə olmadan su çıxarmaq üçün quyular qazdıqda və ya su çıxarmaq üçün quyuların qazılması qaydalarını və texnologiyasını pozduqda; su mühafizəsi zonalarına və sahil mühafizə zolaqlarına riayət etmədikdə; su obyektlərinin dövlət monitorinqinin, suların dövlət uçotunun, dövlət su kadastrının aparılması qaydalarına riayət etmədikdə; xüsusi qorunan su obyektlərinin rejimini pozduqda; su obyektlərinin istifadəsinə və mühafizəsinə nəzarət edən orqanların göstərişlərini yerinə yetirmədikdə; içməli su mənbələrinin, sutəmizləyici qurğuların, su kəmərlərinin sanitariya mühafizəsi zonalarının tələblərini pozduqda; içməli suyun keyfiyyəti sanitariya tələblərinə və dövlət standartlarına uyğun gəlmədikdə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. - 25.1.-maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl ehtiyatsızlıqdan törədilmiş və eyni zamanda ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətadır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşin bu hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsinin sanksiyasında qeyd olunmuş cərimə inzibati tənbeh növü tətbiq edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə təqsirli bilinsin və 600 (altı yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasina şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar