Azərbaycan Respublikası adından QƏRAR Şahbuz şəhəri İş № 3(090)-8/2025 20.02.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, Əliyev Kamil Mübariz oğlunun katibliyi, şikayət verən X2 iştirakı ilə, X2 Naxçıvan Muxtar Respublikası Yol Patrul Xidməti tərəfindən barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* saylı iş üzrə qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X1 Muxtar Respublikası Yol Patrul Xidməti qərarından şikayətlə məhkəməyə müraciət edərək, Naxçıvan Muxtar Respublikası Yol Patrul Xidməti tərəfindən onun barəsində qəbul olunmuş cərimə qərarının ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. X4 şikayətində göstərmişdir ki, xx.xx.2025-ci il tarixində,17:31-də Naxçıvan MR Yol patrul xidməti əməkdaşı baş inspektor polis baş leytenantı X7 tərəfindən idarə etdiyim (NAZLİFAN LF185/720 minik (2015), 71BA355 nəqliyyat vasitəsi saxlanılmış. Nəqliyyat vasitəsi yaşayış sahəsində, ümumi istifadədə olan avtomobil yoluna çıxmadan əvvəl məhəllə yolunda saxlanılmışdır. Avtomobili saxlayan Yol Patrul Xidməti Naxçıvan MR YPX əməkdaşı olmuşdur, lakin mənim olduğum ərazi (Şahbuz rayon, Şahbuz şəhəri) onların xidmət bölgəsinə daxil olub-olmadığı barədə sənəd və əmr istədiyimə baxmayaraq bunu əsaslandıra bilməmiş, İnzibati Xətalar Məcəlləsinin 342.2.2 maddəsi ilə 150 manat məbləğində cərimə tətbiq edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 342.2.2 maddəsi yalnız yol hərəkətində iştirak edən nəqliyyat vasitələrinə tətbiq edilə bilər. O isə həmin vaxt məhəllə daxilində idi. Hadisə zamanı yanımda şahid var idi və faktı təsdiq edə bilər. Bu səbəbdən, mənə yazılan cərimənin hüquqi əsası yoxdur. Cərimənin tətbiq edilməsinə səbəb kimi nəqliyyat vasitəmin duman faralarının dəyişdirilməsi göstərilmişdir. Lakin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa 1 saylı Əlavənin İİİ bölməsi üzrə verilən “Qeyd” hissəsində istehsaldan çıxarılmış nəqliyyat vasitələrində başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının qurulmasına yol verildiyi açıq şəkildə qeyd olunmuşdur. İdarə etdiyim avtomobil istehsaldan 2017-ci ildə çıxarılmış nəqliyyat vasitəsi olduğu üçün vrangler marka duman faralarının quraşdırılması qanuni əsaslara uyğundur və bu cərimənin tətbiqi əsassızdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq 342.2.2 maddəsi üzrə tətbiq edilən 150 manat cərimənin ləğv olunması, əgər mümkün olarsa, qanunsuz tətbiq edilən cərimənin xitam verilməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında izahat verən X4 10 fevral 2025-ci il tarixdə X8 Xidmətinin əməkdaşı inspektor Seyidov Alpay tərəfindən ona inzibati cərimə tətbiq edildiyini, cərimənin əsasının avtomobilin konstruksiyasında dəyişiklik edilməsi olduğunu, bu halın olmadığını, maşınının “dumannı” faralarında dəyişiklik etdiyinin bildirildiyini, nəqliyyat vasitəsinin 2017-ci ildə istehsalının dayandırıldığını, Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununa 1 saylı əlavəsinin 3-cü bəndində istehsaldan çıxarılmış nəqliyyat vasitələrində başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının qurulmasına yol verildiyi göstərildiyini, bu hadisədən 6-7 ay qabaq avtobolinin saxlandığını, həmin zaman işıqların “kustar” üsulla düzəldildiyini, bu barədə ona xəbərdarlıq edildiyini, daha sonra ustaya gedərək düz bucaq altında işıq salınaraq qanuni şəkildə faraları quraşdırdığını, işıqların rəsmi servisdə quraşdırılmadığını, buna görə də rəsmi sənədin olmadığını, lakin ustanın həmin işıq cihazını istifadə edə biləcəyini bildirdiyini, tərtib olunan protokolla razılaşmadığını, protokolu imzalamaqdan imtina etdiyini, buna baxmayaraq qərar qəbul edilərək ona təqdim edildiyini, cərimənin magistral yoldan kənarda yazıldığını, işıq cihazını qanuni olaraq aldığını, avtomobil istehsal edən zavodda həmin ehtiyyat hissəsinin olmadığını göstərərək, məhkəmədən qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə protokol tərtib edən orqana rəsmi qaydada məlumat verilsə də məhkəmə iclasında nümayəndəsi iştirak etməmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Yol Patrul Xidmətinin baş inspektoru X6 tərəfindən tərtib olunan 16 dekabr 2024-cü il tarixli, ******* nömrəli qərardan görünür ki, barəsində 10 fevral 2025-ci il tarixli, İXP seriyalı ******* saylı protokol tərtib edilmiş və həmin protokol əsasında xx.xx.2025-ci il tarixli, MN-7041919 nömrəli qərar qəbul edilmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli X2 İXM-nin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Naxçıvan Muxtar Respublikası Yol Patrul Xidmətinin baş inspektoru X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı qərarı ləğv edilməli, işə yenidən baxılması Naxçıvan Muxtar Respublikası X10 İdarəsinə tapşırılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 124.2. İnzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4. İnzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 126.1. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 126.2. Yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. 126.3. Bu Məcəllənin 126.2-ci maddəsində nəzərdə tutulmuş qərarlar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Qanunvericiliyin məzmunu ilə müəyyən edildiyi kimi, inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərkən, onun tərəfindən inzibati xəta haqqında işin başlanmasına əsaslar müəyyən edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda inzibati xəta haqqında protokol tərtib edən səlahiyyətli vəzifəli şəxs tərəfindən protokola baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qərar qəbul edilr, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs həmin qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Göründüyü kimi qanunverilcilik yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara dair işlər üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsini təsbit etmişdir. Hazırki iş üzrə müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs T.Həmzəlinin xx.xx.2025-ci il tarixdə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razılaşmadığı halda onun barəsində heç bir araşdırılma aparılmadan xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, Naxçıvan Muxtar Respublikası Yol Patrul Xidmətinin baş inspektoru X6 tərəfindən işin düzgün həlli üçün mühüm əhəmiyyə kəsb edən bütün faktiki hallar, yəni pozuntunun nədən ibarət olunması ilə bağlı araşdırma aparmadan, qəbul edilmiş qərarda inzibati xətanın konkret olaraq nədən ibarət olması qeyd göstərmədən T.Həmzəlinin barəsində inzibati protokol tərtib etmişdir. Bundan başqa Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsinin dispozisiyasında qeyd edilmiş halların, yəni hansl normativ tələblər pozulmasını müəyyən etməkdən müvafiq mütəxəssis rəyi alınmadan X4 barəsində inzibati qərar qəbl edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qanunvericiliyin məzmunu ilə müəyyən edildiyi kimi, inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərkən, onun tərəfindən inzibati xəta haqqında işin başlanmasına əsaslar müəyyən edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərini göstərən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, inzibati orqan heç bir araşdırma aparmadan X4 barəsində xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı nzibati tənbeh vermə haqqında qərar qəbul edərək onun hüquqlarını pozmuşdur. İXM-nin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X4 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X4 tərəfindən heç bir inzibati xətanın törədilməsi ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, Naxçıvan Muxtar Respublikası Yol Patrul Xidmətinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X2 İXM-nin 342.2.2-ci maddəsi ilə cərimə olunmasına dair xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işə yenidən baxılması Naxçıvan Muxtar Respublikası X10 İdarəsinə tapşırılmalıdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. Naxçıvan Muxtar Respublikası Yol Patrul Xidmətinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X2 İXM-nin 342.2.2-ci maddəsi ilə cərimə olunmasına dair xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X10 İdarəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №3(090)-8/2025
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərar — İş №3(090)-8/2025
20.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver