Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-19/2024 05.06.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi, Cabbarova Jalə Surxay qızının katibliyi, Pirallahı Rayon İcra Şöbəsinin icra məmuru Məmməd Müsəllimovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Pirallahı rayon İcra Şöbəsindən daxil olmuş materiala baxaraq m ü ə y y ə n e t d i: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Pirallahı Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında Pirallahı rayon İcra Şöbəsinin icra məmuru Məmməd Müsəllimov göstərdi ki, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-100/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədinə əsasən Şəxs 3765,0 manat pul vəsaiti alınaraq iddiaçı Vəliyev Vəzir Vəkil oğluna verilməlidir. Tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmiş, buna baxmayaraq o, tələbi icra etməmişdir. Borclu əvvəllər işləyirdi, onun iş yeri məktub göndərilmişdi. Sonradan tələbkar bildirdi ki, borcdan heç bir ödəniş olunmur. Bu barədə sorğu etdikdə öyrənmişdir ki, borclu işə getmir və işdən çıxarılacaqdır. Borclu hal-hazırda işsizdir, borcundan heç bir ödəniş etmir. Qeyd etdiklərinin nəzərə alınaraq inzibati protokolun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, heç yerdə işləmir, himayəsində azyaşlı uşağı var. Anası əlildir uşağa baxa bilmir. Uşağın atası fərdi əməklə məşğuldur, az qazanır. Əvvəllər işləyirdi, bank borcu və digər borcları var idi, əmək haqqından tutulmalar edilirdi. Həmin borclarını bağladı. Bu iş üzrə də tələbkarla danışıqlar aparır, borcunu qaytaracaq. Qeyd etdiklərinin nəzərə alınaraq barəsində inzibati tənbeh tədbiri tətbiq edilməməsini xahiş etdi. Bundan əlavə, Şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda məhkəmə iclasında hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı yoxdur, bu onun maddi vəziyyəti ilə əlaqədar deyildir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə iclasında işin araşdırılmış hallarından, iş materiallarından və işdə iştirak edən şəxlərin izahatlarından müəyyən olunur ki, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-100/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 3765,0 manat və iş üzrə iddiaçı tərəfindən ödənilmiş 57,6 manat dövlət rüsumu alınaraq Vəliyev Vəzir Vəkil oğluna ödənilməlidir. Daha sonra borclunun adına hər hansı bir əmlakın və banklarda borlcunun adına hər hansı bank hesabının olub-olmaması barədə sorğular verilsə də adına heç bir əmlak və bank hesabı mövcud olmamışdır. Bundan başqa borclu haqqında elektron məlumat sistemindən də görünür ki, onun adına heç bir əmlak yoxdur. Məhkəmə, iş üzrə müəyyən olunmuş halları nəzərə alaraq qeyd edir ki, Şəxs əməlində (hərəkət və ya hərəkətsizliyində) İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud deyil. Belə ki, Şəxs borc məbləğinin ödənilməsi üçün maddi imkanlarının yetərsizliyi nəticəsində icra sənədinin icrası baş tutmamışdır. Bu inzibati işin məhkəmə iclasında araşdırılmış hallarından da müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı halda Şəxs əməlində inzibati xəta tərkibinin olması halı müəyyən edilmədiyindən, onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Pirallahı Payon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X2
Məhkəmə qərarları › İş №3(094)-19/2024
Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-19/2024
05.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver