Məhkəmə qərarları › İş №3(094)-177/2025

Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-177/2025

06.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-177/2025 06.01.2026 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X12 Adil oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi ilə, SHXÇDX-nin Xəzər rayon idarəsinin səlahiyyətli nümayəndəsi leytenant X6 iştirakı ilə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin ******* nömrəli, 05 noyabr 2025-ci tarixli qərarından X7 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin ******* nömrəli, 05 noyabr 2025-ci tarixli qərarının ləğv olunması və barəsində olan inzibati icraata xitam verilməsinə dair qərar verilməsini xahiş etmişdir. Şikayətçi öz şikayətini onunla əsaslandırmışdır ki, X5 Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsi tərəfindən 05 noyabr 2025-ci il tarixində ******* nömrəli qərar ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi ilə 300 manat məbləğində inzibati cərimə tətbiq olunmuşdur. Zinçenko Ruslan əvvəllər ali təhsil alması və kəllə-beyin travması ilə bağlı səhhətində olan problemləri ilə bağlı hərbi xidməti keçməyindən rəsmən möhlətlər əldə etmişdir. Möhlət ərzində narkotikə alüdələnmiş və bununla bağlı Hepatit C xəstəliyinə yoluxmuşdur. Bundan əlavə “demodeks” adlanan Ruslanın üzündə dəri infeksiyası mövcuddur. Hal-hazırda Ruslan narkomaniya asılılığından reabilitasiya mərkəzlərindən birində müalicə alır. Bu barədə (reabilitasiya mərkəzində müalicə alması) Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinə məlumat verilmiş, lakin onun bu vəziyyəti üzürlü səbəb kimi cavabdeh tərəfindən nəzərə alınmamışdır. Ruslan SHXÇDX-nın Xəzər Rayon İdarəsinə gəlməkdən yayınmamış, möhlət bitdiyindən sonra özü bir neçə dəfə ora gəlmiş, lakin onu həmin qurumun əməkdaşları xəstəlikləri ilə bağlı olmayan digər müayinələrə ancaq göndərirdi və o, öz xəstəlikləri ilə bağlı müayinədən keçmək istədiyində təkid etdikdə onlar onu bir neçə dəfə buraxırdılar və onu sonra çağıraçaqlarını ona bildirirdilər. Bundan sonra heç kim onu həmin təşkilatdan çağırmamış və onu çağırdığı barədə cavabdeh Ruslana hər-hansı sübutu təqdim etməmişdir. Hal-hazırda Ruslan SHXÇDX-nın Xəzər Rayon İdarəsindən tibbi müayinəyə cəlb olunsa da onda olan xəstəliklərə görə (əsasən Hepatit C xəstəliyi) çox yüksək ehtimal ilə o, hərbi xidmətdən azad olunacaq. Məhkəmənin diqqətinə onu da çatdırıram, sözügedən İnzibati Xəta haqqında Protokol və Qərar çox səliqəsiz tərtib olunmuş, nə Qərarda nə də Protokolda qurumun möhürü vurulmamışdır. Odur ki, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin ******* nömrəli, 05 Noyabr 2025-ci il tarixli qərarını tam əsassız olduğundan ləğv edilməsini, cərimənin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət verən şəxs və onun nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Keçirilmiş məhkəmə iclaslarında iştirak edən şikayət verən şəxsin nümayəndəsi Nümayəndə şikayətin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən SHXÇDX-nin Xəzər rayon idarəsinin səlahiyyətli nümayəndəsi leytenant X8 şikayəti etiraf etmədi. Şikayətin təmin olunmamasını xahiş etdi. Verilən suallara cavab olaraq bildirdi ki, çağırışla bağlı bildirişin və sms bildirişin X5 çatması ilə bağlı heç sübut təqdim edə bilmir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən şikayət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin ******* nömrəli, 05 noyabr 2025-ci tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə olunmuşdur. İş materiallarına əlavə olunmuş MN seriyalı ******* saylı protokolun surətinən görünür ki, X7 təkrar-tibbi müayinədən yayınır. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış 46-C-25 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş “Həyata Qayıdış” Reabilitasiya Mərkəzinin arayışının surətindən görünür ki, X7 xx.xx.2025-ci il tarixdən etibarən “Həyata Qayıdış” Reabilitasiya Mərkəzində asılılıq sindromundan müalicə alır. Müalicə xx.xx.2025-ci ilə qədər stasionar şəraitdə davam etməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X7 CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli müqavilənin surətindən görünür ki, X2 “Həyata Qayıdış” Reabilitasiya Mərkəzi arasında müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. İnzibati məsuliyyətin yaranmasının əsasını həmin Məcəllənin xüsusi hissəsindəki inzibati məsuliyyəti və onun tətbiqini müəyyənləşdirən maddi hüquq normaları təşkil edir. Qeyd edilməlidir ki, maddihüquq normalarının reallaşdırılması ilə bağlı inzibati prossesual fəaliyyətin tənzimlənməsi də İXM-ə xas olan xarakterik xüsusiyyətlərdən biridir. Bu baxımdan həmin Məcəllənin funksional fəalliyyətinin təmini üçün onun həm maddi, həm də prossesual (formal) normaları arasında sistemli hüquqi vəhdətin, məntiqliyin, aydınlığın mövcud olması mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Azərbaycan Respublikası İXM-nin 606.3-cü maddəsinə əsasən çağırışçıların və hərbi vəzifəlilərin bu Məcəllənin 604-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, qanunla nəzərdə tutulmuş hallarda həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Həmin Məcəllənin 75-ci maddəsinə görə inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X7 Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin 05 noyabr 2025-ci il tarixində ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında X3 çağırılması ilə bağlı təqdim edilmiş göndərişlərdə (Forma N- 9) onun hansı tarixə çağırılması öz əksini tapmamış, bundan başqa göndərişlər imzalanmamışdır. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxsin nümayəndəsi verilən suallara cavab olaraq bildirdi ki, çağırışla bağlı bildirişin və sms bildirişin X5 çatması ilə bağlı heç sübut təqdim edə bilmir. Bundan başqa, müəyyən edilmişdir ki, X7 narkotik aludəçisi olduğundan Reabilitasiya Mərkəzində müalicə almış. Müalicə alması səbəbindən SHXÇDX-nin Xəzər rayon idarəsinin təkrar tibbi müayinədən keçməsi ilə bağlı çağırışına gedə bilməmişdir. X10 təkrar tibbi müayinə üçün çağırışdan yayınması onun qəsdi ilə əhatə olunmamışdır. Odur ki, iş üzrə X4 çağırışlara, tibbi müayinəyə getməməsi faktı öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, aşkar edilmiş hallar kifayət qədər olmamış, əldə olunan məlumatlarda Zinçenko Ruslan əməlində inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatın başlanılması üçün kifayət qədər əsasların olması səlahiyyətli vəzifəli şəxs tərəfindən tam yoxlanılmamış, X1 təqsiri İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 tərəfindən Azərbaycan Respublikası İXM-nin 606.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İXMnin 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin ******* nömrəli, 05 noyabr 2025-ci tarixli «İnzibati tənbeh vermə haqqında» qərarı ləğv edilməli, X9 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə başlanmış icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 99, 134, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şikayət təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin ******* nömrəli, 05 noyabr 2025-ci tarixli tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün muddətinə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və və protesti verilə bilər. Sədrlik edən Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar